Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1014/2022 28.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən 0.20 ha torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən 0.20 ha torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xx.xx.2006-cı il tarixli müqavilə əsasında JN-022B kod 40711048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş 0.20 ha torpaq sahəsini X2 almışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasına baxmayaraq, torpaq sahəsinin plan-ölçü sənədi tərtib edilməmişdir. İddiaçı, müvafiq torpaq sahəsinə dair planölçü sənədinin hazırlanması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan torpaq sahəsinin sənədlərdəki məkan göstəriciləri ilə faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluğun mövcud olmasını və torpaq sahəsinin başqa vətəndaşa məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu sözgedən torpaq sahəsinin xüsusi mülkiyyətində olması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən əraidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. JN-22B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə elektron baza məlumatlarında öz əksini tapmamışdır. Elektron baza məlumatlarında JN-22B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə JN- 22AF nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə üst-üstə düşür. JN- 22AF nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə Ərazi İdarəsinin arxiv materiallarında mövcud deyil. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, JN-22AF nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə elektron bazada torpaq sahəsiin əvvəlki mülkiyyətçilərin adınadır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-022B Kod 40711048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 46 saylı qərarı ilə X3 və X4 həyətyanı məqsədilə 0.20 ha torpaq sahəsi verilmişdir. - xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, X3 JN-022B kod 40711048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş 0.20 ha torpaq sahəsini iddiaçıya satmışdır. - Seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən 0.2 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İşin hallarından göründüyü kimi JN-22B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0.20 ha torpaq sahəsi İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 46 saylı qərarı ilə X3 və X4 ayrılmışdır. Sözgedən torpaq sahəsi əvəzsiz olaraq Yaqub Əbilovun və İntizar Əbilovanın mülkiyyətinə verilməklə bərabər, həmin torpaq sahələrinin onların mülkiyyətinə hansı ölçüdə verilməsi məsələsi də tərtib edilmiş JN-22B nömrəli Şəhadətnamədə öz əksini tapmışdır. Qanunverici müəyyən etmişdir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və həmin torpaq sahəsinə dair məlumatların kompleks yerquruluşu xəritəsində qeyd edilibedilməməsindən asılı olmayaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassızdır və JN-22B nömrəli Şəhadətnamədənin elektron baza məlumatlarında öz əksini tapmaması texniki məsələ olub, iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən həll edilməlidir. Digər tərəfdən cavabdeh bildirir ki, JN-22B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, JN-22AF nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə üst-üstə düşür. JN-22AF nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə Ərazi İdarəsinin arxiv materiallarında mövcud deyil və həmin şəhadətnamə də torpaq sahəsinin əvəlki mülkiyyətçilərinin adınadır. Belə olan halda arxiv nüsxəsi mövcud olmayan və sadəcə elektron baza məlumatlarında qeyd edilmiş JN-22AF nömrəli Şəhadətnamənin mövcudluğuna istinad edərək, sözgedən torpaq sahəsinə plan-ölçü sənədinin tərtib edilməməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. JN-22B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin isə arxiv nüsxəsi mövcuddur və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 13.11-ci maddəsinin tələbləri baxımından elektron baza məlumatlarına münasibətdə daha mötəbər sayılır. Odur ki, JN-22B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş ölçülər əsas götürülməklə torpaq sahəsinin plan-ölçüsü sənədi tərtib edilməlidir. Beləliklə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından, Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verildiyindən və həmin Şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan, iddiaçı müvafiq şəhadətnamə əsasında əldə etdiyi 0.20 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Göründüyü kimi, cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. İddiaçı mülkiyyətində olan, İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən 0.20 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.