Məhkəmə qərarları › İş №2-1(116)-1014/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1014/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1014/2025 02.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X20 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan iddiaçı – İddiaçı (yaşayış yeri: Qəbələ rayonu, Vəndam qəsəbəsi) cavabdeh – Qəbələ rayon qeydiyyat şöbəsinə (yerləşdiyi yer: Qəbələ şəhəri, H.Əliyev prospekti 281) qarşı «doğum haqqında akt qeydində dəyişiklik edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı xx xxxx 1961-ci il tarixdə Qəbələ rayonunun Vəndam kəndində doğulmuşdur və onun doğumu haqqında 10 avqust 1961-ci il tarixdə 172 nömrəli doğum akt qeydi aparılmışdır. Doğum akt qeydində onun adı “Qalib”, anasının ata adı isə “Vələmməd” kimi göstərilmişdir. İddiaçı ərizə ilə Qəbələ rayon qeydiyyat şöbəsinə müraciət edərək, onun doğumu haqqında Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyində tərtib edilmiş 172 nömrəli 10 avqust 1961-ci il tarixli doğum akt qeydində adının “Alib”dən “Qalib”ə, anasının ata adının “Vələmməd”dən “İsmi”yə dəyişdirilməsini xahiş etmişdir. Qəbələ rayon qeydiyyat şöbəsi məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinə qarşı «doğum haqqında akt qeydində dəyişiklik edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddiasını belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), onun doğumu haqqında 10 avqust 1961-ci il tarixli akt qeydində adı “Qalib”, anasının ata adı isə “Vələmməd” kimi göstərilmişdir. O, akt qeydində müvafiq düzəliş edilməsi ilə bağlı cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinə müraciət etsə də, qurum tərəfindən həmin məsələnin həllindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi ona tövsiyə olunmuşdur. Onun adının akt qeydində “Qalib” kimi göstərilməsinə baxmayaraq, tanıyanlar onu “Alib” kimi adlandırırlar. Anasının ölümü haqqında akt qeydində ananın ata adı isə, “İsmi” kimi qeyd olunmuşdur. Göstərilənlərə əsaslanaraq, onun (iddiaçının) doğumu haqqında 172 nömrəli 10 avqust 1961-ci il tarixli akt qeydində adın “Qalib” kimi, ana haqqında məlumat qrafasında ananın ata adının “Vələmməd” kimi qeyd edilməsinə dair qeydlərin düzgün olmamasının müəyyən edilməsi və doğum haqqında akt qeydində adın “Qalib”dən “Alib”ə, ana haqqında məlumat qrafasında ananın ata adının “Vələmməd”dən “İsmi”yə dəyişdirilməsi öhdəliyinin cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsi iddiaçının doğumu haqqında akt qeydində müvafiq dəyişikliklər olunmasına etiraz etməsə də (10 sentyabr 2024-cü il tarixli məktubla), verdiyi imtinanı belə əsaslandırır ki (13 iyul 2024-cü il tarixli məktubla), Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»a görə vətəndaşlıq vəziyyəti aktlarının qeydlərindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda mümkündür. 10 avqust 1961-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbə İ.Ə.N tərəfindən tərtib edilmiş 172 nömrəli doğum akt qeydini nəzərdən keçirərkən uşaq haqqında məlumat qrafasında adı “Qalib”, ana haqqında məlumat qrafasında ananın ata adı “Vələmməd” yazılmışdır. Həmçinin onun (ərizəçinin) təqdim etdiyi 10 avqust 1961-ci il tarixli İİ-İE 090736 nömrəli doğum haqqında şəhadətnamədə uşaq və ana qrafalarında adlar qaralanmışdır. Doğum haqqında akt qeydi ilkin sənəd olduğundan, adın “Qalib”ə, ananın ata adının “İsmi”yə düzəliş edilməsi mümkün deyildir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlansa da, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qəbələ rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Qəbələ rayon qeydiyyat şöbəsi Qəbələ şəhəri, H.Əliyev prospekti 281 ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyinin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinin iddiaçının doğumu haqqında akt qeydində dəyişiklik edilməsindən imtinası “adın dəyişdirilməsi” hissəsində qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Nazirlər Kabinetinin 1 mart 2003-cü il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas Müddəaların 10-cu bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi akt qeydinin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. İş materiallarında olan Qəbələ rayon Vəndam kənd İ.Ə.N tərəfindən verilmiş 10 may 2004-cü il tarixli AZ-İ 059527 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 9 may 2004-cü il tarixdə Qəbələ rayonunun Vəndam kəndində ölmüşdür. İş materiallarında olan Qəbələ “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/7-Ə-5xx-xx/2024 nömrəli 29 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyində X8 ilə X2 arasında 6 sentyabr 1959-cu il tarixdə nikah haqqında 26 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarından görünür ki, xx xxxx 1961-ci il tarixdə Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulmuş İddiaçı AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” verilmişdir. İş materiallarında olan Qəbələ rayon qeydiyyat şöbəsinin Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 30 oktyabr 2024-cü il tarixli məktubunda bildirilir ki, şöbənin arxiv məlumatları 1948-ci ilədək saxlanılmır. X8 ilə X1 birgə nikahından doğulmuş uşaqlar barədə məlumat aşağıdakı kimidir: X10 – xx.xx.1961, X6 – xx.xx.1962, X15 – xx.xx.1965, X11 – xx.xx.1967, X12 – xx.xx.1968, X4 – xx.xx.1970, X7 – xx.xx.1973. İş materiallarından görünür ki, Vəndam kənd soveti tərəfindən xx xxxx 1961-ci il tarixdə həmin kənddə doğulmuş X5 doğumu haqqında 182 nömrəli 10 avqust 1961-ci il tarixli akt qeydi tərtib olunmuşdur. Akt qeydinin ana haqqında məlumat qrafasında ananın ata adı “Vələmməd” qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət X9 Məhkəməsinə daxil olmuş 13 mart 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Notariat və vətəndaşlıq vəziyyəti idarəsi arxiv fondunda mühafizə edilən 1940-cı ilə dair Qəbələ (Qutqaşen) rayonu Vəndam icra nümayəndəliyi üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitabında X1 təvəllüdü haqqında heç bir məlumat göstərilməmişdir. İş materiallarında olan Qəbələ Rayon Dövlət X14 Məhkəməsinə ünvanlanmış 5 mart 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, məhkəmənin müvafiq sorğusunda qeyd edilən Kərimova (nikahdan sonra Əliyeva) Havaxanım İsmi qızının doğumu haqqında akt qeydi aşkarlanmamışdır. Hazırkı mübahisəli vəziyyətlə bağlı məhkəmə qeyd edir ki, X5 xx xxxx 1961-ci il tarixdə Qəbələ rayonunun Vəndam kəndində doğulması barədə 182 nömrəli akt qeydi tərtib olunmuşdur. Lakin aidiyyəti qurumdan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”ndə iddiaçının adı İddiaçı kimi yazılmışdır. Vətəndaşlıq vəziyyəti qeydiyyatının aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Məhkəmə vurğulayır ki, hazırkı iş üzrə iddiaçının doğum haqqında akt qeydi ilə ona məxsus digər sənədlərdəki məlumatlar arasında fərq mövcuddur. Bu baxımdan iddiaçının barəsində verilmiş şəxsiyyət vəsiqəsinə münasibətdə etimad hüququ yaranmışdır. Digər tərəfdən də, belə hal vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsi üçün “kifayət qədər əsas” şərti ilə uzlaşır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). İddiaçı adına verilmiş şəxsiyyət vəsiqəsində adı “Alib” kimi yazılmış, o, uzun illər ərzində müəyyən sənədlərdə və ictimai həyatında həmin ad altında fəaliyyət göstərmişdir. Bu vəziyyətdə iddiaçının etimad hüququnun, o cümlədən şəxsin həyatının hüquqi olaraq stabil və dəyişməz qalması prinsipinin qorunması vacibdir. İddiaçının uzun illər ərzində adının şəxsiyyət vəqisəində “Alib” kimi qeyd olunması bu sənədin və digərlərinin davamlı və etibarlı olduğunu göstərir. Buna görə də cavabdeh orqanın adın dəyişdirilməsindən imtinası iddiaçının hüquqlarının müdafiəsi, şəxsin həyatının hüquqi olaraq sabit və dəyişməz qalması prinsipinin qorunması baxımından qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bundan başqa, iddiaçı 18 yaşı tamam olmuş şəxs kimi öz adını dəyişdirmək hüququna da malikdir və bu vaxtadək onun bu hüquqdan istifadə etməsi halı hazırkı icraatda müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddiaçı ilkin doğum akt qeydində adının sonrakı sənədlərə uyğun olaraq dəyişiklik (düzəliş) edilməsi barədə müraciət etməkdə haqlı olmuşdur. İddiadakı digər tələbə, yəni doğum akt qeydinin ana haqqında məlumat qrafasında ananın ata adının dəyişdirilməsinə gəldikdə isə, məhkəmə icraatında bununla bağlı yetərli əsaslar müəyyən edilmədiyindən, məhkəmə tələbi həmin hissədə əsaslı saymır. Məhkəmə həmçinin diqqətə çəkir ki, iddia ərizəsində tələbin qeydiyyatın düzgün aparılmamasının müəyyən edilməsi və müvafiq öhdəliyin qoyulması İPM-in 13 və 52-ci maddələrinin tələbləri də nəzərə alınmaqla bütövlükdə öhdəliyin icrası haqqında iddia kimi qəbul olunur. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının doğumu haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında düzəliş edilməsindən imtina etməkdə cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsi haqlı olmamışdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Qəbələ rayonu Vəndam qəsəbə İ.Ə.N tərəfindən tərtib edilmiş 172 saylı 10 avqust 1961-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adın “Qalib”dən “Alib”ə dəyişiklik edilməsi öhdəliyi cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 58.7, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilir. Qəbələ rayonu Vəndam qəsəbə İ.Ə.N tərəfindən tərtib edilmiş 172 saylı 10 avqust 1961-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adın “Qalib”dən “Alib”ə dəyişiklik edilməsi öhdəliyi cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinin üzərinə qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X22

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar