Məhkəmə qərarları › İş №2-1(116)-1016/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1016/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1016/2023 30.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Yevlax rayon Xaldan Bələdiyyəsinə qarşı “Yevlax rayon Quşçu kəndində yerləşən yarımçıq tikilinin və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Yevlax rayon Xaldan Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax rayonu Quşçu kəndində yerləşən Xaldan bələdiyyəsinin mülkiyyətində kompleks tikilinin yerləşdiyi məkanın-yarımçıq tikilinin və həmin tikilinin yerləşdiyi yararsız torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Yevlax rayon Quşçu kəndində yerləşən yarımçıq tikilinin və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Yevlax Rayon Məhkəməsinin 03 sentyabr 2001-ci il tarixli 2-161/2001 saylı qətnaməsinə əsasən Yevlax rayon Quşçu kəndində yerləşən Xaldan Bələdiyyəsinin nəzarətində olan kompleks tikilinin satılarsa əldə olunan məbləğin 4 166 800 manat, yaxud sökülərsə həmin məbləğdə materialın iddiaçı X3 verilməsi qət edilmişdir. İddiaçının atası X7 xx.xx.2014- cü il tarixdə vəfat etmişdir. İddiaçı atasının qanun üzrə yeganə vərəsəsidir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisindən əldə etdiyi 06 noyabr 2022- ci il tarixli 2237 nömrəli Arayışla təstiq olunur. Yuxarıda qeyd edilən məhkəmə qətnaməsinə əsasən qət edilmiş, Yevlax rayon Quşçu kəndində yerləşən Xaldan Bələdiyyəsinin nəzarətində olan kompleks tikili sökülmüşdür. İddiaçı X2 vərəsəsi olaraq Yevlax rayon Quşçu kəndində yerləşən Xaldan Bələdiyyəsinin nəzarətində olan kompleksin yerləşdiyi torpaq sahəsini Xaldan Bələdiyyəsindən tələb etmişdir. Belə ki, qəbul edilmiş hər bir qətnamə Azərbaycan Respublikası adından qəbul edilir və hər bir məhkəmə aktının icrası zəruridir. Hazırda kompleks qismən sökülmüşdür və məcburi köçkünlər kompleks avadanlıqlarını mənimsəmişlər, lakin buna baxmayaraq bütün hallarda onun maraqları təmin edilməlidir. Məhkəməyə müraciət etməmişdən öncə, hazırkı tələbimlə bağlı xx.xx.2022- ci il tarixdə Cavabdehnə müraciət etmiş, müraciəti xx.xx.2022-ci il tarixdə Xaldan Bələdiyyəsinə çatdırılmasına və bununla bağlı poçt xəbərnaməsi xx.xx.2022- ci il tarixdə ona qaytarılmasına baxmayaraq, hal-hazıradək müraciəti cavablandırılmamışdır. Cavadeh orqan iddia tələbinə qarşı münasibətini aşağıdakı kimi əsaslandırmışdır: - Yevla Rayon Məhkəməsinin 2-161 saylı 2001-ci il tarixli qətnaməsinə əsasən Quşçu kəndində yerləşən Xaldan Bələdiyyəsinin nəzarətində olan kompleks tikinti satılarsa əldə olunmuş məbləğin 4 166 800, yaxud sökülərsə həmin məbləğdə materialın iddiaçının mərhum atası X4 verilməsi nəzərdə tutulmuşdur. 2001-ci ildən Xaldan Bələdiyyəsinin nəzarətində olan, Quşçu kəndində yerləşən kompleks tikintisi hüquqi və fiziki şəxslərə satılmamış və yaxud sökülüb satılmamışdır. Bunun səbəbi həmin kompleksdə Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşdığından binalar qiymətləndirilməmiş nə də ki, hərraca çıxarılmamışdır. Kompleksdəki məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra kompleksdəki tikililər və həmin tikililərin yerləşdiyi torpaq sahəsi qiymətləndiriləcək və bələdiyyə tərəfindən satılması üçün hərraca çıxarılacaqdır. Sözügedən kompleks satılarsa əldə olunmuş vəsait 4 166 800 manatın iddiaçıya verilməsi təmin olunacaqdır. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi isə etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il 2237 nömrəli arayışdan görünür ki, Ş.Mirzəyev küçəsi, ev 71 ünvanında yaşamış, xx.xx.2014-cü il tarixdə vəfat etmiş atası İddiaçı qalmış mirasa vərəsəlik işi açılması üçün xx.xx.2022-ci il tarixdə Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və həmin tarixdə bununla bağlı V-524/2022 saylı vərəsəlik işi açılmışdır. X1 miras paydan imtina etmişdir. Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisində ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə və ünvan 2 qeyri-yaşayış binasına xx.xx.2022-ci il tarixdə mərhumun vərəsəsi oğlu- İddiaçı 2V-1398 və 2V-1399 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. Digər vərəsələrin olması barədə notariat ofisinə heç bir məlumat daxil olmamışdır. - Yevlax Rayon Məhkəməsinin 2-161-2001 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Yevlax rayon Quşçu kəndində yerləşən, Xaldan Bələdiyyəsinin nəzarətində olan kompleks tikili satılarsa əldə olunan məbləğin ******* (dörd milyon bir yüz. altmış altı min səkkiz yüz) manatı, yaxud sökülərsə həmin məbləğdə materialın iddiaçı X3 verilməsi qərara alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddia tələbində qeyd edilən, Yevlax rayon Quşçu kəndində yerləşən yarımçıq tikililər naturada mövcuddur, tikililərin yerləşdiyi və əhatə etdiyi torpaq sahəsi 1,60 hektardır. Elektron məlumat bazasında mövcud olan Xaldan bələdiyyəsinin DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) məlumatlarında və "X5 Uçotu İnformasiya sistemi”ndəki xəritəsinə əsasən İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, islahat uqodiyası ictimai tikililərin ərazisi (təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar), mülkiyyətçisi Yevlax rayonu, Xaldan bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi tikililərin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Əsaslandırma hissəsi: İddiaçının nail olmadığı hüquqi nəticəyə uyğun olaraq cavabdeh tərəfindən qəbul edilməsi tələb edilən qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Lakin, iddia əsassızdır. Tətbiq edilən hüquq. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Yevlax Rayon Məhkəməsinin 2-161-2001 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsində qeyd edilmiş Yevlax rayon Quşçu kəndində yerləşən, Xaldan Bələdiyyəsinin nəzarətində olan kompleks tikilinin və onun yerləşdiyi 1.60 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə cavabdeh orqan tərəfindən müvafiq qərarın qəbul edilməsinə nail olmaqdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən istinad olunan Yevlax Rayon Məhkəməsinin 2-161-2001 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsində iddia olunan qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının atasına verilməsi nəzərdə tutulmamışdır. Belə ki, əgər həmin qətnamədə bununla bağlı müvafiq qeyd olduğu halda ümumiyyətlə hazırkı cavabdeh tərəfindən əlavə olaraq hər hansı qərarın qəbul edilməsinə ehtiyac da qalmazdı. Hər bir halda məhkəmə sözügedən qətnaməni iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququnun mövcudluğu, qeyri-yaşayış binasının cavabdehin nəzarətində olması və iddianın düzgün cavabdehə qarşı yönəlməsi baxımından iş üzrə sübut olaraq qəbul etmişdir. Məhkəmə tərəfindən iddia olunan tikili və yerləşdiyi torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı mütəxəssis rəyi alınmış, müəyyən edilmişdir ki, iddia tələbində qeyd edilən, Yevlax rayon Quşçu kəndində yerləşən yarımçıq tikililər naturada mövcuddur, tikililərin yerləşdiyi və əhatə etdiyi torpaq sahəsi 1,60 hektardır. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, mülkiyyətçisi Yevlax rayonu, Xaldan bələdiyyəsidir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun qüvvəyə mindiyi günədək hər hansı hüquqi əsas olmadan fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpağının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Yəni torpaq sahəsindən istifadə edən şəxsin ümumiyyətlə hər hansı hüquq müəyyənedici sənədi olmadığı, torpaq sahəsi zəbt edildiyi və zəbt etmə Qanun qüvvəyə minənədək baş verdiyi halda mübahisəyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi tətbiq ediləcəkdir. Cavabdeh orqan iddia tələbinə münasibətində iddia olunan tikilidə Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşdığını bildirir. Yəni, faktiki olaraq iddia olunan tikili və onun yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsində deyil. Odur ki, sözügedən torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.3-cü maddəsi anlamında fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağı kimi nəzərdən keçirilə bilməz. Digər tərəfdən sözügedən torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsi anlamında da torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsi kimi qiymətləndirilə bilməz. Belə ki, Qanunun bu normasına görə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasıdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində yerləşən tikilinin Yevlax Rayon Məhkəməsinin 2-161-2001 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsi ilə mərhum atasına verildiyini bildirsə də, sözügedən qətnamədə bununla bağlı hər hansı qeyd mövcud deyil. Yəni, iddia olunan torpaq sahəsi iddiaçının sənəddə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsi deyil. Odur ki, iddiaçının faktiki olaraq istifadə etmədiyi mübahisəli torpaq sahəsinin geri qaytarılmasının mümkünlüyü araşdırma predmeti olmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddia olunan tikilinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Yevlax rayon Xaldan Bələdiyyəsinə qarşı “Yevlax rayon Quşçu kəndində yerləşən yarımçıq tikilinin və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar