Məhkəmə qərarları › İş №2-1(116)-1016/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1016/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1016/2024 13.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 450.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 450 manat məbləğində siyahıya alınmış əmlakının (JN-0029 kod 40910058 Dövlət aktı əsasında 0.45 ha torpaq sahəsi) satılması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 450.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 450 manat məbləğində siyahıya alınmış əmlakının (JN-0029 kod 40910058 Dövlət aktı əsasında 0.45 ha torpaq sahəsi) satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan X1 Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə (bundan sonra: VM) müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də VM-in 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023 tarixə yaranan 50967.72 manat borcuna görə 450 manat məbləğində əmlakı(JN-0029 kod 40910058 Dövlət aktı əsasında 0.45 ha (45 sot) torpaq sahəsi) siyahıya alınmış və bu barədə xx.xx.2023 tarixli, **********2 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə VM-in 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 450.00 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. 1.İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023 -cü il tarixli qərar qəbul edilmişdir. 2.“Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cavabdehə məxsus (JN-0029 kod 40910058 Dövlət aktı əsasında 0.45 ha (45 sot) torpaq sahəsi) əmlak iddiaçı tərəfindən siyahıya alınmışdır. 3.“Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanılması üçün cavabdehə təhvil verilmişdir. Əsaslandırma hissəsi : Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə ilk növbədə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlük şərtlərinə cavab vermədiyinə dair iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu göndərilmişdir. İddiaçı yardıma münasibət bildirməmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli protokolda siyahıya alınmış əmlakın JN-0029 kod 40910058 Dövlət aktı əsasında 0.45 ha (45 sot) torpaq sahəsindən ibarət olduğu göstərilmişdir. İş materiallarında görünür ki, 3.23 ha torpaq sahəsinin Cavabdeh və ailə üzvlərinin, cəmi altı şəxsin ümumbirgə mülkiyyətindədir. Göründüyü kimi cavabdehin həmin torpaq sahəsinin hansı hissəsinə mülkiyyət hüququ müəyyən edilməmişdir. İddiaçının torpaq sahəsinin 0,45 ha hissəsini hansı qaydada siyahıya aldığı, naturada yerini müəyyənləşdirdiyi, habelə həmin torpaq sahəsinin siyahıya alınmış 0,45 ha hissəsinin cavabdehə məxsusluğunu necə müəyyənləşdirdiyi ilə bağlı məsələlər qeyri-müəyyəndir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin normanın tələbləri baxımdan iddiaçı payın müəyyən olunması üçün əmlakın yerləşdiyi yerin rayon məhkəməsinə müraciət etmək hüququna malikdir. Hazırkı iş üzrə cavabdehə məxsus hansı torpaq sahəsinin siyahıya alındığı müəyyən olunmadığıdan, cavabdehin həmin torpaq sahəsində payı naturada ayrılmadığından həmin əmlakın müvafiq qaydada satışının təşkili mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 450 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 450 manat məbləğində siyahıya alınmış əmlakının (JN-0029 kod 40910058 Dövlət aktı əsasında 0.45 ha torpaq sahəsi) satılması" tələbinə dair dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar