Məhkəmə qərarları › İş №2-1(116)-1017/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1017/2021

03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1017/2021 03.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Qax rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı “əlillik dərəcəsinin təyin edilməsi üçün pozulmuş Konstitusion hüquqların bərpası, bilərəkdən yol verilən qanun pozuntularının aradan qaldırılması tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdeh Qax rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlillik dərəcəsinin təyin edilməsi üçün pozulmuş Konstitusion hüquqların bərpası, bilərəkdən yol verilən qanun pozuntularının aradan qaldırılması tələbinə dair” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə 25.06.2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış, iddia ərizəsinin mümkünsüzlüyü izah edilmiş və yol verilmiş nöqsanların aradan qaldırılması təklif edilmişdir. Müvafiq yardım məktubu 07.07.2021-ci il tarixdə iddiaçıya poçt vasitəsilə təqdim edilməsinə baxmayaraq, ötən müddət ərzində iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmiş, nöqsanlar aradan qaldırılmamışdır. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Stasionar xəstənin tibbi kartasından çıxarış, - Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumat vərəqəsinin və Tibbi-Sosial Ekspert Komissiyasının 0238003AAE4X №-li göndərişə imtina cavabının surəti. Əsaslandırma hissəsi : İddiaçı cavabdeh Qax rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı “əlillik dərəcəsinin təyin edilməsi üçün pozulmuş Konstitusion hüquqların bərpası, bilərəkdən yol verilən qanun pozuntularının aradan qaldırılması tələbinə dair” iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş, Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, iddiaçıya Arnold-Kiari sindromu, C1-C7 fəqərələri səviyyəsində sirinqomieliya, əməliyyatda sonrakı hal, spastik tetraplegiya, spastik tetraperez diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş, Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumat vərəqəsindən və Tibbi-Sosial Ekspert Komissiyasının 0238003AAE4X №-li göndərişə imtina cavabından görünür ki, Qax rayon Mərkəzi Xəstəxanası PHŞ-in iddiaçı barəsində göndərişinə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən imtina cavabı verilmiş, imtinanın əsası olaraq – “dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, həkimin rəyi, xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətlərinin qeyd edilməməsi, həmçinin əlavə müalicəyə ehtiyacının olması, xəstənin hazırki vəziyyətini təsdiq edən stasionar müalicə qeyd edilməyib, əlavə müalicə təyin edilir” qeyd edilmişdir. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsinə nail olmaqdır. Bunun üçün isə cavabdeh inzibati orqan olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyd edilməli və iddiaçı “məcburetmə haqqında” iddia qaldırmalı idi. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İş materiallarında olan, Tibbi-Sosial Ekspert komissiyasının imtina cavabından görünür ki, həmin imtinanın əsası olaraq dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması və s. göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi "İnzibati icraat haqqında" Qanunun tələblərinə riayət edərək işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, əlavə sübutlara zərurət olduqda onları öz təşəbbüsü ilə toplamalı və bundan sonra əlilliyin müəyyən edilməsinə qiymət verməli idi. Yəni, göndərişin natamam və ya yanlış doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirmiş komissiyaya göndərilməsinə əsas verirdi. Buna görə də iddiaçı ona əlilliyin təyin edilməsindən imtina edilməsilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia qaldırmalıdır. İddiaçıya göndərilmiş hüquqi yardım məktubunda cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyd edilməsi, o cümlədən iddia ərizəsinin “xahiş edirəm” hissəsinin dəqiqləşdirilməsi, iddiaçının hüquqi marağına uyğun olan iddia növünün “məcburetmə haqqında” iddia növü olması, buna görə də, işə İPM-in 8.1.4-cü maddəsinə müvafiq olaraq cavabdehin yerləşdiyi yerin, məhkəməsi tərəfindən baxılmalı olması, iddia tələbinə cavab verməli inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi ünvanı Bakı şəhərində yerləşdiyindən, inzibati işin cavabdehin yerləşdiyi yer nəzərə alınmaqla, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməli olması izah edilmiş, iddia ərizəsində yol verilmiş nöqsanları aradan qaldırılmaqla bərabər işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi məsələsinə 10 gün müddətində yazılı şəkildə münasibət bildirməsi təklif olunmuşdur. Lakin, yuxarıda qeyd edildiyi kimi verilmiş müddət ərzində nöqsanlar aradan qaldırılmamış, məhkəmənin hüquqi mövqeyinə iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbində cavabdeh inzibati orqanı hüquqi marağına uyğun olaraq düzgün seçmədiyindən və arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə etmədiyindən iddia mümkün sayıla bilməz Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Qax rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı “əlillik dərəcəsinin təyin edilməsi üçün pozulmuş Konstitusion hüquqların bərpası, bilərəkdən yol verilən qanun pozuntularının aradan qaldırılması tələbinə dair” iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar