Məhkəmə qərarları › İş №2-1(116)-1019/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1019/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1019/2020 22.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X2, X5 və X3 Yevlax şəhəri Nizami Gəncəvi prospekti 165 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Yevlax şəhəri Nizami Gəncəvi prospekti 165 saylı evin mülkiyyətçisidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışı ilə Yevlax şəhəri Nizami Gəncəvi prospekti 165 saylı ev iddiaçının tam olaraq mülkiyyətindədir. Bundan əlavə onu qeyd etmək istəyir ki, onun evində qeydiyyatda olan hazırki şəxslər xx.xx.1981-ci il təvəllüdlü X1, xx.xx.1948-ci il təvəllüdlü X4 və xx.xx.1970-ci il təvəllüdlü X8 iddiaçıya məlum olmuyan səbəblərdən evinə qeydiyyata alınmışlar. Bu şəxsləri iddiaçı tanımır, onunla heç bir qohumluq münasibətləri yoxdur. Bu insanların kim tərəfindəm hansı məmur tərəfindən suni qaydada evinə qeydiyyata alınması iddiaçı üçün müəammalıdır. Onlar bu kimi özbaşınalıqları edərək xüsusi mülkiyyətdə olan əmlakın üzərinə naməlum şəxslərin adlarını qeyd edərək qanunsuzluq etmişlər. İddiaçı bu baxımdan Cavabdehnə ərizə ilə müraciət edərək onların evinə hansı səbəb və əsaslarla qeydiyyata düşdüyünü, kimin razılığı ilə bu işlərin görüldüyünü və həmin şəxslərin evindən dərhal çıxmasını istəmişdir. Cavabdeh tərəfindən isə onun evində olanların qeydiyyatdan çıxması ilə bağlı məhkəməyə müraciət etməyi bildirilmişlər. Bu baxımdanda əsassız və səbəbsiz olaraq evinə qeydiyyatda düşmüş X1, X4 və X3 məhkəmə qaydasında evindən qeydiyyatdan çıxarılmasını istəmişdir. Cavabdeh iddia qarşı münasibətində bildirmişdir ki, X2 xx.xx.2003-cü il tarixdən, X6 xx.xx.2007-ci il tarixdən, X7 xx.xx.2005-ci il tarixdən Yevlax şəhəri Nizami ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Siyahıda adları göstərilən şəxslərin şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin arxiv-saxlama müddəti bitdiyi üçün məfv edilmişdir. Bundan başqa, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında Azərbaycan Respublikasının xx xxxxxxxx 1998-ci il tarixli Qanununun 9 maddəsinin 5-ci bəndində göstərildiyi kimi (yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkün olması barədə İddiaçı rəsmi cavab verilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli 195- 7406Ə-3220 nömrəli imtina məktubu, DƏDRX-nin xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışın təsdiqlənmiş surəti, DƏDRX-nin 17 saylı X10 xx.xx.2020-ci il tarixli **********02 nömrəli məkubu, 3322A qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surəti, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli X15 Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 108 nömrəli məktubu, Cavabdeh xx.xx.2020-ci il tarixli 195-18175-1220 nömrəli imtina məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, Yevlax şəhər İH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi məktubla bildirmişdir ki, Yevlax şəhəri Nizami prospekti 165 saylı evdə qeydiyyatda olan X2, X5 və X7 göstərilən ünvanda yaşamadıqlarına və onların hansı ünvanda yaşamaları barədə nümayəndəlikdə məlumat olmadığı üçün məhkəmə sərəncamını və ona əlavə edilmiş sənədləri vətəndaşlara çatdırmaq mümkün olmamışdır. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan DƏDRX-nin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Yevlax şəhəri, Nizami Gəncəvi prospekti, ev 165 İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 3322A seriyalı qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Yevlax Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ondan ötrü ki, Yevlax şəhərində (rayonunda kənd, yaşayış, məntəqəsində) C.Əzizov küçəsində 33 nömrəli 1(bir) otaqdan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2004-cü ildə qeydə alınmış, 05 nömrəli reyestr kitabına yazılmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Əzizov Ə.P.Yevlax DTİ və MNQİ-nin xx.xx.2004-cü il tarixli 11/358 saylın arayışına və xx.xx.2004-cü il tarixli 3322 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi 450, kv.m yaşayış sahəsi 15,4 kv.m ümumi sahəsi 15,4 kv.m olan 1 (bir) otaqlı evdən ibarət yaşayış evi İddiaçı bağışlamışıdır. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə üçüncü şəxslər X2, X5 və X3İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, Nizami Gəncəvi prospekti 165 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar