Məhkəmə qərarları › İş №2-1(116)-102/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-102/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-102/2021 19.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun, Məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı cavabdeh Balakən Bələdiyyəsinə qarşı (üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx”MMC) ”mülkiyyətində olan ******* saylı çıxarışa əsasən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması və Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Balakən Bələdiyyəsinə qarşı (üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”mülkiyyətində olan ******* saylı çıxarışa əsasən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması və Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə JN-0098 saylı Dövlət Aktına əsasən 0.66 ha torpaq sahəsi Mahamalar kənd sakini X1 mülkiyyətinə verilmişdir. İddiaçı C.Dibirovdan torpaq sahəsini xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. İddiaçı torpaq sahəsindən istifadə etdiyi müddətdə sahəyə qonşular tərəfindən kənar müdaxilələr olmuşdur. İddiaçı istifadəsində olan torpaq sahəsinin dəqiqliklə hansı ərazidə yerləşməsini və qonşuları ilə aralarında yaranmış mübahisənin həlli üçün Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(019)-194/2020 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış və AA seriyalı 004251 nömrəli plan və ölçü sənədinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Mahamalar kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Balakən bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 98 nömrəli ərizəsindən müəyyən edilir ki, iddiaçının mülkiyyətindən müvəqqəti açılan yolun bağlanmasına bələdiyyə etiraz etmir. İş materiallarında olan xxxx MMC-nin xx.xx.2020-ci il tarixli arayışının surətində qeyd edilir ki, İddiaçı adına Seriya MA-0230196 seriyalı 06.07 2011-ci il tarixli DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 0.66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Çıxarışı hazırlanmışdır. Həmin Çıxarışın № AA004251 saylı torpaq sahəsinin Planı və Ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0.66 ha torpaq sahəsinin 0.0545 ha hissəsi Elektron Baza məlumatlarına görə ümumi istifadədə olan yola düşür. İddiaçı adına hazırlanmış Seriya MA ******* seriyalı Çıxarışın Planı və Ölçüsü sənədində torpaq sahəsi 0 66 hektar göstərilsə də, ancaq iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi Çıxarışın Planı və ölçüsü sənədində göstərilən cizgilərə uyğun olmayaraq naturada 0.6544 hektar təşkil edir. İddiaçının tələbi 2 hissədən ibarətdir. Birinci hissə “mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması” və ikinci hissə “Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması”. Tələbin birinci hissəi ilə bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi bələdiyyənin səlahiyyətinə aid deyil. Sərhədlərin müəyyən olunması üçün iddiaçı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməlidir. Tələbin birinci hissəsində qeyd olunan “maneələrin aradan qaldırılması” barədə qeyd olunmalıdır ki, iddiaçı ümumiyyətlə konkret kimlər tərəfindən hansı formada ona manelərin yaradıldığını qeyd etməmişdir. Tələbin ikinci hissəsi, yəni “Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən naturada istifadə etdiyi torpaq sahəsi ümumi istifadədə olan yola düşmür. AA004251 saylı torpaq sahəsinin Planı və Ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0.66 ha torpaq sahəsinin 0.0545 ha hissəsi Elektron Baza məlumatlarına görə ümumi istifadədə olan yola düşür. Göründüyü kimi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib olunarkən hər-hansı texniki xətaya yol verilmişdir ki, buna görə də bələdiyyə məsuliyyət daşımır. Məhkəmə qeyd edir ki, iddiaçı özünə məxsus torpaq sahəsinə dair texniki sənədlərdə müvafiq düzəliş edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət etməlidir. Müraciəti təmin olunmadığı təqdirdə isə o, müvafiq tələblə məhkəmədə iddia qaldıra bilər. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Balakən Bələdiyyəsinə qarşı (üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadatr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC) ”mülkiyyətində olan ******* saylı çıxarışa əsasən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması və Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar