Məhkəmə qərarları › İş №2-1(116)-102/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-102/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-102/2022 27.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin xx.xx.2004-cü ildə verdiyi JN-169A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Göyçay rayonunun Kürd kəndində yerləşən və mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin xx.xx.2004-cü ildə verdiyi JN- 169A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Göyçay rayonunun Kürd kəndində yerləşən və mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə Göyçay rayonunun Kürd kəndində yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən xx.xx.2004-cü ildə JN-169A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib olunmuşdur. Torpaq sahəsi həmin vaxtdan hal-hazıradək iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, X5 rayonu, Kürd kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq torpaq sahəsi üzərində İddiaçı əvvəllər yaranmış hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarında JN-169A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə bağlı elektron (DWJ) məlumatlar aşkar edilməmişdir. Bu səbəbdən də JN-169A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin UTM-38 koordinat sistemində DWG məlumatlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə təqdim olunmasına köməklik göstərilməsi ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ********** nömrəli sorğu verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti sorğuya ********** nömrəli məktubla cavab verərək, JN-169A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə aid elektron (DWG fayl) məlumat aşkarlanmadığını bildirmişdir. Bu səbəbdən də vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-102/2022 nömrəli qərardadı ilə Göyçay rayon Potu bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. İş üzrə üçüncü şəxs Göyçay rayonu Potu bələdiyyəsi xx.xx.2022-ci il tarixli 106 nömrəli məktubunda qeyd etmişdir ki, Potu bələdiyyəsinin Kürd kəndi ərazisində İddiaçı məxsus ümumi sahəsi təqribən 0,08 ha olan torpaq sahəsi mövcuddur. İddiaçı həmin torpaq sahəsinin 0,06 ha hissəsi 1998-ci ildə Aqrar İslahat Komissiyasının qərarı ilə verilib. Azərbaycan Respublikası DTXK Göyçay rayon şöbəsi İddiaçı JN-169A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə versə də, DTXK-nın səhvi nəticəsində həmin şəhadətnaməyə aid elektron baza məlumatları yaradılmayıb. Üçüncü şəxs məktubunda iddiaçının pozulmuş mülkiyyət hüququnun bərpa edilməsini və çıxarışın verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Göyçay rayonu Potu bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: JN-169A kod 40812048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Göyçay rayon AİK-nın xx.xx.1998-ci il tarixli 39 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi iddiaçıya verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********79 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, mübahisəli torpaq sahəsindən götürülmüş koordinatlar elektron baza məlumatlarında mövcud olan Göyçay rayon Kürd kəndinin xəritə materiallarına əsasən araşdırıldı. Araşdırma nəticəsində məlum oldu ki, mübahisəli 790 kv.m torpaq sahəsi elektron baza məlumatlarına əsasən Göyçay rayon Kürd kəndində yerləşməklə 748 kv.m hissəsi bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqələrinin torpaqlarında yerləşir. Mübahisəli torpaq sahəsinin 42 kv.m hissəsi **********15 nömrəli çıxarışla üst-üstə düşür. Cavabdehin xx.xx.2021-ci il tarixli **********99 nömrəli məktubunda qeyd olunur ki, Ləğv olunmuş Dövlət Torpaq və Xəritə çəkmə Komitəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş subyektlərin siyahısı 16 saylı Ucar ərazi idarəsinin elektron baza məlumatlarında öz əksini tapmamışdır, həmçinin bildirilir ki, Göyçay rayon Kürd kəndində aparılmış Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 saylı qərarının arxiv nüsxələri 16 saylı Ucar Ərazi idarəsinə təhvil verilməmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli **********36 nömrəli məktubunda qeyd olunur ki, arxivdə aparılmış araşdırma zamanı Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 saylı qərarı aşkar edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli **********36 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısından görünür ki, siyahıda 146-cı sırada iddiaçının adı qeyd olunmuşdur. Beləliklə də, cavabdehin iddiaçının adının subyektlər siyahısında qeyd edilməməsi ilə bağlı arqumenti təkzib edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********72 nömrəli məktubunda qeyd olunur ki, Göyçay rayonu, Kürd kəndi üzrə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabı ləğv edilmiş DTXK-nın Göyçay rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə təhvil verilməmişdir. Mütəxəssis rəyində qeyd edilən **********15 nömrəli çıxarış verilmiş torpaq sahəsinə münasibətdə məhkəmə tərəfindən araşdırma aparılmış, cavabdehin xx.xx.2022-ci il tarixli **********67 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətinə əsasən Göyçay rayonunun Potu kəndində yerləşən 0,0409 ha torpq sahəsi və fərdi yaşayış evi X7 xüsusi mülkiyyətində olduğu müəyyən edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********67 nömrəli məktubuna əlavə olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, AA seriyalı 000469 nömrəli xx.xx.2007-ci il tarixli plan-ölçü sənədinin və MH seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətlərinə görə, 0,10 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyətində olmuşdur. xx.xx.2007-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən aydın olur ki, X6 0,10 ha torpaq sahəsini X1. Bölgü planının təsdiq olunmuş surətinə əsasən, cəmi 0,10 ha torpaq sahəsinin 0,05 ha hissəsi X7, digər 0,05 ha hissəsi isə X3 mülkiyyətindədir. X7 cavabdehə yazdığı ərizədən görünür ki, 0,05 ha torpaq sahəsinin faktiki ölçüsü 0,0409 ha-dır və o, çatışmayan 0,0091 ha hissənin çıxılıb yerdə qalan 0,0409 ha hissəyə çıxarışın verilməsinə etiraz etməmişdir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi üç tərəfdən qonşu ilə, bir tərəfdən isə yolla əhatə edilmişdir. Torpaq sahəsinin hüdudları hasarla əhatə olunmuşdur. Cavabdehin qonşu torpaq sahəsi ilə üst-üstə düşdyünü iddia etdiyi qonşu torpaq sahəsi ilə iddiaçının torpaq sahəsinin arasında daş hasar mövcuddur. Həmçinin cavabdeh tərəfindən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 790 kv.m oduğunun müəyyən edildiyini, həmin torpaq sahəsindən iddiaçının iddia etdiyi, sənəd üzrə ona ayrılmış 600 kv.m. hissənin adına rəsmiləşdirilməsini tələb etdiyini və üst-üstə düşdüyü iddia olunan 42 kv.m torpaq sahəsinin qonşu torpaq sahəsi olduğunu nəzərə alan məhkəmə hesab etmişdir ki, 42 kv.m hissədə **********15 nömrəli çıxarışla üst-üstə düşən torpaq sahəsinin mülkiyyətçisinin iş üzrə üçüncü şəxs qismində cəlb olunmasına zərurət yoxdur. Belə ki, 790 kv.m. torpaq sahəsindən 42 kv.m torpaq sahəsi çıxıldıqdan sonra hər bir halda 748 kv.m torpaq sahəsi qalacaqdır ki, bu rəqəm isə iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi 600 kv.m (0,06 ha) torpaq sahəsi ölçüsündən çoxdur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********61 nömrəli məktubla X2 adına olan JN-169A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunuş surəti məhkəməyə göndərilmişdir. Göyçay rayonu Potu bələdiyyəsi xx.xx.2022-ci il tarixli 106 nömrəli məktubunda qeyd etmişdir ki, Potu bələdiyyəsinin Kürd kəndi ərazisində İddiaçı məxsus ümumi sahəsi təqribən 0,08 ha olan torpaq sahəsi mövcuddur. İddiaçı həmin torpaq sahəsinin 0,06 ha hissəsi 1998-ci ildə Aqrar İslahat Komissiyasının qərarı ilə verilib. Azərbaycan Respublikası DTXK Göyçay rayon şöbəsi İddiaçı JN-169A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə versə də, DTXK-nın səhvi nəticəsində həmin şəhadətnaməyə aid elektron baza məlumatları yaradılmayıb. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddia tələbində qeyd edilən 0,06 ha torpaq sahəsinə iddiaçının adına hüquqmüəyyənedici sənəd, Torpağın mülkiyyətə verilməsinə dair JN-169A nömrəli Şəhadətnamə və onun arxiv nüsxəsi mövcuddur. Belə ki, Göyçay rayon AİK-nın müvafiq qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında iddiaçının adı qeyd edilmiş, həmçinin torpaq sahəsinin xəritədə nömrəsi 146 olaraq qeyd olunmuşdur. Bunun əsasında AİK-nın xx.xx.1998-ci il tarixli 39 saylı qərarı ilə həmin həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Göyçay rayonunun Kürd kəndində yerləşən 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin xx.xx.2004-cü ildə verdiyi JN-169A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Göyçay rayonunun Kürd kəndində yerləşən 0,06 ha torpaq sahəsinə İddiaçı adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar