Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-102/2024 25.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “çatışmayan 1,8797 ha torpaq sahəsinin bələdiyyənin ehtiyat torpaq fondundan tamamlanmaqla həmin torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “40307018 KOD nömrəsi olan Dövlət Aktında göstərilən 3,25 ha torpaq sahəsinin çatışmayan əskik olan hissəsinin bitirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "JN-293 nömrəli Dövlət Aktına əsasən faktiki istifadəsində olan 1,3721 ha torpaq sahəsi və həmin torpaq sahəsindən təxminən 3 km məsafədə yerləşən 0,80 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında yenidən məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, JN-293 nömrəli Dövlət Aktında göstərilən 3,25 ha torpaq sahəsinin faktiki istifadəsində olan 1,3721 ha hissəsi ilə bağlı cavabdehlə arasında mübahisə yoxdur, azalma barədə ərizə verəcəyi halda cavabdeh orqan həmin torpaq sahəsi üzərində ümumibirgə mülkiyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmir. Cavabdeh orqanla arasında olan mübahisəyə səbəb Dövlət Aktında göstərilən 3,25 ha torpaq sahəsinin tamamlanmaması ilə bağlıdır. Kəsr olan torpaq sahəsinin 0,80 ha hissəsinin faktiki istifadəsində olmasını bildirsə də, ölçmə işləri aparılarkən faktiki sahənin 0,80 ha-dan az olması müəyyən edilmişdir. Odur ki, “çatışmayan 1,8797 ha torpaq sahəsinin bələdiyyənin ehtiyat torpaq fondundan tamamlanmasını və həmin tamamlanmış torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya dörd nəfər ailə üzvü ilə birlikdə (X8, X4, X5 və X6) Qax rayon Aqrar İslahat Komissiyasının 1998- ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə JN-293 KOD 40307018 Dövlət Aktı ilə 3.25 hektar torpaq sahəsi verilmişdir. Faktiki isə onlara verilən torpaq sahəsi 1,37211 hektardır. İddiaçı xx.xx.2023-cü il tarixdə əskik verilmiş torpaq sahəsini də, almaq üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabdeh orqan isə 16 yanvar 2023-cü il tarixində 3-21-3-39/2-2-0001- 8/2023 nömrəli məktubu ilə müraciətin təmin olunmasından imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı, 09 yanvar 2023cü il tarixində ərizə ilə DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, JN- 293 dövlət aktında olan 3.25 ha torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. Bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından kod 40307018, JN-293 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əvvəllər yaranmış hüquqdur. Sənəd üzrə torpaq sahəsi 3.25 ha olsa da, faktiki torpaq sahəsinin ölçüsü 1.3721 hektardır. Faktiki sahə sənəd üzrə sahədən 1.8797 ha azdır. Buna görə də, iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, AZ-İ 569094 və AZ-İ 961807 nömrəli Ölüm haqqında şəhadətnamənin surətləri, JN-293 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş Qax rayon İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 8 saylı iclas protokolundan çıxarış və Qax rayonu Zəyəm kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarış. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materialları ilə müəyyən edilir ki, Qax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə iddiaçıya 4 nəfər ailə üzvü ilə birlikdə JN-293 KOD 40307018 Dövlət Aktı ilə 3.25 ha torpaq sahəsi ayrılmışdır. Bununla belə iddiaçının və ailə ailə üzvlərinin faktiki istifadəsinə verilmiş torpaq sahəsinin ölçüsü 1.37 ha olmuşdur. İddiaçı, torpaq sahəsinin faktiki ölçüsünün sənəd üzrə ölçüsündən az olmasını ötən 25 ildən artıq müddət ərzində mübahisələndirməmişdir. İddiaçı, hazırda çatışmayan 1,87 ha torpaq sahəsinin bələdiyyənin ehtiyat torpaq fondu hesabına tamamlanmasını və həmin torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb edir. Bununla tələb etdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilmir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.1 və 7.1.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan və kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.https://e-qanun.az/framework/2803 Göründüyü kimi qanunvericilik bələdiyyələrə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini birbaşa qadağan etmişdir. Odur ki, iddiaçının çatışmayan torpaq sahəsinin bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hesabına tamamlanması tələbi ümumiyyətlə uğurlu tələb kimi qiymətləndirilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan 1,8797 ha torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı hər hansı hüquqi əsas mövcud olmadığından, cavabdeh orqan haqlı olaraq sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “çatışmayan 1,8797 ha torpaq sahəsinin bələdiyyənin ehtiyat torpaq fondundan tamamlanmaqla həmin torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.