Məhkəmə qərarları › İş №2-1(116)-1020/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1020/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1020/2020 07.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1973-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. X6 müharibəsi başlayan gündən Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində həqiqi hərbi qulluq keçmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtından əvvəl, yəni mərhum qardaşı X1 şəhid olmasına görə tərxis olunmuşdur. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)- 1714/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən həqiqətən iddiaçı 1993-cü ilin yanvar ayından 1994-cü ilin sentyabr ayınadək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi müəyyən edilmişdir. O, həmin qətnamədən sonra toplanmış sənədlərini Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərsə də Müdafiə Nazirliyinin sonuncu dəfə xx.xx.2020-ci il tarixli 1/71-5049 nömrəli məktubuna əsasən ona imtina cavabı verilmişdir. Bu səbəbdən o hüquqlarının müdafiəsinin təmin olunması üçün, yəni ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazı: Ərizəçinin hərbi xidmət keçməsini sübut edən məlumat mövcud olmadığından “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissəüzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İddiaçı ərizəsində milli orduda xidmət keçməsinə dair dəqiq məlumatları göstərməklə Müdafiə Nazirliyinin Arxivinə müraciət etmiş və Arxiv idarəsindən verilən xx.xx.2019-ci il tarixli məktubda cavab olaraq bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1194-cü il 17 nömrəli əmrində (əsas; səh-27, yoxlama əmri, qeyd əmrdə adı Fazil yazılmışdır) X3 adı şəxsi heyətin siyahısında qeyd olunmuşdur. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin mart 1993-cü il tarixli, avqust 1994-cü il tarixli nizami hissə üzrə əmrlərdə İddiaçı xidməti barəsdə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 saylı Qərara əsasən - “Müharibə veteranı” adı və vəsiqəsini verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən. Əsasnamə-nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmətkeçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri sivahilar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun N saylı hərbi hissələrin tərkibində xidmət keçməsinə dair, döyüş əməliyyatlarda iştirak etməsinə dair və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: «Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prossessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində göstərilib ki, məhkəmə tərəfindən iddia müddəti mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadəkverdiyi ərizə əsasında tətbiq edilir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair komissiyası tərəfindən xx.xx.2019cu il tarixdə 1/H-17590 nömrəli məktubu ilə veteran adı və vəsiqəsini verilməsindən imtina olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etmişdir. Buradan görünür ki, beş ay müddət əvvəl olan münasibətlərdən yaranan mübahisə barədə iddiaçı məlumatlı olmuşdur. Hüquqlarının pozulması barədə iddiaçının hazırda gəlmiş olduğu qənaət məhkəmədə iddianın qaldırılması üçün kifayət deyildir. Belə ki, uzun müddət zaman kəsiyinin keçməsi tərəflərin bərabər şəkildə mövqeylərinin müdafiəsini mümkünsüz etmiş olur. Belə olan halda barəsində inzibati aktın qəbul edilməsindən iddiaçının xəbərdar olmaması mümkün deyildir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1,47.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndərilən xx.xx.2019-cu il tarixli 1/H-17590 nömrəli imtina məktubundan müəyyən edilir ki, Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-7744 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin mart 19xx xxxxxx 1994-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında xidmət keçməyiniz barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Xidmət dövrü yaralanmağınız və əlilliyiniz barədə Tibbi- Sosial Ekspertiza komissiyası tərəfindən verilmiş arayışı sənədlərə əlavə edilərək tərkar təqdim olunarsa komissiyanın iclasında yenidən baxıla bilər. İş materiallarında olan Müdafiə Nazirliyi İşlər X4 xx.xx.2019-cu il tarixli 9/2-7744 nömrəli arxiv arayışından müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 17 nönmrəli əmrində (əsas: səh 27, yoxlama əmri, qeyd: əmrdə adı Fazil yazılmışdır) X3 adı şəxsi heyətin siyahısında qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin mart 1993-cü il tarixli, avqust 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində X2 xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-1714/2019 nömrəli Qətnaməsindən müəyyən edilir ki, ərizəçi X2 yanvar 1993-cü il tarixdən sentyabr 1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə hüququ əhəmiyyətli faktı müəyyən edilmişdir. İş materiallarında olan SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 656 nömrəli məktubundan müəyyən edilir ki, İddiaçı şəxsi işi tərəflərindən tərtib edilməmiş və ünvanlarına daxil olmamışdır. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/2196 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Şəki şəhər(rayon) polis şöbəsinin xx.xx.2020-ci il tarixli 189- 15979-1220 nömrəli məktubu və ona əlavə edilmiş iddiaçının məhkumluğuna dair “9 saylı Əlavə”dən müəyyən edilir ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən İddiaçı xx.xx.2012ci il tarixdə CM-nin 176.1-ci madddəsinə əsasən 06 ay islah işləri ilə cəza tədbiq edilmişdir. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisin xx.xx.2013cü il tarixdə Amnistiya Qərara əsasən təyin olunmuş cəzadən azad edilmişdir. Mingəçevir Şəhər Məhkəməsi tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdə CM-nin 306.1-ci maddəsinə əsasən 1 il azadlıqdan məhrum edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/2484 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Füzuli hərbi prokurorluğunda təqsirləndirici və ya cinayət işi yoxdur. Həmçinin məlumat üçün bildirilir ki, N nömrəli hərbi hissə Füzuli hərbi prokurorluğunun nəzarət dairəsində yerləşmir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 1/H-5049 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli məktubu, Müdafiə Nazirliyi İşlər X4 xx.xx.2019-cu il tarixli 9/2-7744 nömrəli arxiv arayışı, H3 seriyalı ******* nömrəli hərbi biletin surəti, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-1714/2019 nömrəli qətnaməsinin təsdiqlənmiş surəti, SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 656 nömrəli məktubu və ona əlavə edilmiş qeydiyyat kartasının təsdiqlənmiş surəti, MN Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli 11/3219 nömrəli etirazı və xx.xx.2020-ci il tarixli 11/3261 nömrəli məktubu, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/2196 nömrəli məktubu, Şəki şəhər(rayon) polis şöbəsinin xx.xx.2020-ci il tarixli 189-15979-1220 nömrəli məktubu və ona əlavə edilmiş “9 saylı əlavə”, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/2484 nömrəli məktubu aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşdə olan Azərbaycan Respublikası Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-1714/2019 nömrəli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı yanvar 1993-cü il tarixdən sentyabr 1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə hüququ əhəmiyyətli faktı müəyyən müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2019cu il tarixli 9/2-7744 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 17 nönmrəli əmrində (əsas: səh 27, yoxlama əmri, qeyd: əmrdə adı Fazil yazılmışdır) X3 adı şəxsi heyətin siyahısında qeyd olunmuşdur. Bundan başqa N nömrəli hərbi hissə komandirinin mart 1993-cü il tarixli, avqust 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində X2 xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. İşdə olan SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 656 nömrəli məktubundan görünür ki, İddiaçı şəxsi işi tərəflərindən tərtib edilməmiş və ünvanlarına daxil olmamışdır. Məhkəmə iddiaçının İddiaçı yanvar 1993-cü il tarixdən sentyabr 1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı mübahisənin olmadığını qeyd edir. Belə ki, həmin hal Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-1714/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsdiqini tapır. Lakin yuxarıda qeyd edildiyi kimi onun qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar