Məhkəmə qərarları › İş №2-1(116)-1021/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1021/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1021/2021 05.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslərin (X9 oğlu, X7, X8, X5) Qax şəhəri, Vaqif küçəsi, ev 54 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Abdurahman oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxslərin (X9 oğlu, X7, X8, X5) Qax şəhəri, Vaqif küçəsi, ev 54 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati işin şifahi məhkəmə baxışı 26.07.2021-ci il tarixə təyin edilmiş, keçirilmiş məhkəmə iclasında üçüncü şəxs X4 iştirak etmiş, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclası zamanı üçüncü şəxs X4 iddiaçının 45 ildən artıq müddətdə Rusiya Federasiyasına yaşadığını, 2020-ci ildə həmin evi satmaq üçün Azərbaycan Respublikasına gəldiyini və daha sonra yenidən Rusiya Federasiyasına qayıtdığını və hazırda da Rusiya Federasiyası ərazisində yaşadığını bildirmişdir. Odur ki, hazırki iş üzrə iddia ərizəsinin İddiaçı Abdurahman oğlu tərəfindən imzalanması və iddianın məhz onun tərəfindən qaldırılması şübhə doğurduğundan məhkəmə iclası təxirə salınmış və iddia ərizəsindəki imzanın iddiaçıya aid olubolmamasının müəyyən edilməsi məqsədilə araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, məhkəmə tərəfindən 10.06.2021-ci il tarixdə iddiaçıya göndərilən məhkəmə sənədlərinin (sərəncam və digər sənədlər) iddiaçıya poçt xidməti vasitəsilə çatdırılması mümkün olmamış və həmin sənədlər məhkəməyə geri qaytarılmış, eyni zamanda şifahi məhkəmə baxışı iclasının təyin edilməsi ilə bağlı göndərilmiş bildiriş də, “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Yəni, məhkəmə sənədlərinin heç birinin faktiki olaraq iddiaçıya çatdırılması mümkün olmamışdır. 02.08.2021-ci il tarixdə Qax şəhər İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə İddiaçı Abdurahman oğlunun ünvan 4 (yeni qaydalarla ünvan 2 ünvanında hal-hazırda faktiki olaraq yaşayıb-yaşamaması, o cümlədən ümumiyyətlə 2021ci il ərzində Qax rayonu ərazisində yaşayıb-yaşamaması barədə nümayəndəlikdə olan və ya hazırki sorğunun icra edilməsi zamanı əldə edilən şifahi və ya yazılı məlumatların 10 gün müddətində məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sonuncu tərəfindən verilmiş 18.08.2021-ci il tarixli 81 №-li cavab məktubunda iddiaçının qeyd edilən ünvanda faktiki olaraq yaşamaması, həmçinin 2021-ci ilin cari dövrü ərzində Qax şəhərində yaşamaması barədə məlumat verilmişdir. 02.08.2021-ci il tarixdə 22.08.1947-ci il təvəllüdlü İddiaçı 2018-2021-ci illərdə ölkəyə girişi və çıxışı barədə məlumatın 20 gün müddətində Şəki İnzibati Məhkəməsinə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğu verilmiş, sonuncunun 03.09.2021-ci il tarixdə sorğuya cavab olaraq təqdim etdiyi məlumatlardan müəyyən edilmişdir ki, İddiaçı sonuncu dəfə ölkə hüdudlarını 20.02.2020-ci il tarixdə tərk etmiş və bundan sonra ölkə ərazisinə qayıtmamışdır. Məhkəmə tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə 02.08.2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq iddia ərizəsinin İddiaçı Abdurrahman oğlu tərəfindən imzalanmasının şübhə doğurması bildirilmiş və yaranmış şübhənin aradan qaldırılması üçün müvafiq iddia ərizəsinin X1 şəxsən iştirakı ilə notarial qaydada, yəni imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq olunmaqla məhkəməyə təqdim olunması, eyni zamanda X1 iş günləri və iş saatları daxilində şəxsən, Şəki İnzibati Məhkəməsinə gələrək iddia ərizəsini imzalamaqla məhkəməyə təqdim etməsi təklif edilmişdir. Həmin hüquqi yardım barədə məktubun da iddiaçıya poçt vasitəsilə çatdırılması mümkün olmamış, iddiaçının Rusiya Federasiyasında olması qeyd edilməklə (bu ünvanda yaşamır qeydi ilə) göndərilmiş sənədlər geri qaytarılmışdır. 16.09.2021-ci il tarixdə məhkəmənin xidməti telefonuna zəng edilərək hazırki iş üzrə icraatın gedişi barədə məlumat verilməsi xahiş edilmiş, sorğu edənin kimliyi soruşularkən o, özünü təqdim etmədən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı alqı-satqı ilə aldığını, buna görə də həmin işlə maraqlandığını bildirmişdir. 24.08.2021-ci il tarixdə məhkəmənin elektron poçt ünvanına rus dilində, X2 aid olduğu qeyd edilən ərizə daxil olmuş, ərizəçi iddia ərizəsinin özü tərəfindən imzalanmasını və iddianı müdafiə etməsini bildirmişdir. Lakin, məhkəmənin elektron poçt ünvanına daxil olan ərizənin kim tərəfindən göndərilməsini, həqiqətən də İddiaçı iradəsinə uyğun tərtib edilib-edilməməsini müəyyən etmək mümkün olmadığından, qeyd edilən ərizə məhkəmədə hazırki iş üzrə iddiaçının iradəsinin müəyyən edilməsi üçün yetərli deyildir. İddiaçı özü isə iddia ərizəsinin özü tərəfindən imzalanmasını və iddianın həqiqətən özü tərəfindən qaldırılmasını sübut edə bilmədiyindən məhkəmə o qənaətə gəlir ki, faktiki olaraq iddia ərizəsi X1 adından kənar şəxs tərəfindən tərtib edilməklə imzalanmışdır. İlkin iddia ərizəsindəki imza ilə, X1 pasportundakı imzalar arasında da aşkar fərqlər olduğundan, iddia ərizəsinə çəkilmiş imzanın İddiaçı imzasına bənzədilərək çəkilməsi heç bir şübhə doğurmur. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məlumatı əsasında İddiaçı 20.02.2020-ci il tarixdə ölkə hüdudlarını tərk etməsi müəyyən edilsə də, məhkəməyə təqdim edilmiş iddia ərizəsi ölkə daxili poçt xidmətindən istifadə edilməklə Qax şəhəri, Vaqif küçəsi ev 54 ünvanından göndərildiyi aydın olur. Yəni, İddiaçı 20.02.2020-ci il tarixdən Azərbaycan Respublikası ərazisində olmadığından onun hazırki iddia ərizəini imzalayaraq qeyd edilən ünvandan məhkəməyə göndərilməsi mümkün ola bilməzdi. Həmçinin qeyd edilməlidir ki, iddia ərizəsi Qax şəhəri, Vaqif küçəsi ev 54 ünvanından göndərilməsinə baxmayaraq, iddiaçıya göndərilən məktubların heç biri ünvan sahibinə çatdırılmamışdır. Bu isə bir daha onu təsdiq edir ki, iddia ərizəsi X6 tərəfindən tərtib edilməmiş və imzalanmamışdır. İnzibati Prossesual Məcəllənin 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər qeyd edilmişdir. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prossesual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, hazırki iş üzrə iddia ərizəsindəki imzanın X3 aid olmaması məhkəməyə iddia ərizəsinin faktiki olaraq səlahiyyətli şəxs tərəfindən imzalanmaması qənaətinə gəlməyə əsas verir. Bu isə hazırki iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunu istisna edir və inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulması müəyyən edilmir Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Abdurahman oğlunun cavabdeh Cavabdehnə qarşı “üçüncü şəxslərin (X9 oğlu, X7, X8, X5) Qax şəhəri, Vaqif küçəsi, ev 54 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar