Məhkəmə qərarları › İş №2-1(116)-1022/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1022/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1022/2023 01.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri X4 İcraiyyə Komitəsinin 14 avqust 1986-cı l tarixli, 241 saylı qərarı ilə Mingəçevir Şəhər Xəstəxanasının işçilərinə ayrılmış “Şəfa” kollektiv bağçılıq təsərrüfatının ərazisində iddiaçıya verilmiş 0.06 ha torpaq sahəsinə dair iddiaçının adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri X4 İcraiyyə Komitəsinin 14 avqust 1986-cı l tarixli, 241 saylı qərarı ilə Mingəçevir Şəhər Xəstəxanasının işçilərinə ayrılmış “Şəfa” kollektiv bağçılıq təsərrüfatının ərazisində iddiaçıya verilmiş 0.06 ha torpaq sahəsinə dair iddiaçının adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1022/2023 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə Mingəçevir şəhəri X4 İcraiyyə Komitəsinin 14 avqust 1986-cı l tarixli, 241 saylı qərarı ilə Mingəçevir Şəhər Xəstəxanasının işçilərinə torpaq sahəsi ayrılmışdır. İddiaçı da “Şəfa” kollektivinin üzvü olmuş və 0,06 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir Şəhər Mərkəzi X1 X2 xx.xx.1998-ci il tarixli, 72 nömrəli protokoluna əsasən X3 ilə iddiaçıya məxsus sahələr dəyişdirilmiş və qərarın icrası “Şəfa” bağçılığının sədri M.Ə.Sadəddinova tapşırılmışdır. Bundan sonra cavabdehə rəsmi qaydada müraciət edərək, Mingəçevir Şəhər Xəstəxanasının “Şəfa” kollektiv bağçılıq təsərrüfatı tərəfindən verilmiş torpaq sahəsinə daşınmaz əmlakın üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinə müraciət etmiş və ona həmin idarənin xx.xx.2022-ci il tarixli, **********57 saylı məktubu ilə rədd cavabı verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən verilnən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nın 17 saylı Yevlax ərazi idarəsi tərəfindən təhvil verilmiş “Şəfa” bağçılığının adlı siyahısından İddiaçı adı qeyd edilməsinə baxmayaraq, sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsi elektron xəritə bazasına əsasən “Şəfa” bağçılıq üçün ayrılmış torpaq sahəsindən kənarda, həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Bu səbəddən də iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi mümkün deyildir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,cavabdehin və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2022-ci il tarixli 397-Asan nömrəli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 14 avqust 1986-ci il tarixli 241 saylı qərarı ilə Şəhər xəstəxanasına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. - İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Mərkəzi X1 X2 xx.xx.1998-ci il tarixli, 72 nömrəli protokolundan çıxarışa əsasən X3 ilə iddiaçıya məxsus sahələr dəyişdirilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1416/2023 nömrəli məktubuna nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin TEKUİS xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi 618.5 kv.m torpaq sahəsinin təyinatı yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası Tikinti altında olan torpaqlar olmaqla, mülkiyyətçisi Mingəçevir Bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin Səlahiyyətinə aid deyil. İş materiallarında iddaçıya aid olan sənəd təqdim edilmədiyindın, həmçinin 17 saylı Yevlax Ərazi İdarəsinin arxivində mövcud olmadığından iddia olunan torpaq sahəsi ilə sənəd üzrə verilmiş torpaq sahəsinin üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi mümkün olmadı. Naturada göstərilən torpaq sahəsi elektron bazada olan torpaq sahəsi ilə eynidir. İddia olunan torpaq sahəsi “Şəfa” kollektiv bağçılıq üçün ayrılmış ərazidən hava xəti ilə 2481,47 m aralı məsafədədir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iş materiallarına əlavə edilən Mingəçevir Şəhər Mərkəzi X1 X2 xx.xx.1998-ci il tarixli, 72 nömrəli protokolundan çıxarışa əsasən X3 ilə iddiaçıya məxsus sahələr dəyişdirilməsi ilə bağlı sənəddən iddiaçı məlumatlı deyildir.İddiaçı məhkəmə iclasında izahat verərək iddia olunan torpaq sahəsinin ilkin olaraq ona ayrıldığını,hər hansı dəyişmə faktının olmadığını, “Şəfa” kollektiv bağçılıq təsərrüfatının işə əlavə olunan pasportunun ilkin versiyasının itdiyi və hazırkı pasportu sonradan əldə etdiyini bildirdi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsi ona “Şəfa” kollektiv-bağçılıq təsərrüfatı tərəfindən ayrılan torpaq sahəsi deyildir.Belə ki,iddia olunan torpaq sahəsi həmin təsərrüfata ayrılan torpaq sahəsinin ərazi hüdudlarından 2481,47 m aralı məsafədə yerləşdiyi mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Hazırkı iddia tələbində iddia olunan torpaq sahəsi TEKUİS xəritəsinə əsasən təyinatı yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası tikinti altında olan torpaqlar olmaqla, mülkiyyətçisi Mingəçevir Bələdiyyəsidir.İddia olunan və iddiaçının naturada istifadəsində olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair nə iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmuş,nə də məhkəmə araşdırması zamanı belə bir sənəd aşkar olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia təmin oluna bilməz. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri X4 İcraiyyə Komitəsinin 14 avqust 1986-cı l tarixli, 241 saylı qərarı ilə Mingəçevir Şəhər Xəstəxanasının işçilərinə ayrılmış “Şəfa” kollektiv bağçılıq təsərrüfatının ərazisində iddiaçıya verilmiş 0.06 ha torpaq sahəsinə dair iddiaçının adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar