Məhkəmə qərarları › İş №2-1(116)-1023/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1023/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1023/2022 05.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0,75 ha iddiaçıya, 0,25 ha mərhum qardaşı X4 məxsus olmuş torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi kimi göstərilməklə 29 iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0,75 ha iddiaçıya, 0,25 ha mərhum qardaşı X4 məxsus olmuş torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi kimi göstərilməklə 29 iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3821/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddianın əsaslarına görə, Qəbələ rayonu Bum qəsəbə yaşayış məntəqəsi daxilində 0,75 ha iddiaçının, 0,25 ha mərhum qardaşı X3 adına olmaqla mülkiyyətlərində 1 (bir) hektar həyətyanı torpaq sahəsi vardır. Bu barədə onların adına 29 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış da verilmişdir. Mülkiyyətlərində olan torpaq sahəsi Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşməsinə və həyətyanı torpaq sahəsi olmasına baxmayaraq qeyd olunan Çıxarışda kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuşdur. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsi ailə üzvlərinin həyətyanı torpaq sahəsi olmuşdur, Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli 2/025-150 saylı qətnaməsi ilə mərhum anasının payı ailə üzvlərinin payına əlavə edilməklə və hər birinə 0,25 ha olmaqla 4 nəfər ailə üzvünün mülkiyyətinə verilmişdir. Hər birinə 0,25 ha verilməsinin səbəbi torpağın 4-cü kateqoriyaya aid olması olmuşdur. Sonradan 2 nəfər ailə üzvü öz paylarını iddiaçıya bağışlamış və iddiaçının həyətyanı torpaq sahəsi hal-hazırda 0,75 ha-dır. Həmin torpaq sahəsində 2000-ci ildə ailə üçün ev də tikilmiş, eyni zamanda mülkiyyətlrində və istifadərində olan həmin həyətyanı torpaq sahəsi Bum qəsəbə sakinlərinin həyətyanı torpaq sahələri ilə əhatə olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixli çıxarışda torpaq sahəsinin təyinatı səhvən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuşdur. İddiaçı bu səbəblə analoji tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********34 nömrəli imtina məktubunda qeyd etmişdir ki, sözügedən torpaq sahəsi vətəndaşlara torpaq islahatı aparılarkən mülkiyyətlərinə verilməyən suvarılan pay torpaq sahəsinin verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli 2/025-150/2009 saylı qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasında torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi xx.xx.2022-ci il tarixli **********46 nömrəli etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi 0,80 hektardır. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası daşlıq-qumluq olan ərazidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanının 7-ci hissəsinə əsasən Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmışdır. Beləliklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri faktiki olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələri ilə əvəz edilmişdir. Odur ki, hazırkı iş üzrə cavabdehin təşkilati hüquqi forması dəyişdiyinə görə, hüquq varisliyi qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının qərardadı ilə iş üzrə cavabdeh təşkilati hüquqi forması dəyişdiyinə görə, hüquq varisi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, hazırkı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi iddia tələbinə cavab verməli orqan deyil, belə ki, torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsi onun səlahiyyətlərinə aid deyildir. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və nəzərinə çatdırılmışdır ki, iddia tələbindən hüquqi marağının onun mülkiyyətində olan 0,75 ha və mərhum qardaşının mülkiyyətində olan 0,25 ha torpaq sahələrinin kateqoriyalarının “həyətyanı torpaq sahəsi” kimi dəyişdirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasında torpaqların katqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Hüquqi yardım məktubunda iddiaçıya məhkəmənin mövqeyinə münasibət bildirməsi təklif olunsa da, iddiaçı tərəfindən belə münasibət bildirilməmişdir. Məhkəmə iclasında hüquqi yardım məktubunda qeyd olunanlar yenidən iddiaçıya və onun vəkilinə izah edilmişdir. İddiaçı və vəkili məhkəmənin yardımında qeyd edilənlərlə razılaşmadıqlarını bildirərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyi üçün mümkün sayıla bilməz. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0,75 ha iddiaçıya, 0,25 ha mərhum qardaşı X4 məxsus olmuş torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi kimi göstərilməklə 29 iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar