Məhkəmə qərarları › İş №2-1(116)-1025/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1025/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1025/2020 19.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “ona Qarabağ müharibə veteranı statusu və vəsiqəsi verilməsindən sonra almadığı əvvəlki üç illik müavinətin, yəni 30.01.2017-ci il tarixdən 30.01.2020-ci il tarixədək olan dövr üçün sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Qarabağ müharibə veteranı statusu və vəsiqəsi verilməsindən sonra almadığı əvvəlki üç illik müavinətin, yəni 30.01.2017-ci il tarixdən 30.01.2020-ci il tarixədək olan dövr üçün sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu il tarixdə Ucar rayonunda anadan olmuşdur. O, 1990-cı il tarixdən 1994-cü il tarixədək Ucar rayon Polis şöbəsində işləmiş və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, ona 30.01.2020-ci il tarixdə DİN tərəfindən müharibə veteranı statusu və vəsiqəsi verilmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən əvvəlki üç il üçün sosial müavinətin hesablanaraq ona birdəfəlik ödənilməsi məqsədi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan veteranlar üçün nəzərdə tutulan sosial müavinət növünün ləğv olunduğunu, onun əvəzinə 1 aprel 2019-cu il tarixdən Prezident təqaüdünün təsis edildiyini əsas gətirərək əvvəlki dövrlər üçün nəzərdə tutulmuş müavinətin ona ödənilməsindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “Əhalinin Sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə 01.04.2019-cu il tarixdən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikasının Prezident təqaüdü təsis edilmişdir. Müharibə veteranlarına verilən sosial müavinətin Prezident təqaüdü ilə əvəz olunması səbəbindən iddiaçıya bu növ üzrə sosial müavinət təyin edilərək ödənilə bilməz. Cavabdeh orqan məlumat üçün bildirir ki, iddiaçıya onun 03.03.2020-ci il tarixli müraciəti əsasında 30.01.2020-ci il tarixdən Prezident təqaüdü təyin olunmuşdur. İddiaçı əmək pensiyası almır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan müharibə veteranı vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, 033696 nömrəli vəsiqə iddiaçıya 30 yanvar 2020-ci il tarixdə verilib. İş materiallarında olan DSMF-nin Ucar rayon şöbəsinin 10 iyun 2020-ci il tarixli **********3 nömrəli arayışından müəyyən olunur ki, iddiaçıya müvafiq orqan tərəfindən 30 yanvar 2020-ci il tarixdən müharibə veteranı kimi hər ay 80 manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, 30.01.2020ci il tarixli 033696 nömrəli müharibə veteranı vəsiqəsinin təsdiq edilmiş surəti, DSMF-nin Ucar rayon şöbəsinin 12.05.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, 10.06.2020-ci il tarixli **********3 nömrəli etiraz məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri ilə bağlı məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır. Belə ki, 01.04.2019-cu il tarixədək müharibə veteranlarına sosial müavinətin ödənilməsi “Sosial müavinətlər haqqında” Qanunun tələblərinə uyğun həyata keçirilirdi. İşdə olan DSMF-nin Ucar rayon şöbəsinin 10.06.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki,İddiaçı 30.01.2020-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmiş və həmin tarixdən qanunamüvafiq olaraq müharibə veteranlarına ödənilən Prezident təqaüdü təyin edilmişdir. Məhkəmə qeyd edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 01.04.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 01.04.2019-cu il tarixindən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq”və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mövqeyinə uyğun olaraq məhkəmə hesab edir ki, 01.04.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “ona Qarabağ müharibə veteranı statusu və vəsiqəsi verilməsindən sonra almadığı əvvəlki üç illik müavinətin, yəni 30.01.2017-ci il tarixdən 30.01.2020-ci il tarixədək olan dövr üçün sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar