Məhkəmə qərarları › İş №2-1(116)-1026/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1026/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1026/2022 27.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı, X7 və X3 cavabdeh Oğuz rayon Xalxal bələdiyyəsinə qarşı “Oğuz rayon Xalxal bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 20 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı, X7 və X6 ayrı-ayrılıqda cavabdeh Oğuz rayon Xalxal bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayon Xalxal bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 20 saylı qərarının etibarsız sayılması” barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1027/2022 nömrəli və 2- 1(112)-1028/2022 nömrəli qərardadları ilə, 2-1(112)-1027/2022 nömrəli və 2-1(112)- 1028/2022 nömrəli inzibati iş 2-1(116)-1026/2022 nömrəli inzibati işə birləşdirilmişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə İPM-nin 13-cü maddəsinə əsasən iddiaçılara hüquqi yardım edilərək iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması təklif edilmişdir. İddiaçıların nümayəndəsi (vəkili) ayrı-ayrılıqda iddiaçıların adından xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsində “Oğuz rayon Xalxal bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 20 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 2-1(116)-1026/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı, məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddiaçılar X7 və X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Oğuz rayon Xalxal bələdiyyəsinin xx.xx.2020ci il tarixli 14 nömrəli qərarına əsasən **********20, **********21, **********19 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışlar üzrə iki ədəd 1200 kv.m və bir ədəd 1000 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılması üçün müsabiqəyə çıxarılması qərara alınmış və torpaq sahəsinin 0.01 hektarın ilkin qiyməti 119 manat müəyyən edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə keçirilmiş müsabiqələrdə sözügedən torpaq sahələri iddiaçılara satılmışdır. Şəki Regional Ədliyyə İdarəsi xx.xx.2020-ci il tarixdə Oğuz rayon Xalxal bələdiyyəsinə ünvanladığı 198-0 saylı məktubunda Xalxal bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 14 nömrəli qərarının ləğv edilməsini təklif etmiş, cavabdeh orqan xx.xx.2020-ci il tarixdə notarial qaydada alqı-satqı müqavilələri bağlayaraq həmin torpaq sahələrini iddiaçıların xeyrinə özgəninkiləşdirmiş, eyni zamanda həmin tarixdə hazırda mübahisələndirilən xx.xx.2020-ci il tarixli 20 nömrəli qərarı qəbul edərək Şəki Regional Ədliyyə İdarəsi təklifi əsasında bələdiyyənin xx.xx.2020-ci il tarixli 14 nömrəli qərarını ləğv etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etdiyini və təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2020-ci il tarixli 14 saylı iclas protokolundan görünür ki, Xalxal bələdiyyəsinin alqı-satqı predmeti olan yaşayış məntəqələri torpaqlarından **********20, **********21, **********19 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışlar üzrə iki ədəd 1200 kv.m və bir ədəd 1000 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılması üçün müsabiqəyə çıxarılması, müsabiqədə fərdi yaşayış evinin tikintisi məqsədilə 0.01 hektarın ilkin qiyməti 119 manat müəyyən edilməsi qərar alınmışdır. - 011920 nömrəli AM seriyalı şəhadətnamədən görünür ki, Oğuz rayon Xalxal bələdiyyəsinin mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqədə sözügedən torpaq sahəsi İddiaçı 1193 manata satılmışdır. - 011919 nömrəli AM seriyalı şəhadətnamədən görünür ki, Oğuz rayon Xalxal bələdiyyəsinin mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqədə sözügedən torpaq sahəsi X5 1430 manata satılmışdır. - 011918 nömrəli AM seriyalı şəhadətnamədən görünür ki, Oğuz rayon Xalxal bələdiyyəsinin mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqədə sözügedən torpaq sahəsi X4 1430 manata satılmışdır. - xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alıq-satqı müqaviləsindən görünür ki, satıcı Oğuz rayon Xalxal bələdiyyəsi 0.12 ha torpaq sahəsini X2. - xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alıq-satqı müqaviləsindən görünür ki, satıcı Oğuz rayon Xalxal bələdiyyəsi 0.1 ha torpaq sahəsini İddiaçı satmışdır. - xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alıq-satqı müqaviləsindən görünür ki, satıcı Oğuz rayon Xalxal bələdiyyəsi 0.12 ha torpaq sahəsini X1. - Şəki Regional Ədliyyə İdarəsinin xx.xx.2020-ci il tarixli 1980 nömrəli cavabdehə ünvanlanmış təklifindən görünür ki, Oğuz rayon Xalxal bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 14 saylı iclasının gündəliyində olan 1-ci məsələ üzrə qəbul edilmiş 4 qərarın ləğv olunması təklif edilmişdir. - cavabdehin xx.xx.2020-ci il tarixli 14 saylı qərarından görünür ki, Göyçay Regional Ədliyyə İdarəsinin 198-0 nömrəli təklifi təmin olunmuş, Xalxal bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 14 saylı iclasının gündəliyində olan 1-ci məsələ üzrə qəbul edilmiş 4 qərar ləğv edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçıların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçılar bələdiyyənin qərarı ilə onların subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişlər. Mübahisəli qərar barədə məlumatın təqdim edildiyi cavabdehin məktubunun tarixi xx.xx.2022-ci il qeyd edilmişdir. İddiaçılar qərarı əldə etdikdən 30 gün ərzində həmin qərarı mübahisələndirmiş və iddia ərizəsini məhkəməyə təqdim etmişlər. Cavabdeh orqan tərəfindən iddiaçının, mübahisələndirilən qərar barədə daha əvvəl məlumatlı olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, “mübahisələndirmə haqqında” iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İddia mahiyyət etibarilə də əsaslıdır. Tətbiq edilən hüquq. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3-cü abzasına əsasən Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir.. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. İş materialları ilə müəyyən edilir ki, Oğuz rayon Xalxal bələdiyyəsi xx.xx.2020-ci il tarixli 14 saylı qərarla iddiaçılara torpaq sahəsinin satılması ilə bağlı qərar qəbul edərkən Şəki Regional Ədliyyə İdarəsinin xx.xx.2020-ci il tarixli təklifində qeyd edilən qaydada satılan torpaq sahələrinin real bazar qiymətini nəzərə almadığından və mövcud bazar qiymətlərindən aşağı qiymətlərdə özgəninkiləşdirilməsinə yol verdiyindən təkliflə razılaşmış və iddiaçılara torpaq sahəsinin satılması ilə bağlı qəbul etdiyi qərarı xx.xx.2020ci il tarixdə ləğv etmişdir. Bunula belə iş materiallarından görünür ki, cavabdeh orqan sözügedən qərarı qəbul edərkən inzibati icraatı düzgün aparmamış və ümumiyyətlə iddiaçıları qəbul etdiyi qərarla məlumatlandırmamış, əksinə xx.xx.2020-ci il tarixdə iddiaçıların ziyanına qərar qəbul etdiyi tarixdə həm də iddiaçılarla notarial qaydada alqı-satqı müqavilələri bağlamışdır. Odur ki, cavabdeh orqanın bir tərəfdən iddiaçılara satılmış torpaq sahəsi ilə bağlı eyni gündə notarial qaydada alqı-satqı müqavilələri bağlamasında, digər tərəfdən isə iddiaçılara torpaq sahəsinin satılması ilə bağlı qərarı ləğv etməsində ifadə olunan hərəkətləri anlaşılan deyil. İddiaçılara satılmış və alqı-satqı müqavilələri bağlanmış torpaq sahələri ilə bağlı hazırda mübahisələndirilən qərar qəbul edilərkən, torpaq sahələrinin real bazar dəyəri nəzərə alınmasa da, artıq müvafiq torpaq sahələri özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr bağlandığından iddiaçıların bələdiyyə qərarı ilə onlara satılması nəzərdə tutulan torpaq sahələri üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntiləri olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Buna görə də iddiaçıların inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqı olmuşdur. Belə ki, cavabdeh orqan, müvafiq torpaq sahələrinin satılması və torpaq sahəsinin satış dəyərinin müəyyən edilməsi ilə bağlı qərarı qəbul edilərkən son müsabiqədə satılan torpağın hər 0,01 hektarına görə ilkin qiymət 119 manat müəyyən etdiyindən, iddiaçıların cavabdeh inzibati orqanın inzibati praktikasına, onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Belə ki, analoji şərtlər daxilində əvvələr torpaq sahələrinin özgəninkiləşdirilməsi, yenə cavabdehin uyğun qaydada davranacağı ilə bağlı iddiaçılarda haqlı olaraq qanuni gözləntiləri yaratmışdır. Nəzərə alınmalıdır ki, şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir və bu zaman yol verilmiş pozuntulara görə iddiaçıların hüquqlarının pozulması yolverilməzdir. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli 20 saylı qərarı qanunsuz əlverişsiz inzibati akt olduğundan iddiaçılar həmin qərarın ləğvini tələb etməkdə haqlı olmuşlar. «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Həmin qanunun 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə münasibətdə qeyd edilmişdir ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna bilər müddəası digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. İnzibati Prossesual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Oğuz rayon Xalxal bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 20 saylı qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar