Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1026/2025 06.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “iddiaçının sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1958-ci ildə Qax rayonunda anadan olmuşdur. xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən əvvəl (1976-cı il) və xidmətdən sonra yəni 1979-cu il tarixdən 1997-ci il tarixədək müxtəlif Qax rayonu Tasmalı kənd "Kuybişev" kolxozunda kolxozçu kimi işləmişdir. xx.xx.2018-ci il tarixdən vergi orqanında qeydiyyatdan keçərək fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. Yaşa görə əmək pensiyası təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli məktubla mənə yaşa görə pensiya təyin edilməsinin mümkün olmadığmı bildirmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etirazın məktubunda bildirilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-M- 37405/2024 nömrəli məktubunda iddiaçının ümumi stajının 25 ildən az olması qeyd edilərək müraciətin müsbət həlli mümkün olmamışdır. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-37405/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının sosial sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 21 il 8 ay 22 gün təşkil edir. Sözügedən məktuba əsasən, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Kuybışev adına” kolxozda işlədiyi dövrlər əmək kitabçasının doldurulma qaydaları pozulduğundan mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Kuybışev adına” kolxozda işlədiyi dövrün doldurulma qaydasının pozulduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının sözügedən müəssisədə işdən azadolma əmrinə möhürdə vurulmadığından həmin qeydlərin mötəbərliyinə əsaslı şübhə yaratmışdır. Qeyd olunanlardan məlum olduğu kimi, sözügedən qeydin mötəbərliyinə əsaslı şübhələr olduğundan iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Kuybışev adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı xx.xx.2018-ci il tarixdə fərdi sahibkar kimi vergi orqanından qeydiyyatdan keçərək xx.xx.2023-cü il tarixədək fəaliyyət göstərmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Həmçinin nəzərinizə çatdırmaq istərdik ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Kuybışev adma” kolxozda işlədiyi dövrlər mübahisələndirilmədən sığorta stajına daxil edilsə belə 25 ildən az sığorta stajı olacaqdır. Belə ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı xx.xx.2006-cı il tarixədək 16 il 6 ay 22 gün və xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrlər nəzərə alınmaqla (5 il 2 ay) ümumilikdə 21 il 8 ay 22 gün təşkil edir. İddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (9 ay 3 gün) olan mübahisələndirilən əmək fəaliyyəti dövrü mübahisələndirilməyən stajın (21 il 8 ay 22 gün) üzərinə gəldikdə ümumilikdə 22 il 5 ay 25 gün təşkil edəcək ki, bu dövr də iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün kifayət deyildir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbi təmin olunmamışdır.
2. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
3. Dövlət arxivi Şəki filialının xx.xx.2024-cü il tarixli arayışı.
4. Qax rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışının surəti.
5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Qax rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 223 nömrəli arayışı.
6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Qax rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 117 nömrəli arayışı.
7. İddiaçıya məxsus 5/90 nömrəli Kolxozçunun əmək kitabçası.
8. Qax rayon Dövlət arxivinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu. Əsaslandırma hissəsi: Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı 65 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İş materiallarına və iddiaçıya məxsus əmək kitabçasına əsasən onun tələb olunan 25 il sosial sığorta stajı mövcud deyildir. Belə ki,iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər hərbi xidmət dövrü, müxtəlif yerlərdə əmək fəaliyyəti göstərdiyi dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyini şərtlərindən biri olan minimum sosial sığorta stajı tələbinin ödənilmədiyi müəyyən edilir. İddiaçıya məxsus 5/90 nömrəli Kolxozçunun əmək kitabçasına əsasən onun əmək fəaliyyəti dövrü başlandığı tarixdən (xx.xx.1976-cı ildən) başa çatdığı tarixədək (1997-ci ilə qədər) olan dövrdən ibarətdir.İddiaçı 1976-cı ildə 63, 1997-ci ildə 47 adam günü işləmişdir.Həmçinin,iddiaçının 6 aprel 1984-cü ildən 21 may 1988-ci ilədək olan dövrdə əmək fəaliyyətinə dair sənəd mövcud deyildir.Bundan başqa iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrlər nəzərə alınmaqla (5 il 2 ay) onun ümumi sosial sığorta stajı 25 ildən azdır. Göründüyü kimi məhkəmə tərəfindən qalan mübahisələndirilən bütün dövrlərin nəzərə alınması halında belə iddiaçının ümumi sosial sığorta stajı 25 ildən azdır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Yaşa görə əmək pensiyasının təyin edilməsinin digər əsası isə şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınması ilə bağlıdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2018 - xx.xx.2023 tarixləri aralığında ümumilikdə 2630,48 manat və xx.xx.2024-cü il tarixdə cəmi 14 manat məbləğində ödəniş edilmişdir. Lakin, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından sözügedən normanın iddiaçıya tətbiqi nəzərdə tutulmamışdır. Məhkəmə aşağıdakı qanunvericilik aktlarının müddəalarını hazırkı iddia tələbinə tətbiq edərək iddianı əsassız hesab edir: “Əmək pensiyaları” haqqında Qanunun : 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki,vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən müvafiq ödənişlər “daşımalar üzrə sadələşdirilmiş vergi” təyinatı üzrə ödənilmişdir.İddia olunan dövrə münasibətdə ödəmənin aparılmaması iddiaçının pensiya hüququnun yaranmasının əsası kimi “Əmək pensiyaları” haqqında Qanunun 22-1.1-ci maddəsinin tətbiqini istisna edir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki,iddiaçının yuxarıda qeyd olunan hər iki əsasla hüququ yaranmadığından cavabdehin imtinası əsaslı olmuşdur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə