Məhkəmə qərarları › İş №2-1(116)-1028/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1028/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1028/2020 05.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “təhsil dövrünə görə yenidən hesablanmış pensiyasını pensiya hüququnun yarandığı xx xxxxxx 2010-cu il tarixindən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Şəki İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-347/2019 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının üzərinə İddiaçı xx xxxxxxxx 1966-cı il tarixindən xx xxxxxx 1971-ci il tarixinədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh orqan iddiaçının pensiyasını təhsil dövrünə əsasən yenidən hesablasa da hesablamanı iddiaçının pensiyaya çıxdığı tarixdən deyil 3 (üç) il əvvəldən hesablayaraq ödəmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan onun pensiyasını hesablayarkən qanunu düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının pensiyası onun pensiyaya çıxdığı tarixdən hesablanıb ödənilməli idi. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı Əziz oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “təhsil dövrünə görə yenidən hesablanmış pensiyasının pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tələbinə zidd olduğu üçün qəbul edilə bilməz və iddia rədd edilməlidir. İddiaçı xx.xx.2010-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunaraq ödənilir. İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına ərizə ilə müraciət edərək 1966-1971-ci illər əyani təhsil dövrünün ümumi iş stajının tərkibinə daxil edilərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçı tələbi qanuna zidd olduğu üçün pensiya təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli qərarı ilə mümkün hesab edilməmiş, lakin Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-347/2019 nömrəli qərarına əsasən 1966-1971-ci illər əyani təhsil dövrü iddiaçının sığorta sajına daxil edilərək pensiya yenidən haqq-hesab edilmiş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunununun 32.1-1-ci maddəsimə uyğun olaraq müraciət etdiyi tarixdən əvvələ 3 (üç) il üçün hesablanmaqla ödənişi təmin olunmuşdur. Belə ki, xx xxxxxx 2006-cı il tarixdən Azərbaycan Respublikası ərazisində vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə yeni 32.1-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli “Etiraza əlavə” məktubunda orqan qeyd etmişdir ki, İddiaçı Əziz oğluna xx.xx.2010-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunaraq ödənilir. xx.xx.2018-ci il tarixdə İddiaçı Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon filialına ərizə ilə müraciət edərək 1966-1971-ci illər üzrə əyani təhsil aldığı dövrün ümumi iş stajına daxil edilərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)- 347/2020 saylı qərarına əsasən iddiaçının 1966-1971-ci illər üzrə əyani təhsil aldığı dövr onun sosial sığorta stajına daxil edilərək pensiya təyin edilmiş və Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq müraciət etdiyi tarixdən əvvələ 3 (üç) il üçün hesablanmaqla ödənişi təmin edilmişdir. Daha sonra, İddiaçı xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon filialına yenidən müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (84)-347/2020 saylı qərarınaa əsasən iddiaçının 1966-1971-ci illər əyani təhsil aldığı dövr onun sosial sığorta stajına daxil edilərək pensiya təyin edilmiş və Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq müraciət etdiyi tarixdən əvvələ 3 (üç) il üçün hesablanmaqla ödənişi təmin edilmişdir, qanunvericiliklə daha əvvəlki dövrdən pensiyanın təyin olunub ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli, 03/2020 saylı qərardadına əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərardadından da göründüyü kimi, iddiaçıya müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il ödənildiyindən, ondan öncəki illərin ödənilməsi qanuna müvafiq deyildir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(84)-347/2019 nömrəli Qərarı ilə həmin iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “xx xxxxxxxx 1966-cı il tarixdən xx xxxxxx 1971-ci il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmişdir. Cavabdeh orqan tərəfindən Qərardan verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-212/2019 nömrəli Qərarı ilə təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-347/2019 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh orqan tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)- 2084/2019 nömrəli Qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-212/2019 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********3 nömrəli imtina məktubu, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-347/2019 nömrəli Qərarının təsdiq edilmiş surəti, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-212/2019 nömrəli Qərarının təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-2084/2019 nömrəli Qərarının təsdiq edilmiş surəti, cavabdeh orqanın etiraz məktubu və xx.xx.2020-ci il tarixli etiraza əlavəsi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-347/2019 nömrəli Qərarını icra edən cavabdeh orqan iddiaçının pensiyasını yenidən haqq-hesab edərkən məbləği onun pensiyaya çıxdığı gündən deyil, müraciət etdiyi xx.xx.2018-ci il tarixdən əvvəlki 3 (üç) il müddət üçün hesablayaraq ödəmişdir. Beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli, 03/2020 saylı Qərardadına əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmədə baxılan hazırkı işdən göründüyü kimi iddiaçının pensiya hüququ xx.xx.2010-cu il tarixdə (2017-ci il 01 iyul tarixindən əvvəl) yaranmış və iddiaçı pensiyasının yenidən hesablanması üçün inzibati orqana xx.xx.2020-ci il tarixdə (2017-ci il 01 iyul tarixindən sonra) müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının pensiya məbləğini doğru müddət aralığında hesablamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “təhsil dövrünə görə yenidən hesablanmış pensiyasını pensiya hüququnun yarandığı xx xxxxxx 2010-cu il tarixindən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar