Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1028/2021 23.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin enerji təchizatına qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ünvan 1 ünvanında 0,0302 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur və onun mülkiyyət hüququ 15.09.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdeh "xxxx" ASC-yə 24.12.2020-ci ildə, sonra isə təkrarən 08.04.2021-ci ildə ərizə ilə müraciət edərək, həmin evin elektrik enerjisi ilə təmin olunmasını xahiş etmiş, lakin cavabdeh müvafiq olaraq 13.01.2021-ci il və 26.04.2021-ci il tarixli məktublarla bundan imtina edərək bildirmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi 110/35/10 kV-luq "Yevlax" yarımstansiyasından çıxan 110 kV-luq "Ucar 1-2" hava elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəbdən yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi mümkün deyildir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialına qarşı "mülkiyyətində olan Yevlax şəhəri F.Məmmədov küçəsi 61 ünvanında yerləşən fərdi yaşayış evinin enerji təchizatına qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, həmin mühafizə zonasında ona məxsus fərdi yaşayış evi ilə yanaşı onlarla ev yerləşir. Həmin evlər elektrik enerjisi ilə təmin olunmuş, yalnız ona məxsus fərdi yaşayış evi enerji ilə təmin olunmamışdır. Daha sonra məhkəmənin yardım məktubuna uyğun olaraq iddiaçı məhkəməyə yeni iddia ərizəsi verərək, eyni tələbi cavabdeh "xxxx" ASC-yə qarşı irəli sürmüşdür. İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da iddiaçıya məxsus olan Yevlax şəhəri F.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinin nömrəsi 61A olduğu halda, iddia ərizəsində səhvən 61 nömrəli evin enerji təchizatına qoşulması xahiş edildiyinə görə məhkəmə tərəfindən iddiaçıya müvafiq yardım edilmiş və iddiaçı məhkəməyə yeni iddia ərizəsi verərək, enerji təchizatına qoşulmasını tələb etdiyi ev kimi 61A nömrəli evi göstərmişdir. Məhkəmənin 27.10.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, cavabdehin 26.04.2021-ci il imtina məktubundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi 110/35/10 kV-luq "Yevlax" yarımstansiyasından çıxan 110 kV-luq "Ucar 1-2" hava elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəbdən yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi mümkün deyildir. - İşdə olan, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialının 27.04.2021-ci il tarixli məktubundan görünür ki, 110 kVluq "Ucar 1-2" hava elektrik verilişi xətti fərdi yaşayış evinin tikildiyi F.Məmmədov küçəsi boyunca parallel quraşdırılmışdır. 110 kV-luq elektrik xətti ilə yaşayış evinin həyətyanı ərazisinin çöl hasarının arasındakı məsafə təqribən 12 metrdir. Həmçinin, hava elektrik verilişi xəttinin küçə ilə çəkilməsi ona texniki xidmət göstərilməsi üçün maşın və mexanizmlərin hərəkətinə maneə yaratmır. Yevlax şəhəri F.Məmmədov küçəsində iddiaçıya və bir neçə vətəndaşa məxsus fərdi yaşayış evləri istisna olmaqla, ərazidə xəttin mühafizə zonasında yerləşən fərdi evlər və müxtəlif təyinatlı obyektlər enerjitəchizatı müəssisəsi tərəfindən sayğac quraşdırılaraq elektrik enerjisi ilə təmin edilir. Yaşayış massivində enerjitəchizatı müəssisəsi tərəfindən 0,4 kV-luq şəbəkə qurulmuş və istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın 2-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Bu Qaydaların 12-ci bəndinə əsasən isə, elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Lakin Qaydalarda elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən tikinti obyektlərinin elektrik enerjisi təchizatına dair məhdudiyyətlər qoyulmamışdır. Bu səbəbdən də fərdi yaşayış evinin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsi onun enerji təchizatı şəbəkəsinə qoşulmasından imtina olunmasına əsas ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.02.2020-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydası"nın 2.5.14.7-ci yarımbəndinə əsasən, yüksək gərginlikli 110 kV-luq hava elektrik verilişi xətləri yaşayış yerlərindən keçdikdə hava xəttinin kənar naqillərindən, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə 4 metrdən az olmamalıdır. Göstərilənlər nəzərə alınaraq, iddiaçının fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması məsələsinə yenidən baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktuba cavab olaraq fərdi yaşayış evinin 110/35/10 kV-luq "Yevlax" yarımstansiyasından çıxan iki dövrəli 110 kV-luq "Ucar 1-2" hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyi üçün elektrik sayğacının quraşdırılmasının yolverilməz olduğu bildirilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası"nın 1.3-cü bəndinə əsasən, bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə (enerji təchizatı şəbəkəsinə) qoşulma hüququ vardır. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən, sifarişçinin tikinti obyektinin ETŞyə qoşulması ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin edilməlidir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞyə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2018ci il tarixli 327 nömrəli qərarı ilə təsdiq edilmiş "Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği"nə əsasən, güc 5 kVt-a qədər (5 kVt da daxil olmaqla) olduqda qoşulma haqqının məbləği (ƏDV ilə) 160 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın 2-ci bəndinin ikinci cümləsinə əsasən, elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Həmin Qaydaların 12-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, malqaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.02.2020-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydası"nın 2.5.14.7-ci yarımbəndinə əsasən, kənar HX naqillərindən, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə göstərilənlərdən az olmamalıdır: 2 m - gərginliyi 20 kV-dək olan HX üçün, 4 m - gərginliyi 35-110 kV olan HX üçün, 5 m - gərginliyi 150 kV olan HX üçün və 6 m – gərginliyi 220 kV olan HX üçün. İşdən görünür ki, iddiaçı cavabdehdən imtina aldıqdan sonra məsələ ilə əlaqədar Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialına müraciət etmiş və həmin filial mübahisəni araşdıraraq iddiaçıya cavab vermişdir. Həmin cavab məktubunda iddiaçının evini elektrik enerjisi ilə təmin etməkdən "xxxx" ASC-nin imtinasının əsassız olması bildirilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normalarda elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağan edilsə də, bu zonalarda yerləşən tikinti obyektlərinin elektrik enerjisi təchizatını qadağan edən heç bir müddəa yoxdur. Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsi, müəssisələrin fəaliyyətinin təhlili, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsi, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanması, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilinin həyata keçirilməsi məqsədilə ölkə başçısının 22.12.2017-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "X5 Agentliyi"nin Mingəçevir filialı da hazırkı mübahisə ilə bağlı eyni məzmunlu rəy vermişdir. Digər tərəfdən, müəyyən edildi ki, "Mərkəzi Aran" X13 və Satışı İdarəsinin Yevlax elektrik şəbəkəsi "Mərkəzi Aran" X13 və Satışı İdarəsinə 12.10.2021-ci il tarixli "Xidməti məlumat" verərək bildirmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz etmək üçün 10 kV-luq Kür hava xəttindən qidalanan ******* nömrəli 400 kVA KTM-nin 9 nömrəli dəmir dayağından 12 metr uzunluğunda SİP2x10 markalı kabel xətti çəkilməlidir. İddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi küçənin əhalisi vaxtilə Yevlax şəhər xəstəxanasının tikildiyi ərazidə yaşamış, xəstəxananın tikintisinə başlananda həmin əhali oradan köçürülmüş və hal-hazırda adı çəkilən küçədə məskunlaşmışdır. Küçə "xxxx" ASC-nin layihəsi əsasında 2009-cu ildə Azenko tərəfindən kabelləşdirilmiş və abonentlərə məxsus sayğaclar həmin xəttə köçürülmüşdür. Həmin küçədə 110 kV-luq EVX keçir. Yeni sayğacların quraşdırılmasına görə müraciətlər "Asan Xidmət" mərkəzinə keçdikdən sonra iddiaçıya məxsus fərdi yaşayış evi 110 kVluq EVX-nin mühafizə zonasının 12 metrliyində olduğu üçün həmin evə sayğacın quraşdırılmasına "xxxx" ASC-nin Texniki şərtlər şöbəsi tərəfindən imtina verilmişdir. Həmin "Xidməti məlumat"dan aydın olur ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi küçənin əhalisinin yaşadığı ərazidə Yevlax şəhər xəstəxanasının binası tikilməyə başlamış, bu səbəbdən həmin əhali oradan köçürülmüş və hal-hazırda Yevlax şəhəri F.Məmmədov küçəsində məskunlaşmışdır. Küçə "xxxx" ASC-nin layihəsi əsasında 2009-cu ildə kabelləşdirilmiş və abonentlərə məxsus sayğaclar həmin xəttə köçürülmüşdür. Eyni zamanda, məhkəmənin 28.09.2021-ci il tarixli məktubu ilə cavabdehə sorğu edilərək, Yevlax şəhəri F.Məmmədov küçəsində iddiaçının evi ilə qonşuluqda yerləşən fərdi yaşayış evlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasını təsdiq edən sənədlər tələb edilmişdir. Cavabdeh tərəfindən həmin sorğuya cavab olaraq məhkəməyə göndərilmiş 06.01.2020-ci il tarixli "Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə"lərdən görünür ki, "xxxx" ASC iddiaçı ilə eyni küçədə yaşayan X6, X16, X7, X11, Əzizov Rafiq, X3, Şirinov Eldar, Mikayılov Çingiz, X4, Abdullayev Abdulla, X12 adlı şəxslərlə müqavilə bağlayaraq onları elektrik enerjisi ilə təmin etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Ona görə də cavabdeh "xxxx" ASC özünün tətbiq etdiyi inzibati praktikaya zidd olaraq iddiaçının evini elektrik enerjisi ilə təmin etməkdən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia əsaslıdır, bu səbəbdən də təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin enerji təchizatına qoşulması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1028/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1028/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver