Məhkəmə qərarları › İş №2-1(116)-1029/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1029/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1029/2024 02.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 17 saylı Yevlax ərazi idarəsinə qarşı “JN 3185A saylı şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsi üzərində X8, X9, İddiaçı, X10 və (Cəlilova) X1 ümumi birgə mülkiyyət hüququnu qeydə alınaraq çıxaırşın evin texniki sənədində göstərilən 0.048 ha torpaq sahəsini X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “xx.xx.2007-ci il tarixdə vəfat etmiş X6 verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarziyası və qiymətləndirilməsinə aid “pasporta” əsasən 0.1162 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması (çıxarışın verilməsi), torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “JN 3185A saylı şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsi üzərində X8, X9, İddiaçı, X10 və (Cəlilova) X1 ümumi birgə mülkiyyət hüququnu qeydə alınaraq çıxaırşın evin texniki sənədində göstərilən 0.048 ha torpaq sahəsinin X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının atası X8 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İddiaçı “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarziyası və qiymətləndiriləməsinə aid pasporta” əsasən 0.1162 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması (çıxarışın verilməsi), torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi müraciətinə imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, təqdim edilən sənədlər toplusu (surətləri) ekspertiza edilərək araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının faktiki istifadə etdiyi 0.1162 ha torpaq sahəsinin 0.06093 ha hissəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinin (4 nəfər) ümumbirgə mülkiyyətinizə verilmiş və onlara ləğv olunmuş DTXK-nin Ağdaş şöbəsi tərəfindən JN- 3185A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Hüquqmüəyyənedıci sənəd Ağdaş rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında ləğv olunmuş DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən verildiyi üçün, müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin və dəyişikliyin edilməsi və ya həmin sənədin ləğv edilməsi 17 saylı Yevlax Ərazi idarəsinin səlahiyyətinə aid deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubunun məzmuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. ЖГ-İİ 443833 seriya nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X8 xx.xx.1972-ci il tarixdə vəfat etmişdir.

2. Az-İİ 260253 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X8 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.

3. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

4. JN-3185A saylı 90301004 kodlu Şəhadətnamədən görünür ki, 0,06 ha torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 nömrəli qərarı ilə X8 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

5. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2360 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X3 xüsusi mülkiyyətindədir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Ağdaş şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X8 və ailə üzvləri X9, İddiaçı, X10 və (Cəlilova) X1 adları qeyd olunmuşdur.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-553/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, X4 verilmiş fərdi yaşayış evinin yerləşdiyi 1161.5 kv.m torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkündür. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmə yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Ağdaş bələdiyyəsinin “X2 X7”ndəki xəritəsinə əsasəsn, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqlar, uqodiyası - tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Ağdaş bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. JN-3185A KOD 90301004 nömrəli “Torpaqğın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsi fərdi yaşayış evinin yerləşdiyi 1161.5 kv.m torpaq sahəsinin koordinatları daxilində yerləşir. Faktiki istifadə olunan torpaq sahəsi JN-3185A KOD 90301004 nömrəli "Torpaqğın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. JN-3185A KOD 90301004 nömrəli “Torpaqğın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, X8 və ailə üzvlərinin adına JN-3185A KOD 90301004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməkdə hüquqi marağı Şəhadətnamə ilə mülkiyyətə verilməyən və faktiki istifadəsində olan 0.048 ha torpaq sahəsinin mərhum X6 məxsus olmasına dair elektron arayışın və 0,06 ha torpaq sahəsi üzərində X8 və şəhadətnamədə adları göstərilən şəxslərin ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarətdir. Yuxarıda qeyd olunan mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin ümumi ölçüsü 1080 kv.m-dən ibarətdir. Yəni iddia olunan torpaq sahəsi şəhadətnaməyə əsasən verilmiş 0,06 ha torpaq sahəsində əhatə edir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Cavabdeh imtinasının əsasını iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi təşkil edir. Məhkəmə imtinanı əsassız sayaraq qeyd edirm ki,iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əsası kimi iki hüquqmüəyyənedici sənəd təqdim edilmişdir :

1. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2360 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X3 xüsusi mülkiyyətindədir.Həmin evin yerləşdiyi torpaq sahəsinə dair dair tərtib edilmiş texniki pasportda torpağın faktiki sahə 1161,5 kv.m olduğu qeyd edilmişdir.

2. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 nömrəli qərarı əsasında JN-3185A KOD 90301004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə əsasən 0.06 ha torpaq sahəsi ümumi birgə mülkiyyətə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən : 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun : 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. X8 vəfat etdiyindən hazırda həmin torpaq sahəsinin mərhuma məxsus olması barədə qərar qəbul edilə bilər. Göründüyü kimi, iddia olunan torpaq sahəsi aqrar islahatdan əvvəl də X14 və ailə üzvlərinin istifadəsində olmuşdur. Qeyd olunanlara əsasən iddia təmin edilməli, iddiaçının atası X3 adına qeydə alınmış ünvan 1 yerləşən (JN-3185A KOD 90301004 saylı Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməyən hissədə) 0.048 ha torpaq sahəsinin mərhum X6 məxsus olmasına dair elektron arayışın və 0,06 ha torpaq sahəsi üzərində X8 və şəhadətnamədə adları göstərilən şəxslərin ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə fərdi yaşayış evinin texniki sənədində göstərilən 0,048 ha torpaq sahəsinin X6 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi, JN 3185A saylı Şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsi üzərində X8, X9, İddiaçı, X10 və Cəlilova (Məmmədova) Gülnar Aydın qızının ümumi birgə mülkiyyət hüququnu qeydə alınaraq çıxarışın öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar