Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-103/2020 07.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi X1 katibliyiilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “böyrək daşları, böyrək daşı xəstəliyi, digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” xəstəliyinə görə ona İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1958-ci ildə Göyçay rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra, yaşadığı rayonda əmək fəaliyyətinə başlamışdır. İlk əvvəl bir sıra idarə və təşkilatlarda işləsə də, sonradan müstəqil fəaliyyətlə, yəni vətəndaşların gündəlik istifadə etdiyi məişət avadanlıqlarınını (paltaryuyan, tozsovuran və.s) təmir edib ailəsini dolandırır. Təxminən 2006-ci ilin əvvələrində səhhətində problemlər yaranmış, bu məqsədlə müayinə və müalicə olunmaq üçün həkimə müraciət etmişdir. Müayinə zamanı böyrəklərində daşların olması müəyyən edilmiş və ona “xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” diaqnozu qoyulmuşdur. Həkimlərin məsləhəti ilə bir müddət müalicə olunsa da, xəstəliyi tam sağalmamış, ömrünün sonuna qədər sözügedən xəstəliklə mübarizə aparacağını bildirmişlər. Xəstəliyi ilə əlaqədar 15.07.2016-cı il tarixdən Göyçay rayon Mərkəzi Xəstəxanasında qeydiyyata alınaraq, ambulator, eləcə də stasionar qaydada müalicə olunmuşdur. 21.07.2016-cı il tarixdən 06.08.2016-cı il tarixədək stasionar qaydada Göyçay rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra, əlillik təzahürlərinin olması müəyyən edilmiş, bu səbəbdən 07.10.2016-cı il tarixdə Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına 07.10.2016-cı il tarixli 0276003AAEYS nömrəli göndəriş vərəqəsi göndərilmiş, həmin göndəriş əsasında cavabdeh qurum “böyrək daşları, börək daşı xəstəliyi, digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” xəstəliyindən əziyyət çəkdiyini təsdiq edərək, ona 10.10.2016-cı il tarixdən İİ qrup əlillik təyin etmiş və pensiya təyin edilməsi üçün zəruri sənədləri DSMF-nın Göyçay rayon Şöbəsinə göndərmişdir. 18.03.2019-cu il tarixdə cavabdeh qurum 07.10.2016-cı il tarixli 0276003AAEYS nömrəli göndəriş vərəqəsi əsasında əlillik dərəcəsini təyin etməkdən imtina etmiş, imtinasının səbəbi kimi diaqnozun əlillik əlamətini təyin etməyə imkan vermədiyini göstərmişdir. Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş 07.10.2016-cı il tarixli 0276003AAEYS nömrəli göndərişdə əsas diaqnoz kimi böyrək daşları, börək daşı xəstəliyi, ağırlaşma kimi digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ göstərilmişdir. Göstərilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən İİ qrup əliliyin təyin edilməsinə əsas kimi müəyyən edilmişdir. Cavabdeh imtina qərarında qiymətləndirmə tarixini 17.11.2016-cı il tarix qeyd etsə də, Göyçay rayon Mərkəzi Xəstəxanasının 07.10.2016-cı il tarixli 0276003AAEYS nömrəli göndərişindən, eləcə də cavadehin 10.10.2016-cı il tarixli ona İİ qrup əlillik dərəcəsi təyin etməsi barədə qərarından görünür ki, Göyçay rayon Mərkəzi Xəstəxanasında göndərişin rəsmiləşmə tarixi 07.10.2016-cı il tarix, etibarlılıq müddəti 07.11.2016-cı il tarix, göndəriş əsasında qiymətləndirilmənin keçirildiyi tarix isə 10.10.2016-cı il tarix göstərilmişdir. Göründüyü kimi cavabdeh əsassız və qanunsuz olaraq, Göyçay rayon Mərkəzi Xəstəxanasının 07.10.2016-cı il tarixli 0276003AAEYS nömrəli göndərişinin etibarlılıq müddəti bitdikdən sonra, qiymətləndirmə aparmışdır. Cavabdehin etirazı: Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0276003AAEWN saylı göndərişi əsasında 10.10.2016-cı il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndəriş əsasında X4 qiymətləndirmə aparılmışdır. Qeyd olunan göndərişdə xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri qeyd edilmədiyinə görə əlillik təyinatı mümkün olmamış və imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişikliklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2. bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı effektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Əlilliyin müəyyən edilməsi zamanı TSEK tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmiş, İddiaçı hüquqlarını məhdudlaşdıracaq heç bir hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçı Azərbaycan Respublikasında aldığı travma ilə bağlı səhhətində ağırlaşma olduğu halda səhiyyə müəssisəsi tərəfində müayinə edildikdən sonra göndəriş rəsmiləşdirildiyi təqdirdə əlillik vəziyyəti iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, 20 saylı Tibbi Sosial Ekspert Komissiyasının 10.10.2016-cı il tarixli xxxxxxx0001 nömrəli məlumatı, 0276003AAEYS nömrəli, 0276003AAEWN nömrəli Göndərişləri, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 10.10.2019-cu il tarixli **********3 nömrəli, 09.04.2019-cu il tarixli **********4 nömrəli məktubları, 04.12.2019-cu il tarixli Çıxarış, Tibbi Ərazi Bölmələrini X2 Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinin 13.01.2020-ci il tarixli 61 nömrəli məktubu, ƏƏSMN 20 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 09.01.2020-ci il tarixli 1 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçıya ona İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin qərarı təqdim edilməmiş, ona bu barədə məlumat verilməmişdir. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İşdə olan, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 10.10.2019-cu il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti 10.10.2016-cı il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrini X2 Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinin 13.01.2020-ci il tarixli 61 nömrəli məktubundan görünür ki, İddiaçı 15.07.2016-cı il tarixdən “Böyrək daşı xəstəliyi, kalkulyoz pielonefrit, böyrək çatışmazlığı İİ mərhələ” diaqnozu ilə qeydiyyatdadır və xəstəyə imtina cavabı etibarlılıq müddəti bitmiş sənəd əsasında verilmiş və bu barədə vətəndaşa heçbir məlumat verilməmişdir. İşdə olan 0276003AAEYS nömrəli göndərişdən görünür ki, sənədin etibarlılıq tarixi 07.11.2016-cı ildə bitmişdir. İşdə olan 0276003AAEWN nömrəli göndərişdən görünür ki, sənədin etibarlılıq tarixi 10.10.2016-cı ildə bitmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İşin hallarından müəyyən olunur ki, mübahisəli 17.11.2016-cı il tarixli qərar etibarlılıq müddəti bitmiş sənəd əsasında verilmiş və bu barədə vətəndaşa heçbir məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana dəfələrlə məktub göndərilərək, mübahisəli qərarın qəbul olunmasına səbəb olmuş hallar və səbəblər barədə məlumat verməsi tələb olunsa da, cavabdeh tərəfindən iddianın əsassızlığına, mübahisəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğuna dair sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.2.6-cı bəndə əsasən ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) zamanı ikinci dərəcə əlillik təyin edilir. İddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında” Əsasnamənin: 4.1-ci bəndinə əsasən Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bəndinə əsasən Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.3-ci bəndinə əsasən Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.6-ci bəndinə əsasən Göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. 4.7-ci bəndinə əsasən Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. 4.8-ci bəndinə əsasən TSEK-ə göndərişin forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir. 4.9-2-ci bəndinə əsasən Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir. 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. “İnzibati icraat haqqında” 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İşdə olan 0276003AAEYS nömrəli göndərişdən görünür ki, sənədin etibarlılıq tarixi 07.11.2016-cı il tarixində, 0276003AAEWN nömrəli göndərişdən görünür ki, sənədin etibarlılıq tarixi 10.10.2016-cı ildə bitmişdir. Cavabdeh inzibati orqan həmin vaxt qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.6-cı bəndinin tələblərinə zidd olaraq 17.11.2016cı il tarixində qanunsuz qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. İddiaçı İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 17.11.2016-cı il tarixli qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-103/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-103/2020
07.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver