Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-103/2021 24.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı cavabdeh Ağsu rayonu, Xanbulaq bələdiyyəsinə qarşı “icarəsində olmuş və hazırda istifadəsində olan 100 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Ağsu rayonu, Xanbulaq bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “icarəsində olmuş və hazırda istifadəsində olan 100 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Ağsu rayonu, Yenilik bələdiyyəsindən 100 ha torpaq sahəsini iddiaçı icarəyə götürmüş və 17 il istifadə etmişdir. Lakin torpaq sahəsindən iddiaçının istifadə etməsinə bələdiyyə tərəfindən maneələr yaradılır. İddiaçı cavabdeh orqana müraciət edərək, icarə müqaviləsinin müddətinin uzadılmasını xahiş etsə də, onun müraciəti cavabsız qalmışdır. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 11 nömrəli məktubunda iddia tələbinə münasibət bildirərkən qeyd etmişdir ki, İddiaçı 2006-cı ildə Ağsu rayonun Qaraqoyunlu kənd sakini X1 100 hektar icarə torpaq sahəsini almışdır. Ş.Muradov da həmin torpaq sahəsini 2002-ci ildə Ağsu rayon Yenilik (indiki Xanbulaq) bələdiyyəsindən 15 il müddətinə icarəyə götürmüşdür. Həmin icarə müddətinin vaxtı 2017ci ilin noyabr ayında başa çatmışdır. Bundan sonra Gürcüvan bələdiyyəsinin sədri (indiki Xanbulaq) S.Məmmədov İddiaçı 100 hektar torpaq sahəsinə yenidən icarə müqaviləsi bağlamaq üçün xx xxxxxx 2018-cu ildən, xx xxxxxx 2019-cu ilə kimi protokol tərtib edərək qərar qəbul etmişdir. Lakin məktuba əlavə sənədlərin toplanmadığından bələdiyyənin protokolları bələdiyələrin iş mərkəzində ləğv edilmişdir. Bundan əlavə olaraq sabiq bələdiyyə sədri S.Məmmədov tərəfindən xx xxxxxx 2007-ci ildə saxta protokol tərtib olunaraq İddiaçı verilməsi barədə Ağsu rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il qərarı və xx xxxxxx 2019-cu il tarixli Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1- (107)-303/2019 saylı Süleyman Məmmədov haqqında qərarı qəbul olunmuşdur. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 1(016)-29/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.1965-ci ildə Kürdəmir rayonu Hacıabdulkərimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, ali təhsilli, Ağsu rayonu Xanbulaq kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən, məhkumluğu olmayan, Ağsu rayonu Elabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, X4 Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-303/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə zərərçokmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Xanbulaq bələdiyyəsinin sədri X3 məhkəməyə xx.xx.2021-ci il tarixli, AZ0600/********** nömrəli teleqram ünvanlamış və qeyd etmişdir ki, iddiaçı onun işlədiyi müddətdə bələdiyyəyə ona 100 ha torpaq sahəsinin icarəyə verilməsi barədə rəsmi müraciət etməmişdir. Buna baxmayaraq əgər İddiaçı rəsmi müraciət etsə belə qeyd olunan 100 ha ərazi bələdiyyəyə məxsus dörd kəndin ümumi örüş sahəsidir. Həmin ərazidə əhali öz mal-qarasını saxlayır. İddiaçı qanunsuz olaraq əraziləri, örüş sahələrini əkərək qanun pozuntusuna yol vermişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Belə ki, iddiaçının müraciəti əsasında cavabdeh müvafiq inzibati aktın, yəni bələdiyyə qərarının qəbul edilməsindən imtina etmişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində irəli sürülməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdehə müraciət etmiş, sonuncu müraciəti cavablandırmadığı üçün hazırki mübahisə yaranmış və iddiaçı hazırki iddianı irəli sürmüşdür. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-303/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs X6 sаir şəxsi niyyətlə rəsmi sənəd hesаb edilən «Аğsu rаyоnu Yenilik bələdiyyəsinin 12 оktyаbr 2007-ci il tаrixli, 10 sаylı prоtоkоlu»ndаn çıxаrışа, «Tоrpаq sаhəsinin icаrəyə verilməsi hаqqındа 12 оktyаbr 2007-ci il tаrixli №09 sаylı müqаvilə»yə və «Dövlət Tоrpаq və Xəritçəkmə Kоmitəsinin Аğsu rаyоn şöbəsinin xx.xx.2007-ci il tаrixli rəyi»nə Аğsu rаyоnu Pirhəsənli kənd sаkini Bədəlоv Firuz Mааrif оğlunа Yenilik bələdiyyəsinin mülkiyyətinə verilmiş tоrpаqlаrdаn 100,0 hektаrının icаrəyə verilməsi hаqqındа bilə-bilə yаlаn məlumаtlаr dаxil etməklə, vəzifə sаxtаkаrlığı cinаyət əməlini törətmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı 2006-cı ildə Ağsu rayonun Qaraqoyunlu kənd sakini X1 100 hektar icarə torpaq sahəsini etibarnamə əsassında almış, özü bələdiyyə ilə müqavilə bağlamamışdır. Həmçinin Xanbulaq bələdiyyəsinin sədri X2 məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, AZ0600/********** nömrəli teleqramda iddiaçının tələb etdiyi 100 ha ərazinin bələdiyyəyə məxsus dörd kəndin ümumi örüş sahəsi olması, həmin ərazidə əhalinin öz mal-qarasını saxlaması qeyd olunmuşdur. "Bələdiyyə tоrpаqlаrının idаrə edilməsi hаqqındа" Аzərbаycаn Respublikаsı Qаnununun: 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 4.0-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 11.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 11.11-ci maddəsinə əsasən, icarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 720.1-ci maddəsinə əsasən, icarəçi icarəyə verəndən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda tələb edə bilər: 720.1.1. müəssisənin icarəyə götürüldüyü halda bu müəssisə icarəçinin mövcudluğunun iqtisadi əsasını təşkil etdikdə; 720.1.2. torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 16-cı maddəsinin 4-cü bəndinə əsasən, yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. İstinad olunan mülki qanunvericiliyin müddəalarında icarəçinin torpaq icarəsi müqaviləsindən irəli gələn hüquq münasibətlərinin müqavilə ilə müəyyən edilmiş müddət bitdikdən sonra davam etdirilməsini tələb etmək əsasları və qaydaları müəyyən edilmişdir. Maddədə torpaq üzərində yerləşən müəssisə və üzərində müəssisə yerləşən torpağın icarəsi müqavilələri üzrə hüquq münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Yəni, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini icarəçi göstərilmiş iki halda tələb edə bilər. İşin hallarından göründüyü kimi isə, iddiaçıya bələdiyyə tərəfindən ümumiyyətlə torpaq sahəsi verilməmiş və həmin sahəyə dair iddiaçı ilə müqavilə bağlanmamışdır. Beləliklə, mülki qanunvericiliyin tələbləri baxımından iddiaçının torpaq icarəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi və onunla icarə müqaviləsinin bağlanmasını tələb etmək hüququ yaranmamışdır. Torpaq qanunvericiliyin tələblərinə görə isə otlaq sahələrinin icarə müddəti başa çatdıqdan sonra yeni müqavilə yalnız torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin sahənin bir qayda olaraq on ildən on beş ilədək verilə bilməsi ifadəsi isə onu ehtiva edir ki, bu müddətlərdən istisnalar qanun pozulması kimi qiymətləndirilməməlidir. Sadalanmış qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdehin iddiaçı ilə icarə müqaviləsinin bağlanması öhdəliyi yaranmadığından, iddiaçının tələbinin hüquqi əsası mövcud deyil. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər isə "Bələdiyyə tоrpаqlаrının idаrə edilməsi hаqqındа" Аzərbаycаn Respublikаsı Qаnununun 16-cı mаddəsində nəzərdə tutulmuşdur. Həmin mаddədə deyilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia olunan torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi üçün heç bir qanuni əsas mövcud olmadığından iddia tələbi təmin edilməməlidir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Ağsu rayonu, Xanbulaq bələdiyyəsinə qarşı “icarəsində olmuş və hazırda istifadəsində olan 100 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-103/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-103/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver