Məhkəmə qərarları › İş №2-1(116)-103/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-103/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-103/2025 21.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının hüquqi varisi X1 iştirakı ilə, İddiaçı hüquqi varisi X1 Cavabdehnə qarşı “iddiaçının əlilliyinin dayandırılması ilə əlaqədar cavabdehin qərarının ləğv edilməsi və iddiaçının vəfat etdiyi xx.xx.2025-ci il tarixədək əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının əlilliyinin dayandırılması ilə əlaqədar verilən qərarın ləğv edilməsi və müddətsiz əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin xx.xx.2023-cü il tarixli nömrəli 2-1(112)-12267/2023 qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan, İddiaçı şəxsi məlumatları ilə bağlı “AZEMİS”-dən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-103/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. X2 tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-103/2025 nömrəli qərardadından apellyasiya şikayəti verilmiş,Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025 tarixli 2-1(107)-269/2025 nömrəli qərardadı ilə qərardad tam ləğv edilərək inzibati iş birinci instansiya məhkəməsinə geri göndərilmişdir. Şəki İnzibati Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-103/2025 nömrəli qərardadı ilə İddiaçı hüquq varisi X2 ilə əvəz edilmişdir. İddiaçının hüquqi varisi məhkəmə iclasında idddia tələbinin dəqiqləşdirilməsi haqqında iddia ərizəsi təqdim edərək, iddiaçının əlilliyinin dayandırılması ilə əlaqədar cavabdehin qərarının ləğv edilməsi və iddiaçının vəfat etdiyi xx.xx.2025-ci il tarixinədək əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması baradə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023 cü il tarixli 3-17-4/2-V-5740/2023 nömrəli məktub göndərilərək xx.xx.2023-cu il tarixində əyani müayinəyə dəvət olunmuşdur. Qeyd olunan tarixdə müayinədə iştirak etmişdir. Tələblərinə əsasən xx.xx.2023 cü il tarixdə bir daha TSEK də olmuş tələb etdikləri pensiya almağına dair arayışı təqdim etmişdir. Daha sonra TSEK tərəfindən göndərilən xx.xx.2023 tarixli 3- 17-4/2-R-14081/2023 nömrəli məktubda reabilitasiya olunduğum əsas gətirilərək əlilliyinin dayandırıldığı bildirilmişdir. Doğulduğu Şəki rayon Baqqal kəndində təsərrüfat işləriylə məşğul olan zaman yüksək ağacdan yıxılmış yerdə olan daşın üzərinə düşmüşdür. Aldığı zədə nəticəsində dalağı, barsağının müəyyən hissəsi amputasiya olunmuşdur. Daha sonra bir neçə il xəstəxanada həkim nəzarətində qalmışdır. Ona ilkin olaraq xx.xx.2000-ci il tarixdə 3-cü qrup əlillik təyin olunmuşdur. Diaqnozu 3 dəfə laparotomiya-splenektoniya operasiyasından sonrakı vəziyyət, bitişmə səbəbli bağırsaq keçməzliyi, nazik bağırsağın rezeksiyası yan-yana anastomaz qoyulması operasiyasından sonrakı hal, ümumi qida zəifliyi, anemiya, asteno nevrotik haldır. Daha sonra təkrar müayinələri eyni diaqnozla xx.xx.2001-ci il tarixdə 3-cü qrup, xx.xx.2002-ci il tarixdə 3-cü qrup, xx.xx.2003-cu il tarixdə 3-cü qrup, xx.xx.2004-cü il tarixdə 2-ci qrup, xx.xx.2005-ci il tarixdə 2-ci qrup, xx.xx.2006cı il tarixdə 2-ci qrup, xx.xx.2007-ci il tarixdə 2-ci qrup müddətsiz əlillik təyin olunmuşdur. Səhhətindəki olan nasazliqlar səbəbindən 4-cü dəfə əməliyyatı xx.xx.2017-ci il tarixdə mədə nahiyəsindən olmuşdur. Əlilliyi mərhələli şəkildə müddətli daha sonra qanunvericiliyin tələbinə uyğun müddətsiz təyin olunmuşdur. TSEK in əlilliyinin təkrar yoxlamasına əsas gətirdiyi, göndərilən bildirişdə qeyd edilən "əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda əyani müəyinəyə cəlb edilməsi " səbəbi qanunvericiliyə uyğun deyil və bəhanədir. Əlliyi təyin olunan zaman qüvvədə olan "Tibbi- sosial ekspert komisiyaları haqqında" Əsasnamənin (19 avqust 1997 ci il 93 nömrəi qərar) 5.3 bəndində müddətsiz əlillərin təkrar müayinəyə cəlb edilməsi qaydaları izah olunur. Burada-qərarın düzgünlüyünə şübhə yaratacaq 3 hal (müalicə-profilaktika müəsisəsinin həkim məsləhət komisiyasının rəyinə görə; müəssisə,idarə və təşkilat rəhbərlərinin təqdimatına görə; pensiya yaşına çatmış əlillər şəxsi ərizə ilə müraciət etdiyi yaxud TSEK qərarının saxta sənədlər əsasında çıxarılması aşkar olunduğu hallarda) aydın şəkildə qeyd olunub. Məndə isə belə hallar olmamağına baxmayaraq qərarın düzgünlüyü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi bildirilərək təkrar müayinə keçirilmişdir. Halbuki heç bir sübut yoxdur. Burdan da məlum olurki müayinənin keçirilməsi qanunsuzdur. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl ilk olaraq elektron sistem vasitəsi ilə (forma 88) müvafiq inzibati orqana göndərilməli idi, lakin əlillik alt sistemində iddiaçı barədə heç bir məlumat aşkar edilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin etiraz məktubu və ona əlavə olunan sənədlər.

2. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-614/2024 nömrəli qərardad ilə ekspertiza təyin olunmuşdur.;

3. T638/2024 nömrəli ekspert rəyi.

4. AZ-ll 470024 nömrəli ölüm haqqında şəhadətnamə,

5. V-ЖГ 321801 nömrəlil nikahın bağlanması haqqında şəhadətnamə

Əsaslandırma hissəsi:

Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025 tarixli 2-1(107)-269/2025 nömrəli qərardadında göstərilmişdir ki, şəxsin ona əlilliyin təyin edilməsi ilə bağlı mübahisəsi şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətidir. Lakin, hazırki iş üzrə materiallardan görünür ki, mərhum İddiaçı 20 iyul 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmədən “əlilliyinin dayandırılması ilə əlaqədar verilən qərarın ləğv edilməsi və müddətsiz əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Özü isə iş məhkəmənin icraatında olduğu vaxtda, yəni xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın uğurlu olub-olmaması məsələsinə qiymət verməlidir. Ona görə ki, iddiaçının hüquqi varisinin həm vərəsə kimi mərhumun mülkiyyətində olan əmlakı əldə etmək, həm də ailə başçısını itirməyə görə pensiya almaq hüququ vardır. Hazırkı mübahisə şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətindən irəli gəldiyindən, Kollegiya hesab edir ki, ancaq iddiaçının vəfat etdiyi günə qədər olan dövrü əhatə etməklə iddiaçının tələbinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə İPM-nin 87.9-cu maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia mümkün iddiadır və mahiyyəti üzrə baxılmalıdır. İddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi varisinin hüquqi marağı iddiaçının əlilliyinin dayandırılması ilə əlaqədar cavabdehin qərarının ləğv edilməsi, əlilliyin dayandırıldığı tarixdən iddiaçının vəfat etdiyi xx.xx.2025-ci il tarixinədək əlilliyin bərpa edilməsinə nail olmaqdan ibarətdir. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2000-ci il tarixdə 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçını əyani müalicəyə dəvət edilmiş, bunun nəticəsində əlillik dayandırılmışdır.Lakin cavabdeh tərəfindən əliliyin dayandırılmasına dair hər hansı qərar təqdim edilməmişdir.Bu baxımdan da məhkəmə hesab edir ki,əliliyin dayandırılmasını cavabdeh inzibati orqan faktiki hərəkətlə,yəni Altsistemdə əlilliyin dayandırılması ilə həyata keçirmişdir. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Hazırkı iddia tələbinə əsasən iddiaçı barəsində şübhənin nədən ibarət olduğu,həmin şübhənin əsaslılığını göstərən hallarla bağlı hər hansı sübut təqdim edilməmişdir. Bununla belə iddiaçının əlilliyinin dayandırılması baradə qərar qəbul edilmişdir. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikasının Ali MƏhkəməsinin 2- 1(102)-341/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarında təsbit olunan hüquqi mövqe). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki, cavabdehin İddiaçı əliliyinin ləğvi barədə cavabdehin faktiki hərəkətləri əsassız olmuşdur. Belə ki,mübahisələndirilən qərar inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməmişdir. Odur ki, mərhum İddiaçı müəyyən edilmiş əlilliyinin dayandırılması ilə əlaqədar cavabdehin qərarını ləğv edilməli və onun vəfat etdiyi xx.xx.2025-ci il tarixinədək olan müddətdə əlilliyi bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.9-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı təyin edilmiş əlilliyin dayandırıldığı tarixdən onun vəfat etdiyi xx.xx.2025-ci il tarixinədək olan müddətdə bərpa edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar