Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1030/2025 12.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X16 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, cavabdehin nümayəndəsi X9 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Balakən rayonu, Xalatala kəndi) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (yerləşdiyi yer: Zaqatala şəhəri, F.Əmirov küçəsi 173) üçüncü şəxs – Balakən rayonu Xalatala bələdiyyəsi inzibati məhkəmə icraatına cəlb olunmaqla (yerləşdiyi yer: Balakən rayonu, Xalatala kəndi) qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması haqqında arayışın verilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Balakən rayonu, Xalatala kəndində X2 həyətyanı məqsədilə 0,10 ha torpaq sahəsi ayrılmış və bu barədə rayonun keçmiş İ.Şamil (Kirov) adına kolxozun üzvlərinin Ümumi yığıncağının qaytanlanmış 1982-ci il üzrə torpaq kitablarında qeyd aparılmışdır. İddiaçı ilə X6 9 dekabr 1982-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə Balakən rayon VVAQ şöbəsində müvafiq akt qeydi tərtib edilmişdir. X6 2021-ci ildə vəfat etmişdir. İddiaçı müraciəti əsasında Balakən Regional ASAN Xidmət mərkəzində Notariat Ofisində miras qoyan X1 adına vərəsəlik işi açılmışdır. Bundan sonra İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək, müvafiq torpaq sahəsinin qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin 26 iyul 2024-cü il tarixli məktubu ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1.1-ci maddəsinə istinad olunmaqla iddiaçının qaldırdığı məsələnin həllindən imtina edilmişdir. İddiaçı cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 7 iyul 2025-ci il tarixli qərardadı ilə Zaqatala rayonu Xalatala bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, cavabdeh inzibati orqana müraciət etməkdə məqsədi mərhum əri X1 müvafiq torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. Birinci dəfə cavabdehə müraciətinə imtina cavabında qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirilməsinə imkan verən və dövlət rüsumunun ödənilməsini təsdiqləyən sənədlər təqdim edilməmişdir. İddiaçı göstərilən nöqsanları aradan qaldırmış və yenidən cavabdeh orqana müraciət etmişdir. Lakin bu dəfə də imtina cavabı almışdır. İkinci imtina məktubunda bildirilmişdir ki, qeydə alınmalı torpaq sahəsinin mülkiyyətçilərindən biri xarici ölkə vətəndaşıdır. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaya etiraz edir. Cavabdeh imtinasını onunla əsaslandırır ki, İddiaçı Balakən rayonu, Xalatala kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Xalatala kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı mülkiyyətçilərdən biri X8 xarici ölkə vətəndaşıdır. Buna görə də iddiaçının ərizəsinin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamış və ona bu barədə 26 iyul 2024-cü il tarixli məktub ünvanlanmışdır. İddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmənin 30 iyul 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin müraciəti əsasında iddia tələbinin «Balakən rayonu, Xalatala kəndində yerləşən 880 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi dəyişdirilməsi qəbul olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, məhkəmə icraatının digər iştirakçıları gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı tərəfin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X13 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciətinin məzmunu mülkiyyət hüququnun qeydiyyata alınması barədə olsa da, mahiyyət etibarı ilə iddia tələbi ilə eynilik təşkil edir. Əslində inzibati icraatda cavabdeh inzibati orqan hüquqi yardım göstərməklə müraciətin dəqiqləşdirilməsi üzrə tədbir görməli idi. Odur ki, məhkəmə bu fərq xüsusatına formal xəta kimi yanaşır. Cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Balakən rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Balakən rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin iddiaçıya Balakən rayonu, Xalatala kəndində yerləşən 880 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum əri X2 məxsus olması barədə arayış verilməsindən imtinası qanuna ziddir və bir vərəsə kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarında olan Balakən RİH başçısının Xalatala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 25 avqust 2022-ci il tarixli 290 nömrəli arayışında aşağıdakılar qeyd olunur: - Xalatala kənd İƏD-nin 16 saylı təsərrüfatbaşına kitabın 11-ci səhifəsində İddiaçı adına 1989-cu ildə tikilmiş 1 mərtəbəli, 5 otaqlı, 101,2 kv.m ümumi, 94,4 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0,10 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Qeyd edilən əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə yoxdur. İş materiallarında olan Respublika Dövlət Arxivinin Şəki Filialının 26 sentyabr 2021ci il tarixli 831 nömrəli arxiv arayışında aşağıdakılar qeyd olunur: - Balakən rayonu, Xalatala kənd İ.Şamil (Kirov) adına kolxozun 1982-ci il üzrə “Qaytanlanmış torpaq” kitabına əsasən 571-ci sırada X1 torpağının cəmi 0,10 ha olması qeyd edilmişdir. İş materiallarında olan Balakən RİH Balakən Rayon Dövlət Arxivinin 28 sentyabr 2021-ci il tarixli 187 nömrəli arxiv arayışında aşağıdakılar qeyd olunur: - Balakən rayonu, Xalatala kənd sakini İddiaçı Balakən Regional ASAN Xidmət mərkəzinə ünvanlanmış 21 oktyabr 2021-ci il tarixli ərizəsinə cavab olaraq, ünvan 2 İN təsərrüfatbaşına kitaba əsasən 1996 – 2000-ci illər üzrə X10 (ailə başçısı), X3 (arvadı), X8 (oğlu). Evin tikildiyi il – 1959-cu il, cəmi torpaq sahəsi 0,10 ha. İş materiallarından görünür ki, Balakən rayonu, Xalatala kəndində yerləşən fərdi yaşayış evinə dair X5 adına “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” tərtib edilmişdir. Sənəddə evin həyətyanı torpaq sahəsinin ölçüsü 890,7 kv.m göstərilmişdir. İş materiallarında olan qaytanlanmış təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Balakən rayonu, Xalatala kəndində yerləşən fərdi yaşayış evi X7 məxsus olmuşdur. DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin 24 dekabr 2024-cü il tarixli məktubu ilə hazırkı iş üzrə təqdim olunmuş mütəxəssis rəyində bildirilmişdir ki, Xalatala bələdiyyəsi tərəfindən tərtib edilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə dair yerquruluşu planında göstərilmiş torpaq sahəsi 414 inventar nömrəli texniki pasportda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür. Yerquruluşu planında qeyd olunmuş torpaq sahəsi ilə iddia olunan və naturada ölçülmüş torpaq sahəsi üst-üstə düşür. İddia olunan 0,10 ha torpaq sahəsinin 0,088 ha hissəsi TEKUİS məlumat bazasında Xalatala bələdiyyəsinin mülkiyyətinə aid kateqoriyası yaşayış məntəqələrinin torpaqları, alt kateqoriyası həyətyanı sahələrin altında olan torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar, alt uqodiyası fərdi yaşayış, islahat uqodiyası isə tikinti altında olan torpaqlar kimi göstərilmişdir. Qalan 0,0120 ha torpaq sahəsi isə TEKUİS məlumat bazasında Xalatala bələdiyyəsinin mülkiyyətinə aid kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələr ərazisi kimi işlənilmişdir. İddia olunan torpaq sahəsi sxemdə qeyd edilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşir. Mübahisələndirilən torpaq sahəsinin faktiki naturada istifadəçisi İddiaçıdır və həmin torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər göstərilmişdir: - (2.4) yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); - (2.5-1) sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının müaddəaları) daşınmaz əmlaklara, o cümlədən fərdi yaşayış evləri və onların yerləşdiyi torpaq sahələrinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsaslarının dairəsini konkret müəyyən etmişdir və daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, eləcə də «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun qüvvəyə minənədək olan dövrdə yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda), eləcə də sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarışlar bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə Balakən rayonu, Xalatala kəndində iddiaçının əri X2 həyətyanı məqsədilə 0,10 ha torpaq sahəsinin ayrılması barədə rayonun keçmiş İ.Şamil (Kirov) adına kolxozun üzvlərinin Ümumi yığıncağının qaytanlanmış 1982-ci il üzrə torpaq kitablarında qeyd aparılmışdır. X6 2021-ci ildə vəfat etmiş və müvafiq notariat qurumunda açılmış vərəsəlik işində hazırkı İddiaçı onun vərəsəsi kimi müəyyən edilmişdir. İddiaçı torpaq sahəsinə hüquqla bağlı cavabdehə müraciət etmiş, lakin həmin inzibati orqan məsələnin həllindən vərəsə kimi mülkiyyətçilərin birinin xarici ölkə vətəndaşı olması əsası ilə imtina etmişdir. İddiaçı hazırda inzibati orqanın imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Balakən rayonu keçmiş İ.Şamil (Kirov) adına kolxozun üzvlərinin Ümumi yığıncağının qaytanlanmış 1982-ci il üzrə torpaq kitablarındakı qeyd ünvan 2i ərazisində yerləşən 880 kv.m torpaq sahəsinin hazırkı iddiaçının mərhum əri X2 məxsus olmasını təsdiqləyən inzibati aktdır. Həmin qeydə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçının mərhum əri qeyddə nəzərdə tutulan torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qeyd ləğv edilmədiyindən, geri çağırılmadığından və ya etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Bununla da belə nəticə əldə olunur ki, «Torpaq islahatı haqqında» Qanunun 9 – 10cu maddələrinə əsasən ünvan 2ində yerləşən 880 kv.m torpaq sahəsinə iddiaçının mərhum əri X1 mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh inzibati orqan DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin imtina ilə bağlı dəlilinə gəldikdə isə iddiaçının tələbi və inzibati orqanın apardığı inzibati icraatın predmeti torpaq sahəsinə mərhum X1 vərəsələrinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması deyil, həmin əmlaka hüququnun mərhumum özünə məxsusluğu barədə arayışın verilməsidir. Belə olan halda, məhkəmə qeyd olunanlara əsasən qənaətə gəlir ki, cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin imtina üzrə dəlili əsaslı olmadığından, həmin imtina qanunsuz sayılmalı və iddiaçıya ünvan 2ində yerləşən 880 kv.m torpaq sahəsinə mülkiyət hüququnun mərhum əri X2 məxsusluğu barədə arayış verilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Balakən rayonu, Xalatala kəndində yerləşən 880 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Balakən rayonu, Xalatala kəndində yerləşən 880 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X17
Məhkəmə qərarları › İş №2-1(116)-1030/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1030/2025
12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver