Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1031/2020 08.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı "64 yaş 6 ayı tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə Zaqatala şəhərində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən, o, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək və xx.xx.1977-ci ildən xx.xx.1985-ci ilədək X3 Zaqatala istehsalat kombinatında, xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək "Nord" Elmi- İstehsalat Birliyində, xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək "Nord" Elmi-İstehsalat Birliyinin "Tala-Car-Zaqatala" icarə müəssisəsində işləmişdir. İddiaçı xx.xx.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının "Tala-Car-Zaqatala" icarə müəssisəsinə aid iş stajının yoxlanılması tələb olunur, həmin müəssisənin uzun müddət fəaliyyəti olmadığına və müəssisənin maliyyə-uçot sənədləri Zaqatala rayon dövlət arxivinə təhvil verilmədiyinə görə isə yoxlanılması mümkün olmamışdır. İddiaçının təqdim etdiyi iş stajına dair sənədlərdə xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajının düzgünlüyünün yoxlanılması mümkün olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "64 yaş 6 ayı tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtinası tamamilə qanunsuzdur. Çünki onun ümumi iş stajı 27 il 9 ay 13 gündür. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Bundan sonra cavabdeh məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli **********7 nömrəli arayışda bildirmişdir ki, "Nord" Elmi- İstehsalat Birliyinin "Tala-Car-Zaqatala" icarə müəssisəsi Dövlət Sosial Müdafiə Fondu Zaqatala rayon şöbəsində məcburi dövlət sosial sığorta ödəyicisi kimi xx.xx.1993-cü ildən qeydiyyatda olmuş, xx.xx.1997-ci ilədək fəaliyyəti olmuş və həmin tarixədək məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Həmin müəssisənin xx.xx.1997-ci ildən fəaliyyəti olmadığı səbəbindən məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək və xx.xx.1977-ci ildən xx.xx.1985-ci ilədək X3 Zaqatala istehsalat kombinatında, xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək "Nord" Elmi-İstehsalat Birliyində, xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək "Nord" Elmi-İstehsalat Birliyinin "Tala-Car-Zaqatala" icarə müəssisəsində işləmişdir. - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, "Nord" Elmi-İstehsalat Birliyinin "Tala-Car-Zaqatala" icarə müəssisəsi Dövlət Sosial Müdafiə Fondu Zaqatala rayon şöbəsində məcburi dövlət sosial sığorta ödəyicisi kimi xx.xx.1993-cü ildən qeydiyyatda olmuş, xx.xx.1997-ci ilədək fəaliyyəti olmuş və həmin tarixədək məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Həmin müəssisənin xx.xx.1997-ci ildən fəaliyyəti olmadığı səbəbindən məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə, iddiaçının təqdim etdiyi iş stajına dair sənədlərdə xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajının düzgünlüyünün yoxlanılması mümkün olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. İddiaçı öz iddia ərizəsində pensiya hüququnun pensiya kapitalına deyil, sosial sığorta stajına əsasən yarandığını bildirdiyinə görə, məhkəmə ilk növbədə onun sosial sığorta stajının müddətini hesablamağı zəruri bildi. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin ikinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin maddənin səkkizinci hissəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göstərilən Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Sadalanan normalardan göründüyü kimi, iddiaçının "Nord" Elmi-İstehsalat Birliyinin "Tala-Car-Zaqatala" icarə müəssisəsində işlədiyi müddətdə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə, şəxsin xx.xx.2002-ci ilədək işləməsi barədə əmək kitabçasında olan qeyd həmin müddətin sosial sığorta stajına daxil edilməsi üçün kifayətdir. Həmin normalara görə, xx.xx.2002-ci ildən sonrakı iş müddətinin sosial sığorta stajına daxil edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunsa da, həmin günədək olan staja münasibətdə belə bir tələb yoxdur. Belə olan halda, şəxsin xx.xx.2002-ci ilədək işlədiyi iş yerində əmək haqqı alıb-almamasının, eləcə də onun işlədiyi müəssisə tərəfindən sosial sığorta haqqı ödənilib-ödənilməməsinin həmin müddətin işçinin sığorta stajına daxil edilməsinə heç bir təsiri yoxdur. İddiaçının "Nord" Elmi-İstehsalat Birliyinin "Tala-Car-Zaqatala" icarə müəssisəsində işlədiyi müddət istisna olmaqla əmək kitabçasında göstərilən qalan müddətlər cavabdeh tərəfindən mübahisələndirilmir, məhkəmə də həmin müddətlərin sığorta stajına daxil edilməməsi üçün heç bir səbəb görmür. Həmin müddət ümumilikdə 17 il 6 ay 2 gün təşkil edir. İddiaçı keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu 2 il 23 gün müddət "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə uyğun olaraq, onun sığorta stajına daxil edildikdə, əvvəlki müddətlə bunun cəmi (17 il 6 ay 2 gün + 2 il 23 gün) 19 il 6 ay 25 gün təşkil edir. İddiaçının xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək "Nord" Elmi-İstehsalat Birliyinin "Tala-Car-Zaqatala" icarə müəssisəsində işlədiyi müddətə gəldikdə isə, həmin müəssisənin hüquqi şəxs kimi qeydiyyata alınması tarixini müəyyən etmək mümkün olmasa da, cavabdehin öz arayışı ilə müəssisənin xx.xx.1993-cü il tarixdən etibarən DSMF-nin Zaqatala rayon şöbəsində məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyatda olması müəyyən edilmişdir. Deməli, müəssisə həqiqətən mövcud olmuş və fəaliyyət göstərmişdir. İcarə müəssisəsinin mövcud olması Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "Üfüq" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsindən alınmış xx.xx.2020-ci il tarixli 11/138 nömrəli və xx.xx.2020-ci il tarixli 12/204 nömrəli məktublarla, eləcə də həmin məktuba əlavə edilmiş xx.xx.1997-ci il tarixli 131 nömrəli əmrlə də təsdiq edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə, xx.xx.2002-ci ilədək müəssisə tərəfindən sosial sığorta haqqının ödənilməməsi işçinin həmin günədək işlədiyi müddətin onun sığorta stajına daxil edilməsinə mane olmadığı üçün iddiaçının "Tala-Car-Zaqatala" icarə müəssisəsində işlədiyi müddətin son tarixinədək sığorta stajına daxil edilməsi qanunidir. Bu müddətin başlanğıcı həmin müəssisənin qeydiyyata alınması barədə məlumatın aid olduğu xx.xx.1993-cü il tarixdən hesablansa belə, bu müddət (7 il 5 ay 28 gün) yuxarıda göstərilən mübahisələndirilməyən müddətlə (19 il 6 ay 25 gün) toplandıqda, alınan rəqəm 25 ildən artıq olar. Bu isə iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək üçün kifayətdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya pensiya yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin etməməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 64 yaş 6 ayı tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1031/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1031/2020
08.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver