Məhkəmə qərarları › İş №2-1(116)-1033/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1033/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1033/2024 27.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı “2021-ci ilin noyabr ayından 2-ci qrup əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “2021-ci ilin noyabr ayından 2-ci qrup əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2012-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2-ci dərəcəli əlillik təyin edilmişdir. 2021-ci ilin noyabr ayından ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İddiaçı, cavabdeh orqanın imtina cavabı ilə razılaşmadığından hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun Mətni: Ağırlaşma G57 Aşağı ətrafın mononevropatiyaları, X3 Posttravmatik Neyropatiyasi. Əsas diaqnoz M17.0 Birincili ikitərəfli qonartroz, X4 Posttravmatik Kontrakturasi. Ağırlaşma M24.6 Oynağın ankilozu, X2. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, X1 Vəziyyət. Ağırlaşma M16 Koksartroz [bud -çanaq oynağının artrozu]. Sol Bud-Çanaq Oynağinin İV Mərhələ Koksartrozu, Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza əhəmiyyətli göstəricilər dəqiq əşdirilsin." əsası ilə Mərkəzə geri göndərilmişdir. Məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddiaçının hazırkı tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Bu növ iddiaların mümkünlük şərtlərindən biri iddiaçının analoji tələblə cavabdeh orqana ərizə ilə müraciət etməsi, cavabdeh orqanın onun müraciətinin təmin edilməsindən imtina etməsi və ya cavabsız saxlamasıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2012-ci il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti başa çatdıqdan sonra xx.xx.2021-ci il tarixli müayinəyə cavab olaraq göndərişin natamam doldurulması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçının müraciəti əsasında səhiyyə müəssisəsi tərəfindən cavabdeh orqana göndərişlərin göndərilməsi davam etmiş, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə eyni əsaslarla (göndərişin natamam doldurulması) əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan anamnez məlumatlarından görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunduqdan sonra da, mütəmadi müayinə və müalicə olunmuş, barəsində ardıcıl olaraq səhiyyə müəssisəsi tərəfindən cavabdehə göndərişlər verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Yəni, “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. İddiaçının, ona əlilliyin təyin edilməsindən imtina cavabı verildiyinə görə növbəti göndərişlərin cavabdeh orqana göndərilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməsi (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə), Mingəçevir Ş.M.X-da və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicə alması özlüyündə xx.xx.2021-ci il tarixdə əlilliyin təyinindən imtina olunmasından məlumatlı olmasını birbaşa sübut edir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş “Tibbi Sosial Ekspert Komissiyasının” imtina cavabının çap tarixi xx.xx.2022-ci il qeyd edilmiş və iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin İPM-nin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə “Tibbi Sosial Ekspert Komissiyasının” imtina cavabının çap tarixi xx.xx.2022-ci il qeyd edilməsini və səhiyyə müəssisəsi tərəfindən ilkin imtina cavabından sonrakı göndərişin xx.xx.2022-ci il tarixdə verilməsini nəzərə alaraq hesab edir ki, hər bir halda müddətin buraxılmasından 1 ildən artıq zaman keçmişdir. Buna görə də müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutlar təqdim etməlisiniz. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür. İPM-nin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Hazırkı halda isə müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməsi ilə bərabər, müddətə əməl olunmasına mane olan halların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəlki 15 gün ərzində aradan qalxması da, əsaslandırılmalı və müvafiq sübutlar təqdim edilməlidir. İzah olunmuşdur ki, qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi İPM-nin 24.4-cü maddəsinin tələblərinə ziddir. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə 10 gün müddətində münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı, xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizəsində qeyd etmişdir ki, cavabdeh orqanın imtina cavabından xx.xx.2023-cü il tarixli məktubunu aldıqdan sonra məlumatı olmuşdur. Hesab edir ki, iddia müddətini ötürməmişdir. Məhkəmənin müddətin buraxılması ilə bağlı qənaətinin mövcudluğu halında isə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, “prossesual müddətin bərpa edilməsinə dair” ərizə mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona 2021-ci ilin noyabr ayından 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasına nail olmaqdır. İş materiallarında olan, sənədlərlə müəyyən edilir ki, cavabdeh orqan əlillik müddəti başa çatdıqdan sonra, xx.xx.2021-ci il tarixli müayinəyə cavab olaraq göndərişin natamam doldurulması əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı, sözügedən imtina cavabından cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubunu aldıqdan sonra məlumatlı olduğunu bildirsə də, nəzərə alınmalıdır ki, həmin məktub göndərilənədək cavabdeh orqan dəfələrlə (xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə) iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. İddiaçının ona əlilliyin təyin edilməsindən imtina edilməsindən məlumatının olmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubunu alanadək özünü əlilliyi olan şəxs hesab edirdi ki, həmin məktubu aldıqdan sonra məlumatlı olmuş olsun. İddiaçının müraciət əsasında səhiyyə müəssisəsinin cavabdeh orqana növbəti göndərişlərin təqdim edilməsi də, iddiaçının imtina qərarından məlumatlı olmasını aşkar sübut edir. Odur ki, iddiaçı, müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutlar təqdim etməlidir. Qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi İPM-nin 24.4-cü maddəsinin tələblərinə ziddir. Müvafiq sübutların mövcud olmaması müddətin bərpasına dair ərizənin və eyni zamanda iddia ərizəsinin mümkün sayılmaması üçün əsasdır. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq İPM-nin 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətin buraxılması ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi və buraxılmış prosessual müddətin İPM-nin 24.2-ci maddəsində qeyd olunmuş hallarla bağlı olmasına dair sübutların 10 gün təqdim edilməsi iddiaçıya təklif edilmiş, əks təqdirdə “buraxılmış müddətin bərpasına dair” ərizənin və iddia tələbinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən hüquqi qiymət veriləcəyi bildirilmişdir. Lakin, ötən müddət ərzində tələb edilən sübutlar məhkəməyə təqdim edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı “prossesual müddətin bərpasına dair” ərizəsi mümkün sayılmır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı “2021-ci ilin noyabr ayından 2-ci qrup əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar