Məhkəmə qərarları › İş №2-1(116)-1038/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1038/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1038/2023 28.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2rşı “01 fevral 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanılaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Dövlət Qulluqçusu kimi, 01 fevral 2021-ci il tarixindən əmək pensiyasının bərpa olunması və həmin tarixdən, 01 fevral 2023-cü il tarixə qədər hesablanılaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “01 fevral 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanılaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının Dövlət Qulluqçusu olmaqla bu vaxta qədər X3 27 il, 2 ay, 15 gün əmək stajı vardır. X4 xüsusi növü sayılan Ədliyyə Orqanlarında İcra Məmuru, Böyük İcra Məmuru vəzifəsində işləməklə 20 il, 4 ay, 14 fevral 1999-cu il tarixdən, 01 iyun 1999-cu il tarixə kimi, Göyçay rayon Əmək və X5 Qulluğu hesab edilən X12 Baş Mütəxəssisi vəzifəsində işləməklə 4 il, 3 ay, 18 gün və 17 iyul 1999cu il tarixdən, 25 yanvar 2002-ci il tarixə kimi, Göyçay rayon İcra Hakimiyyəti Başçısı X8 hesab edilən X6 vəzifəsində çalışmaqla 2 il, 6 ay, 08 gün olmaqla Dövlət Qulluqçusu kimi əmək stajı olmuşdur. 02 iyun 2014-cü il tarixdə o, uzunmüddətli xəstəliyi ilə əlaqədar Dövlət Qulluğunun xüsusi növünə aid Ədliyyə Orqanlarından işdən azad edildiyi zaman, həmin vaxt X3 əmək stajı ən azı 25 il təşkil etdiyi halda, onun Dövlət Qulluqçusu kimi X3 27 ildən artıq əmək stajı olmuşdur. İddiaçıya Dövlət Qulluqçusu kimi 2015-ci ilin yanvar ayından 844 (səkkiz yüz qırx dörd) manat əlillik pensiyası təyin olunmuşdur. 07 mart 2022-ci il tarixdə "Ədliyyə Orqanlarında Qulluq Keçmə Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onun 60 yaşım tamam olmuşdur. Bununla əlaqədar Xüsusi Şərtlərlə Təyinatı X10 rəsmi Müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının qeyd olunan iddia tələbi üzrə işə Şəki İnzibati Məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılmış və iddia təmin olunmamışdır. Həmçinin qərarın məzmununda iddiaçının yaşının 65-dən olduğu, bu səbəbdən də iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi, həmçinin iddiaçının ədliyyə orqanlarında ümumi iş stajının 20 il 4 ay təşkil etməklə həmin dövrdə “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmuş staj tələbinə də cavab vermədiyi qeyd edilmişdir. İddiaçı daha sonra Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)- 792/2022 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2-1(107)-236/2022 nömrəli qərarının məzmunundan göründüyü kimi apellyasiya instansiyasının mövqeyi də birinci instansiya ilə eyni olmuş və iddiaçının apellyasiya şikayəti təmin olunmayaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarı qüvvədə saxlanılmışdır. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə Göyçay şəhərində doğulmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçının 60 yaşı tamam olmuşdur. - İddia ərizəsinə və ona əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdə uzunmüddətli xəstəliyi ilə əlaqədar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 40.1.5-ci maddəsinə müvafiq olaraq xx.xx.2014-cü il tarixdən tutduğu vəzifədən azad edilərək Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Həmin tarixə iddiaçının 52 yaşı olmuşdur. - İddiaçıya xx.xx.2015-ci il tarixdən (52 yaş) 3-cü qrup əlillik dərəcəsi verilmiş və əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 070931 nömrəli əlillik vəsiqəsinə əsasən İddiaçı əlilliyə görə əmək pensiyası xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təyin edilmişdir. Əlillik müddətinin bitdiyi tarixə iddiaçının 58 yaşı olmuşdur. - Cavabdeh xx.xx.2021-ci il tarixli **********1 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə iddiaçıya Fondun Göyçay rayon şöbəsi tərəfindən əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2021ci il tarixdən dayandırılmışdır. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh DSMF PHŞ-nin Xüsusi Şərtlərlə X2rşı “ədliyyə orqanlarının əməkdaşı kimi 2021-ci ilin fevral ayından İİİ qrup əlilliklə bağlı ləğv edilmiş pensiyasının əmək pensiyası növünə keçməklə, həmin yəni, xx.xx.2021-ci il tarixə qədər pensiyasının hesablanılaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2-1(107)-236/2022 nömrəli qərarından görünür ki, iddiaçının apellyasiya şikayəti təmin olunmayaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Əsaslandırma hissəsi : Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana qarşı olan tələbi 01 fevral 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanılaraq ödənilməsi ilə bağlıdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarı ilə baxılmış inzibati iş üzrə iddiaçının cavabdeh orqana qarşı tələbi iki hissədən ibarət olmuşdur:

1. “ədliyyə orqanlarının əməkdaşı kimi 2021-ci ilin fevral ayından İİİ qrup əlilliklə bağlı ləğv edilmiş pensiyasının əmək pensiyası növünə keçirilməsi,

2. xx.xx.2021-ci il tarixə qədər pensiyasının hesablanılaraq ödənilməsi. Göründüyü kimi ilkin icraat zamanı iddiaçı cavabdeh orqana qarşı 2021-ci ilin fevral ayından əmək pensiyası növünə keçirilmə barədə iddia qaldırmış və həmin tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir. Hazırkı tələbdə iddia ərizəsinin texniki tərtibatı dəyişdirilərək tələb “01 fevral 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi” şəklində ifadə edilsə də, faktiki olaraq iddiaçının nail olmaq istədiyi hüquqi nəticə eynidir və həmin hüquqi nəticəyə uyğun olaraq artıq bir dəfə inzibati məhkəmə araşdırması aparılaraq yekun məhkəmə aktı qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir. Belə ki, iddiaçıya əmək pensiyasının təyin edilməsinin əsaslılığına qiymət verərərkən Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarında qeyd edilmişdir ki, ““Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun iddiaçının qulluq keçməsinə 40.1.5-ci maddəyə əsasən xitam verildiyi xx.xx.2014-cü il tarixdə qüvvədə olmuş mətninə əsasən ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaş olmuşdur (maddə 18.1). İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan yaş tələbinə cavab verməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun həmin tarixə qüvvədə olmuş 9.7-ci maddəsinə görə isə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulurdu. İddiaçı iddia ərizəsində də bildirmişdir ki, onun ədliyyə orqanlarında ümumi iş stajı 20 il 4 ay təşkil etməkdədir. Beləliklə iddiaçı həmin dövrdə “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmuş staj tələbinə cavab verməməklə yanaşı, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda nəzərdə tutulmuş yaş tələbinə də cavab verməmişdir. Həmçinin qanunvericiliklə kişilərə münasibətdə yaş həddinin azaldılması mexanizmi nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə qanunvericiliyin tələblərinə müvafiq olaraq pensiya hüququ yaranmadan xitam verilmiş, yalnız bundan sonra ona əlilliyə görə əmək pensiyası təyin edilmiş, iddiaçı 5 il müddətində İİİ qrup əlil kimi əmək pensiyası almışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki zəruri şərt müəyyən etməkdədir: 1) şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) şəxsin qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olması. İddiaçının qulluq keçdiyi dövrdə isə onun qulluq keçməsinin xüsusi dövlət qulluğu növünə aid olması nəzərə alınmaqla, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq staına malik olması tələbi şəxsin yaşından asılı olmayaraq ona əmək pensiyasının təyin edilməsinə imkan verirdi. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı nə hazırda, nə də ki, ona əlilliyə görə əmək pensiyasının təyin edildiyi dövrdə göstərilən tələblərə cavab verməmişdir. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2-1(107)- 236/2022 nömrəli qərarında qeyd edilmişdir ki, Qanunvericiliyin tələbinə görə, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməsi istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçməsi üçün ilkin şərt onun hər iki əmək pensiyası növünə görə hüququnun yaranması, digər şərt isə ona əmək pensiyasının bir növünün təyin edilməsindən ibarətdir. Hazırkı vəziyyətdə iddiaçının heç bir növdə əmək pensiyası hüququ yaranmamışdır. Göründüyü kimi hazırkı iddia ərizəsində qeyd olunan “01 fevral 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur və həmin qərarlarda iddiaçının heç bir növdə əmək pensiyası hüququ yaranmamasına hüquqi qiymət verilmişdir. Buna görə hazırki hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İnzibati işin şifahi məhkəmə baxışı iclasında hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2rşı “01 fevral 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanılaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar