Məhkəmə qərarları › İş №2-1(116)-1039/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1039/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1039/2020 02.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “1981-1985-ci illərdə Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə işlədiyi müddəti iş stajına daxil etməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1981-1985-ci illərdə Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə işlədiyi müddəti iş stajına daxil etməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1981-1985-ci illərdə Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə vəzifəsində işləmişdir. İddiaçıya TSEK tərəfindən xx xxx 2019-cu il tarixdən ikinci dərəcəli əlillik verilmişdir. İddiaçı 2020-ci ilin mart ayının əvvəlində Əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin iddiaçının müraciəti cavablandırılmamışdır. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ ona ikinci dərəcəli əlillik verilmiş xx.xx.2019-cu il tarixdən yaranmışdır. İddiaçının mübahisələndirilən iş stajı 1981-1985-ci illərdə “M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə işlədiyi dövrlərdir. Onun iddia tələbində qeyd etdiyi arxiv arayışlarına əsasən iş stajı 24 il 2 ay 10 gündür ki, bunun da pensiya kapitalına çevrilməsi nəticəsində xx.xx.2019-cu il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 17481 manat 02 qəpik pensiya kapitalı vardır. İddiaçıya ikinci dərəcəli əlillik verildiyi xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi üçün minimum 12 il 4 ay sosial sığorta stajı və 17760 manat pensiya kapitalı tələb olunur. Göründüyü kimi iddiaçının iddia tələbində qeyd olunan iş stajı sosial sığorta stajına daxil edilsə belə, ona əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmır. İş materiallarında olan poçt xidmətinin xəbərnaməsindən müəyyən edilir ki, iddiaçının cavabdehə ünvanladığı müraciət məktubu xx xxxx 2020-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Ağsu rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 24 nömrəli, xx xxxx 2020-ci il tarixli 27 nömrəli və xx xxxx 2020-ci il tarixli 28 nömrəli məktublarından görünür ki, iddiaçı müvafiq olaraq 1981-1985-ci illərdə “M.B.Qasımov” adına kolxozda, 1986-1991-ci illərdə Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, sonra isə xx.xx.1992-ci il tarixdən Ağsu rayon Rabitə Qovşağında xadimə vəzifəsində işləmiş, xx.xx.2005-ci il tarixdən 135 nömrəli əmrlə işdən azad edilmişdir. (əsas: iş materiallarında olan Ağsu rayon poçt filialının əmrdən çıxarışının təsdiq edilmiş surəti). İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Ağsu poçt filialının xx.xx.2005-ci il tarixli, 135 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surəti, Ağsu rayon Dövlət Arxivinin arxiv arayışları, cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli etiraz məktubu aiddir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu müraciəti cavablandırmadığından hazırkı mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün minimum 12 il 4 ay sosial sığorta stajı və 17760 manat pensiya kapitalı tələb olunur. İş materiallarında olan arxiv arayışlarına əsasən iddiaçının 24 il 2 ay 10 gün iş stajı və həmin staj kapitala çevrildikdə 17481.02 manat pensiya kapitalı vardır. İddiaçının xx xxx 1967-ci il təvəllüdlü olmaqla ona xx xxx 2019-cu il tarixdə ikinci dərəcə əlillik müəyyən olunması nəzərə alınarsa, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 12 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən olan yaş 52 – 15 yaş əmək qabiliyyətli olmayan dövr = 37 il x 4 ay = 148 ay : 12 = 12 il 4 ay) olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının fərdi hesabın sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı 17481.02 manat təşkil edir. Sığorta davamiyyəti əmsalının tapılması üçün tələb olunan sığorta stajı 192-yə bölünməlidir : 148 ay / 192 = 0,77083. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,77083x144=110.99952) və pensiya sığorta kapitalı (PSK=17481.02) alınmış rəqəmə bölünərək (17481.02 / 110.99952 = 157.487 manat) pensiyanın məbləği 157.487 manat məbləğində müəyyən edilir. İddiaçıya əlillik təyin olunan xx xxx 2019-cu ildə minimum pensiya 160 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Məhkəm qeyd edir ki, iddiaçının əlilliyin müəyyən etdiyi tarixinə 12 il 4 ay sosial sığorta stajının toplanması zəruri olmuş, iddiaçının arxiv arayışlarına əsasən 24 il 2 ay 10 gün sosial sığorta stajının olması qeyd edilmişdir. Yəni iddiaçı arxiv arayışlarında qeyd olunanlara əsasən əlillik üzrə pensiyanın təyin edilməsi üçün zəruri olan sığorta stajını toplamışdır. Əlilliyə görə zəruri olan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına münasibətdə isə iddiaçı zəruri pensiya kapitalını toplamamışdır. İstinad edilən Qanunun: - 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi — əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.12-ci maddəsinə əsasən,əmək pensiyasının sığorta hissəsi — fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddələrin tələblərinə görə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına sığorta hissəsinin hesablanması üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi və xüsusi hesabdakı vəsait aiddir. Sığortaolunanların fərdi hesablarının sığorta hissəsində2006-cı il yanvarın 1-dək qazanılmış ümumi iş stajının hər ili üçün 306 manat hesablanmalıdır. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının 17481.02 manat pensiya kapitalı vardır. İddiaçıya münasibətdə əlilliyə görə pensiyanın təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması müəyyən edilməlidir. İstinad edilən Qanunun: İddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.; - 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir; - 13.3-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:SH = PSK/(TxK), burada: SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K — sığorta davamiyyəti əmsalıdır. Maddələrin tələblərinə görə, əlilliyə görə pensiya məbləğinin müəyyən edilməsi üçün ilk olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulmalıdır. Bu əmsal əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının 192-ə bölünməklə tapılır. Əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının ayları 148 olduğundan, əmsal 0,77083 təşkil edir. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur və pensiya sığorta kapitalı alınmış rəqəmə bölünərək pensiyanın məbləği 157.487 manat kimi müəyyən edilir. Bu məbləğ istinad edilən Qanunun 6-1-ci maddəsində əks olunmuş əmək pensiyasının minimum məbləğindən az olduğundan, iddiaçının əlilliyə görə pensiya hüququ yaranmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələb olunan minimum pensiya kapitalına malik olmadığından ona əlilliyə görə pensiya təyin edilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1, 110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “1981-1985-ci illərdə Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə işlədiyi müddəti iş stajına daxil etməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar