Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-104/2022 19.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki Bələdiyyəsinin 28 oktyabr 2004-cü il 44 nömrəli qərarında göstərilən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki Bələdiyyəsinin 28 oktyabr 2004-cü il 44 nömrəli qərarı ilə göstərilən 0,06 ha həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “Şəki Bələdiyyəsinin 28 oktyabr 2004-cü il 44 nömrəli qərarında göstərilən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 19.04.2022-ci il tarixli, 2-1(116)-104/2022 nömrəli qərardadı ilə Şəki bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmənin 19.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan iclasının 44 saylı qərarı ilə şəhərin S.Mümtaz küçəsi, 71 saylı ünvanda yerləşən iddiaçının uzun müddət istifadə etdiyi 600 kv.m torpaq sahəsi iddiaçıya ayrılmış, iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu müvafiq torpaq sahəsinin ona ünvan iclasının 44 saylı qərarı ilə ayrılması ilə əsaslandırmış, cavabdeh iddia tələbinə etirazını torpaq sahəsinin bələdiyyə, baş memar və DTXK-nin Şəki rayon şöbəsi tərəfindən təsdiqlənmiş yerləşmə sxemi, Şəki ŞİH-nin memarlıq və Tikinti şöbəsinin rəyi, DTXK-nin Şəki rayon şöbəsinin rəyi, “Torpaqların alqı-satqısına dair” akt və “torpaq sahəsinin planı-ölçüsü” təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs 04.04.2022-ci il tarixdə məhkəməyə ünvanladığı məktubunda qeyd etmişdir ki, ünvan iclasının 44 saylı qərarı ilə şəhərin S.Mümtaz küçəsi, 71 saylı ünvanda yerləşən iddiaçının uzun müddət istifadə etdiyi 600 kv.m torpaq sahəsində həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq fərdi yaşayış evinin tikintisə icazə verilmişdir. Həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə satılmamışdır. Əvvəllər qeyd edilən torpaq sahəsinin iddiaçıya ayrılması barədə Şəki bələdiyyəsində məlumat yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə iclasının bələdiyyənin nümayəndəsinin iştirakı olmadan keçirilərək qanuna müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 04.11.2004-cü il tarixli, 068831 №-li vəsiqədən görünür ki, iddiaçıya Şəki rayon Hərbi Komissarlığı tərəfindən “Müharibə veteranı” vəsiqəsi verilmişdir. - ünvan iclas protokolundan (qərar №44) çıxarışdan görünür ki, müvafiq qərar şəhərdə fərdi yaşayış evləri, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikintilərin inşası və digər tikintilər üçün torpaq sahəsi ayrılması və tikintilərin rəsmiləşdirilməsi haqqında olmuş, Şəki şəhəri, 31-ci rayon, M.Ə.Rəsulzadə prospekti, bina 193, mənzil 35-də yaşayan X1 ərizəsi nəzərə alınaraq şəhərin S.Mümtaz küçəsi, 71 saylı ünvanda yerləşən, uzun müddət istifadə etdiyi 600 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi, şəhərin baş memarı tərəfindən razılaşdırılmış layihə sənədləri olduqdan sonra ayrılmış torpaq sahəsində tikinti işlərinə başlanmasına icazə verilməsi qeyd edilmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidməti "xxxx" MMC-nin 12.01.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçıya Şəki bələdiyyəsinin 28.10.2004-cü il tarixli 44 saylı qərarı ilə ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinin faktiki ölçüsü 1017 kv.mdir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla, təyinatı fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş ərazidir. Bələdiyyənin mülkiyyətində olub, iddiaçının istifadəsindədir. - cavabdehin 03.05.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ünvan iclasının qərarı ilə iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. Üçüncü şəxs 04.04.2022-ci il tarixdə məhkəməyə ünvanladığı məktubunda həmin torpaq sahəsinin iddiaçıya satılmadığını və əvvəllər də həmin torpaq sahəsinin iddiaçıya ayrılması barədə məlumat olmadığını bildirsə də, məhkəmə, üçüncü şəxsin mövqeyi ilə razılaşmır və hesab edir ki, ünvan iclasının qərarı, iddiaçıya müvafiq torpaq sahəsinin ayrılmasını təsdiq edən qərar kimi nəzərdən keçirilməlidir. Belə ki, həmin qərarın adı “şəhərdə fərdi yaşayış evləri, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikintilərin inşası və digər tikintilər üçün torpaq sahəsi ayrılması və tikintilərin rəsmiləşdirilməsi haqqında”-dır. İlk növbədə qeyd olunmalıdır ki, qanunvericilikdə tikintilərin rəsmiləşdirilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi səlahiyyəti ümumiyyətlə heç vaxt bələdiyyələrə verilməmişdir. Odur ki, üçüncü şəxsin iddiaya münasibətində qeyd etdiyi “həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq fərdi yaşayış evinin tikintisinə icazə verilməsi” ilə bağlı bildirdikləri tamamilə əsassız olmaqla qanunvericiliyin (hazırkı və torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan) tələblərinə ziddir. İstinad olunan qərardan göründüyü kimi bələdiyyə müvafiq qərarı qəbul edərkən Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında” Qanuna, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə istinad etmişdir ki, qeyd olunan normativ hüquqi aktlarda bələdiyyələr tərəfindən torpaq sahələrinin ayrılması ilə bağlı normalar öz əksini tapmışdır və onların heç birində tikinti işlərinə icazə ilə bağlı bələdiyyələrə hər hansı səlahiyyət verilməsi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə istinad olunan qərarın iddiaçıya müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı olması qənaətinə gəlir. İddiaçının adı müvafiq qərarda yalnız, ona müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı məsələ həll olunacağı halda ola bilərdi ki, bu da iddiaçı barəsində bələdiyyə tərəfindən qəbul edilmiş qərarın qüsurlu tərtib edildiyini göstərir. Həmçinin qeyd olunmalıdır ki, ünvan iclasının qərarının 2-ci bəndi şəhərin baş memarı tərəfindən razılaşdırılmış layihə sənədləri olduqdan sonra ayrılmış torpaq sahəsində tikinti işlərinə başlanmasına icazə verilməsi barədədir. Yuxarıda qeyd edildiyi kimi bələdiyyənin tikinti işlərinə başlanmasına icazə vermək səlahiyyəti olmasa da, müvafiq qərarın 2-ci bəndində qeyd edilən “ayrılmış torpaq sahəsində” ifadəsi bir daha onu təsdiq edir ki, müvafiq qərar iddiaçıya torpaq sahəsinin ayrılması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçıya fərdi yaşayış evinin tikintisinə icazə verilməsi ilə bağlı 1.13-cü bənddə ifadə olunan qeyd, 2-ci bənddə ifadə olunan “ayrılmış torpaq sahəsində” ifadəsi ilə tamamlanır. Yəni, bələdiyyə iddiaçıya torpaq sahəsinin ayrılmasını təsdiq edərək həmin torpaq sahəsində tikinti işlərinin başlanmasına icazə vermişdir. Başqa sözlə, bələdiyyə müvafiq torpaq sahəsini iddiaçıya ayırmasa idi həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına da icazə verməzdi. Qeyd olunan fakt bir daha onu göstərir ki, faktiki olaraq bələdiyyə qərarında iddiaçıya torpaq sahəsinin ayrılması məsələsi həll edilməsinə baxmayaraq, yanlışlıqla tikintiyə icazə verilməsi ilə bağlı qeydlər aparılmışdır. İşdə olan 23.06.2009-cu il tarixli Şəki Şəhər İH tərəfindən təsdiq edilmiş, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında da obyektin tikintisi üçün torpaq sahəsinin Şəki bələdiyyəsinin 28.10.2004-cü il tarixli 15/44 saylı qərarı ilə ayrıldığı qeyd edilmiş, yaşayış sahəsi iddiaçının adına istismara qəbul edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin ayrılması barədə qərar, Şəki Rayon İcra Hakimiyyətinin istismara qəbul aktı, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi Şəki bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalar pozulmaqla iddiaçıya ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlilləri ondan ibarət olmuşdur ki, torpaq sahəsinin bələdiyyə, baş memar və DTXK-nin Şəki rayon şöbəsi tərəfindən təsdiqlənmiş yerləşmə sxemi, Şəki ŞİH-nin memarlıq və Tikinti şöbəsinin rəyi, DTXK-nin Şəki rayon şöbəsinin rəyi, “Torpaqların alqı-satqısına dair” akt və “torpaq sahəsinin planı-ölçüsü” təqdim edilməmişdir. Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Belə ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki Bələdiyyəsinin 28 oktyabr 2004-cü il 44 nömrəli qərarı ilə ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.