Məhkəmə qərarları › İş №2-1(116)-104/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-104/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-104/2023 07.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarı ləğv edilərək ona təkrar ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1965-ci il tarixdə Göyçay rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Göyçay rayonunda müəyyən sahələrdə çalışmışdır. Sonuncu iş yeri Göyçay rayonunda PMK-da fəhlə işi olmuşdur. Həmin PMK-da bir müddət işlədikdən sonra səhhətində bir neçə problem yarandığı üçün işləyə bilməmişdir. Təxminən 2000-ci ilin əvvlərində anidən səhhəti pisləşməyə başlamış, davamlı olaraq xəstəliyi davam etmiş, 2012-ci ilin əvvələrindən səhhəti kəskin pisləşərək ürək nahiyəsində ağrı, təngnəfəslik, tez-tez ürək döyünməsi, baş ağrıları, iştahasızlıq, huşun aydın vəziyyətdə olmaması, dəri və qarının selikli qişaları və digər ağrılar yaranmağa başlamışdır. Bu məqsədlə müayinə və müalicə olunmaq üçün iddiaçı həkimə müraciət etmişdir. Həkim müayinəsindən sonra xx.xx.2012-ci il tarixli 3873 nömrəli epikriz tərtib edilmiş və epikriz əsasında X2 İnstitutu tərəfindən iddiaçıya “UİX stabil gərginlik stenkordiyası İİİ infarktdan sonrakı kordionskleroz, bu xəstəliklərlə yanaşı hipertoniya xəstəliyi İİ mərhələ və qan damarının çatışmazlığı” diaqnozu qoyulmuş və iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş və müvafiq qərarla ona İİ qrup əlillik təyin edilmiş və pensiyanın verilməsi üçün zəruri sənədlər DSMF-nin Göyçay rayon şöbəsinə göndərilmişdir. 2021-ci ildə cavabdeh inzibati orqan iddiaçının yaşadığı ünvana məktub ünvanlayaraq, ona təyin edilmiş İİ qrup əlilliyin ləğv edildiyini, təkrar həkim müayinəsindən keçirilmədinin zəruriliyini bildirmişdir. Həmin məktub əsasında iddiaçı xx.xx.2021-ci il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında ambulator müalicələrdə olmuş və həkimlər tərəfindən ona “UİX stabil gərginlik stenkordiyası İİİ infarktdan sonrakı kordionskleroz, bu xəstəliklərlə yanaşı hipertoniya xəstəliyi İİ mərhələ, qan damarının çatışmazlığı, ürək çatışmamazlığı İİİ ali” diaqnozu qoyulmuş, növbəti dəfə həmin xəstəxananın göndərişi əsasında Bakı şəhəri, Akademik C.Abdullayev adına X2 İnstitutunda müayinə olunduqda həkimlər tərəfindən iddiaçıya “UİX stabil gərginlik stenkordiyası İİİ infarktdan sonrakı kordionskleroz, bu xəstəliklərlə yanaşı hipertoniya xəstəliyi İİİ mərhələ, qan damarının çatışmazlığı, xroniki ürək çatışmamazlığı infarktan sonra iki AF+36% diaqnozu qoyulmuş və bu barədə tibbi sənəd verilmişdir. Bundan sonra Göyçay Rayon Mərkəzi Xəstəxanası əlilliyin qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana göndəriş ünvanlamış, lakin ona əlilliyin təyin edilməsindən Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2022-ci il tarixdə (göndərilmə tarixi xx.xx.2022-ci il) imtina etmiş, buna əsas kimi dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri, diaqnoz, müayinələr, ağırlaşmalar əlilik əlamətini təsdiq edilmədiyi göstərilmişdir. İddiaçı cavabdehin imtinasını qanuni və əsaslı hesab etmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbində qeyd olunanlarla bağlı məhkəməyə yazılı qaydada münasibət (etiraz) təqdim etməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarı ləğv edilərək ona təkrar ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İş materiallarında olan: Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli imtinasının məzmunundan görünür ki, iddiaçı Göyçay RMX publik hüquqi şəxsinin 0276003AAMSC nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə TSEK-də müayinə olunmuş, ona əlillik təyin olunmasından imtina edilmiş, imtinaya əsas olaraq dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması göstərilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 4603 nömrəli məktubuna əlavə olunmuş T 522/2022 nömrəli ekspert rəyində qeyd olunur ki, 1965-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsinə, adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş son göndərişlə göndərilmiş TSQ 088 №-li Formada qeyd olunan “Əsas xəstəlik İ25.2 - əvvəllər keçirilən miokard infarktı ÜİX. İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma: İ20.8-Stenokardiyanın digər formaları, stabil gərginlik stenokardiyası İİİ f.s., İ50.0 - Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv hipertoniya xəstəliyi İİİ st” diaqnoz onun stasionarlarda müayinə və müalicələri zamanı psixi statusu, anamnestik, klinik, laborator - instrumental müayinələrin əsasında düzgün müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin meyarlarından hər-hansı birini aid etmək mümkün olmadı. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini üçün isə tibb müəssisəsindən yeni forma 088 rəsmiləşdirilməlidir. İddiaçı vəziyyəti ilə əlaqədar hazırda əlavə müayinə və müalicəsinə ehtiyac yoxdur. O müalicə olunsa da, xəstəliyin sağalma ehtimalı yoxdur, lakin tam müalicədən sonra xəstəlik kəskinləşmə fazasından remissiya fazasına keçir. İddiaçının müraciətinə inzibati orqan tərəfindən baxıldığı vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Eyni ilə, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinasını “dövlət səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam doldurulmması, həkimin rəyi: xəsətliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri, diaqnoz, müayinələ, ağırlaşmalar əlillik əlamətini təsdiq etməməsi” ilə əsaslandırmışdır. Yəni, cavabdehin imtinasında göstərilənlər səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdəki məlumatların natamam olması, həmin göndərişin – onun verildiyi vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.2-ci bəndinin tələblərinə uyğun tərtib olunmaması ilə bağlıdır. Həmin norma tələb edir ki, göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır. Bundan əlavə, göndərişin verildiyi vaxtda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən, göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir. Göndərişdə natamamlığın olduğu qəbul edildikdə, həmin göndərişə münasibətdə cavabdeh tərəfindən “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.22-ci bəndinin hansı səbəblərdən tətbiq olunmadığı məlum deyil. Həmin bəndin tələbinə görə, göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Lakin həmin normada göndərişin keyfiyyət meyarları göstərilmir. Cavabdeh isə Əsasnamənin 4.22-ci bəndinin iddiaçıya aid göndərişə münasibətdə tətbiqini zəruri hesab etməmiş, bununla da, həmin göndərişin keyfiyyət meyarına uyğunluğunu qəbul etmiş, müraciətə mahiyyəti üzrə baxmış və həll etmişdir. Lakin cavabdeh tərəfindən hər hansı əlavə inzibati araşdırma aparıldığına dair işdə məlumat yoxdur. Müraciətə baxıldığı vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin - 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.25-ci bəndinə əsasən, araşdırma şəxsin iştirakı ilə təkrar müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə təkrar müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. Normaların məzmunu, həmçinin orada müəyyən edilmiş icraat qaydası və müddətləri belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh müraciətlərə “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun (işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, əlavə sübutların toplanması və s.) baxılmasına müddət baxımından iqtidarlı olmamışdır. Bundan fərqli olaraq, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın – 2.4-cü bəndinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.7-ci bəndinə görə, TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. Həmin normalarla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından iddia qismən təmin olunmalı, cavabdehin xx.xx.2022ci il tarixli (müayinə tarixi xx.xx.2022-ci il) imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1965-ci il tarixdə doğulmuş X1 aid 0276003AAMSC nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-277/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli və 2-1(102)-1808/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarlarında da eyni mövqedən çıxış etmişdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli (müayinə tarixi xx.xx.2022-ci il) imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1965-ci il təvəllüdlü İddiaçı aid 0276003AAMSC nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar