Məhkəmə qərarları › İş №2-1(116)-1043/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1043/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1043/2025 18.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı vaxtdan hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Saxara” firmasında 2004-2008-ci illərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı vaxtdan hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1959-cu ildə Göyçay rayonu İnçə kəndində anadan olmuşdur. O, xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək Göyçay şəhəri 58 nömrəli Texniki Peşə məktəbində dülgər ixtisası üzrə əyani təhsil almışdır. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixə kimi 3 saylı Tikinti Quraşdırma idarəsində fəhlə işləmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixə kimi Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Sonra xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi X6 X2 mühafizəçi,. xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi Göyçay rayonu İnçə kəndi Engels adına kolxozda kolxozçu işləmişdir. İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi X5 Təsərrüfatı İdarəsinin Göyçay şöbəsində fəhlə işləmişdir. İddiaçı xx.xx.1991ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Göyçay rayonu İnçə kəndi Xəqani adına kolxozda kolxozçu, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi X3 İdarəsinin Şirvan nasos stansiyasında maşinist işləmişdir. İddiaçı 2004-2008-ci illərdə Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən “Saxara” firmasında armatur istehsalında dəzgahda işlədiyini bildirir. Həmin firmada işləyərkən iddiaçıya dövlət sosial sığorta şəhadətnaməsi verilmişdir. Yaşa görə əmək pensiyası təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli məktubla yaşa görə pensiya təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etirazın məktubunda bildirilir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə xx.xx.2024-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmişdir.Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3- 17-1/2-X-73229/2024 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir, imtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının, hərbi biletin, attestatın, X4 filialının arayışının surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən sığorta stajı qanunvericiliklə tələb olunan sosial sığorta stajından (25 İİ) az - 23 il 1 ay 18 gün təşkil etdiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla pensiya yaş həddinə, yəni 65 yaşına xx.xx.2024-cü il tarixdə çatmışdır. Bildiririk ki, İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının, hərbi biletin, attestatın, X4 filialının arayışının surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sosial sığorta stajı 23 il 1 ay 18 gün təşkil edir: ✓ xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil illəri; ✓ xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmət müddəti; ✓ kolxozda əmək fəaliyyəti dövrü (7 il 9 ay 10 gün); ✓ Göyçay Su-3-də əmək fəaliyyəti dövrü (1 il 8 ay); Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 22 il 3 ay 18 gün sığorta stajına uyğun olaraq 22890.39 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (5 ay sığorta stajına uyğun olaraq) 126.91 manat olmaqla, ümumilikdə 23017.30 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək. xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti dövrü kolxozdakı əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyü üçün kolxozdakı əmək fəaliyyəti dövrü iddiaçının sığorta stajına daxil edilmişdir. Eyni zamanda bildiririk ki, iddiaçı tərəfindən təqdim edilən iddia ərizəsinin məzmununa əsasən, o, 2004-2008-ci il tarixləri ərzində Bakı şəhəri Suraxanı rayonu “Saxara” firmasında işlədiyini iddia edir. Lakin iş materiallarından görünür ki, iddiaçı inzibati orqana müraciət edən zaman iddia etdiyi həmin dövrə dair təsdiqedici sənəd təqdim etməmişdir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətində, xx.xx.2024-cü il tarixli arxiv arayışında iddiaçının 2004-2008-ci il tarixləri arasındakı dövrdə işlədiyini iddia etdiyi “Saxara” firmasında işləməsi ilə bağlı qeydlər yoxdur. Bununla da, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Saxara” firması hazırda mövcud olmadığı üçün və firmanın sənədlərini aşkar edə bilmədiyinə görə həmin əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi üçün cavabdehə sənəd təqdim edə bilmir. İddiaçı ona məxsus sosial sığorta şəhadətnaməsinə əsaslanaraq “Saxara” firmasında işlədiyini iddia edir. Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-X-82476/2024 nömrəli məktubuna əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən, "Saxara" firması (SUN:**********5) tərəfindən 2006 - 2008-ci illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı dair məlumatların qeyd olunmadığı müəyyən edilmişdir. Bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən 31,07.2023-cü il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sosial sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

2. AA 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti;

3. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası.

4. Dövlət arxivi Göyçay filialının xx.xx.2024-cü il tarixli arxiv arayışı;

5. İİ-ЖГ seriyalı 334053 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surəti;

6. X-ЖГ seriyalı 492444 nömrəli doğum haqqında şəhadətnamənin surəti;

7. Vİİ- ЖГ seriyalı 434885 nömrəli doğum haqqında şəhadətnamənin surəti;

8. İX- ЖГ seriyalı 445182 nömrəli doğum haqqında şəhadətnamənin surəti;

9. HЭ seriyalı ******* nömrəli hərbi biletin surəti;

10. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və inzibati icraat materialları;

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu;

Əsaslandırma hissəsi: Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı 65 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İş materiallarına və iddiaçıya məxsus əmək kitabçasına əsasən onun tələb olunan 25 il sosial sığorta stajı mövcud deyildir. Belə ki,iddiaçının əmək kitabçasında olan bütün dövrlər cavabdeh tərəfindən qəbul edilmiş,əmək kitabçası üzrə mübahisəli dövr mövcud deyildir. İddiaçı 2004-2008-ci illərdə Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən “Saxara” firmasında armatur istehsalında dəzgahda işlədiyini bildirir.Lakin,həmin dövrə dair əmək kitabçasında qeyd aparılmamış, "Saxara" firması (SUN:**********5) tərəfindən 2006 - 2008-ci illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı dair məlumatlar qeyd olunmadığı müəyyən edilmişdir.Nəticə etibarı ilə iddiaçının mübahisələndirilməyən ümumi sosial sığorta stajı 25 ildən azdır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır:

1. iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı;

2. Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı;

3. fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Məhkəmə aşağıdakı qanunvericilik aktlarının müddəalarını hazırkı iddia tələbinə tətbiq edərək iddianı əsassız hesab edir: “Əmək pensiyaları” haqqında Qanunun : 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki,vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən müvafiq ödənişlər “daşımalar üzrə sadələşdirilmiş vergi” təyinatı üzrə ödənilmişdir.İddia olunan dövrə münasibətdə ödəmənin aparılmaması iddiaçının pensiya hüququnun yaranmasının əsası kimi “Əmək pensiyaları” haqqında Qanunun 22-1.1-ci maddəsinin tətbiqini istisna edir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki,iddiaçının yuxarıda qeyd olunan hər iki əsasla hüququ yaranmadığından cavabdehin imtinası əsaslı olmuşdur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar