Məhkəmə qərarları › İş №2-1(116)-1045/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1045/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1045/2022 21.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 və üçüncü şəxs Zaqatala rayon Muxax bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayon AİK-nın 21 may 1998-ci il tarixli 69 nömrəli qərarına əsasən 6 nəfər ailə üzvlərinə adambaşına 0,22 ha olmaqla, cəmi 1,32 ha pay torpağının kəsir kimi iddiaçıya verilmiş 0,28 ha torpaq sahəsinin qeydiyyat sənədlərinin iddiaçının adına işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon AİK-nın 21 may 1998-ci il tarixli 69 nömrəli qərarına əsasən 6 nəfər ailə üzvlərinə adambaşına 0,22 ha olmaqla, cəmi 1,32 ha pay torpağının kəsir kimi iddiaçıya verilmiş 0,28 ha torpaq sahəsinin qeydiyyat sənədlərinin iddiaçının adına işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının yaşadığı Muxax kəndində də torpaq islahatı aparılmış, Zaqatala rayon AİK-nın 21 may 1998 ci il tarixli 69 nömrəli qərarına əsasən 6 (altı) nəfər ailə üzvlərinə adambaşına 0,22 ha olmaqla, cəmi 1,32 ha pay torpağı mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi müxtəlif yerlərdə olduğu üçün hər bir yerə ayrıca Dövlət Aktı verilmiş və hal-hazırda da bununla əlaqədar 8 ədəd “Torpaq sahəsinin Planı və ölçüsü” sənədi onlarda saxlanılır. İslahat aparılarkən iddiaçıya faktiki olaraq 1,32 ha torpaq sahəsi təhkim olunmasına baxmayaraq , islahatdan 15 il keçdikdən sonra iddiaçının mülkiyyətinə verilmiş torpaq payından 0,28 ha torpaq sahəsi iddiaçıya məlum olmayan səbəblərə görə onun əlindən alınmış və iddiaçının 0,28 ha torpaq sahəsi kəsirdə qalmaqdadır. İddiaçı cavabdehə müraciət edərək 0,28 ha torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********18 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 18 saylı Zaqatala ərazi idarəsinə təhvil verilmiş Zaqatala rayonunda aparılmış torpaq islahatı ilə əlaqədar arxiv fondunda iddia edilən torpaq sahəsinə dair hər hansı məlumat mövcud deyildir. Buna görə də iddiaçının ərizəsində qeyd olunan məsələnin həlli mümükün olmamış və iddiaçıya “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən hazırlanmış məlumatlar istifadəyə verildikdən sonra yenidən ərazi idarəsinə müraciət edilməsi barədə xx.xx.2022-ci tarixli, **********03 nömrəli məktub göndərilmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixil 2-1(116)-98/2022 nömrəli qərardadı ilə Zaqatala rayonu Muxax bələdiyyəsi iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Zaqatala rayon Muxax bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 57 nömrəli məktubundan görünür ki, iddiaçı və ailə üzvlərinə (6 nəfər) ilkin islahat aparılan zaman 0,22 ha pay norması, 0,20 ha qanuni həyətyanı, 0,54 ha bağ sahəsi zəbt, 0,50 ha əkin sahəsi verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********17 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısında 168-ci sırada İddiaçı, X6, X4, X5, X1 və X2 adları qeyd olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli **********17 nömrəli məktubuna əlavə olunmuş: A seriyalı 242592 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə 1998,4 kv.m həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir; A seriyalı 486205 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə 1291,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir; A seriyalı 486990 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə 3717,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir; A seriyalı 247046 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə 1031,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir; A seriyalı 247047 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə 180,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir; A seriyalı 247048 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə 1199,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir; A seriyalı 247049 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə 1298,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir; A seriyalı 247050 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə 1271,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir. Üçüncü şəxs Muxax bələdiyyəsi xx.xx.2022-ci il tarixli 129 nömrəli məktubunda qeyd etmişdir ki, Muxax kənd sakini İddiaçı və ailə üzvlərinə Zaqatala rayon AİK-nın 21 may 1998-ci il tarixli 69 nömrəli qərarı ilə 6 nəfər ailə üzvlərinə adambaşına 0,22 ha olmaqla cəmi 1,32 ha pay torpağı ilkin islahat zamanı verilmişdir. 2003-cü ildə Azərbaycanda ilkin islahat aparılan Zaqatala və Xızı rayonlarında dəqiqləşmələr, dürüstləşmələr aparılması üçün komissiya göndərilmiş, həmin komissiyanın apardığı dəqiqləşmələr zamanı müəyyən olmayan səbəblərdən İddiaçı ailəsinə düşən 1,32 ha pay torpağından 0,28 ha hissəsi kəsir işlənmişdir. Həmin kəsir olan 0,28 ha torpaq sahəsini onun çox saylı şikayətlərini nəzərə alaraq Muxax bələdiyyəsi öz mülkiyyətində olan torpaq sahəsindən müvəqqəti istifadə etmək üçün “Gər bağı” adlı sahədən göstərmişdir. Şikayətçiyə də bildirilmişdir ki, Muxax bələdiyyəsi özü də mülkiyyət sahibidir, həmin torpaq sahəsini iddiaçıya pay torpağı kimi sənəd işləyə bilməz. Bələdiyyələrə elə bir səlahiyyət verilməyib ki, AİK-nın səlahiyyətlərini icra etsin. Cavabdehin xx.xx.2022-ci il tarixli **********44 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı adına qeydiyyata alınması tələb olunan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,28 ha torpaq sahəsinin öz istifadəsində və naturada ölçüləri 0,33 ha olmaqla Zaqatala rayonu Muxax bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı Bələdiyyənin ehtiyyat fondu torpaqlarina aiddir. Həmin torpaq sahəsinin naturada ölçüləri, koordinatları, istifadəçisi və yerləşmə vəziyyəti tərtib edilmiş Yerquruluşu planında göstərilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir; 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; 13.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir; 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı Zaqatala rayonu Muxax kəndində yerləşən, istifadəsində olmaqla ona iddia qaldırmaq üçün subyektiv hüquq tanıyan və naturada ölçüləri 0,33 ha olmaqla Zaqatala rayonu Muxax bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı bələdiyyənin ehtiyyat fondu torpaqlarına aid torpaq sahəsinin 0,28 ha hissəsinin adına qeydiyyata alınmasından ibarət olsa da, iddiaçı tərəfindən iddianın təmin edilməsinə əsas verən heç bir hüquqi sənəd məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması ilə aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə qərara malik deyildir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayon AİK-nın 21 may 1998-ci il tarixli 69 nömrəli qərarına əsasən 6 nəfər ailə üzvlərinə adambaşına 0,22 ha olmaqla, cəmi 1,32 ha pay torpağının kəsir kimi iddiaçıya verilmiş 0,28 ha torpaq sahəsinin qeydiyyat sənədlərinin iddiaçının adına işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar