Məhkəmə qərarları › İş №2-1(116)-1046/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1046/2020

06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1046/2020 06.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Yevlax şəhərlərarası Daşınmalar Avtonəqliyyat müəssisəsində sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. O, pensiya yaşına çatdıqda sənədlərini cavabdeh orqana təqdim edərək pensiya təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək müddətdə iddiaçının işlədiyi Yevlax şəhərlərarası Daşımalar Avtonəqliyyat müəssisəsinin fəaliyyətinin olmadığını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2020-ci ildə yaranmışdır. Cavabdeh DSMF Yevlax şəhər filialı bildirmişdir ki, iddiaçının mübahisələndirilməyən iş stajı 18 il 10 ay 4 gündür. İddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Yevlax şəhərlərarası Daşınmalar Avtonəqliyyat müəssisəsində işlədiyini iddia etdiyi illər (6 il 4 ay 10 gün) onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə, iddiaçının subyektiv hüquqi marağı - pensiya almaq hüququ yaranır (ümumilikdə 25 il 3 ay). Lakin vətəndaşın həmin illərin sosial sığorta stajına əlavə edilməsi ilə bağlı iddiası tam əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1.Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi şəxsin xx.xx.2006-cı ilə qədər işlədiyi dövrün öz təsdiqini tapması üçün əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları da mövcud olmalıdır. Lakin iş materiallarından məlum olur ki, iddiaçının işlədiyini iddia etdiyi Yevlax şəhərlərarası Daşınmalar Avtonəqliyyat müəssisəsi vaxtı ilə Yevlaxda yerləşməklə xx.xx.1998-ci ildən etibarən adı dəyişdirilərək ASC-yə çevrilmiş və həmin tarixdən fəaliyyətinin olmaması ilə bağlı DSMF Yevlax şəhər şöbəsinə hesabat təqdim etmişdir. Bundan əlavə olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinə görə Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Əlavə olaraq, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Beləliklə, vətəndaşın işlədiyini iddia etdiyi illərin bir hissəsi xx.xx.2002-ci ildən sonraya düşür və bildiyimiz kimi iddiaçının həmin illərə dair əməkhaqqı almasına dair ilkin sübutetmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu barədə heç bir sübut təqdim etməmişdir və bu illər nəzərə alınmadığı təqdirdə də, (ümumilikdə 20 il 9 ay 18 gün qalır) vətəndaşın pensiya almaq hüququ yaranmır və iddia rədd olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010- cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan iddiaçıya məxsus “Əmək kitabçası”nın təsdiq edilmiş surətində iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Yevlax Şəhərlərarası Daşımaları Avtonəqliyyatı Müəssisəsi MMC-də işləməsinə dair qeydlər var. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı pensiya işi yoxdur. İddiaçının yaşa görə əmək pensiya hüququ xx.xx.2020-ci il tarixdə yaranmışdır. İddiaçının mübahisələndirilməyən iş stajı 18 il 10 ay 4 gün, mübahisəli stajı 6 il 4 ay 26 gün olmaqla pensiya kapitalı yoxdur. İddiaçının tələbdə qeyd etdiyi staj 6 il 4 ay 26 gündür. Həmçinin Yevlax şəhərlərarası Daşınmalar Avtonəqliyat müəsissəsi vaxtı ilə Yevlaxda yerləşməklə xx.xx.1998-ci ildən ehtibarən adı dəyişirilərək ASC-yə çevrilmiş və həmin tarixdən fəaliyyətinin olmaması ilə bağlı DSMF-nin Yevlax şəhər şöbəsinə hesabat təqdim etmişdir. Belə ki, həmin ASC-nin sürücüləri DSMF-nin Yevlax şəhər şöbəsi ilə heç bir hesablaşma aparmamışdır. Müəsissəyə aid olan sənədlər, o cümlədən əmək haqqı cədvəlləri və əmr kitabları, şəxsi işlər dövlət arxivinə saxlanılması üçün verilməmiş və harda saxlanılması məlum deyil. İş materiallarında olan Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 22/11 nömrəli məktubundan müəyyən edilir ki, Yevlax şəhərlərarası X1 sənəd materialları Yevlax Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajının müəyyənləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********305000 nömrəli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 1249 saylı sərəncamı ilə Yevlax Şəhərlərarası Daşımalar Avtonəqliyyat Müəssisəsinin bazasında onun hüquqi varisi kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) yaradılmışdlr və nizamnaməsi xx.xx.1998-ci il tarixdə 2905 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Məlumat-uçot bazasına əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin fəaliyyət aktivdir. Cəmiyyətin qeydiyyat qovluğunda olan xx.xx.2003-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən həmin vaxt cəmiyyətin idarə heyətinin sədri X4 olmuşdur. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının xx xxx 2010-cu il tarixli qərarı ilə X5, 01,03.2017-ci il tarixli qərarı ilə X2, xx xxxxx 2017-ci il tarixli qərarı ilə X5 direktor vəzifəsinə təyin edilmişlər. Məlumat-uçot bazasına əsasən cəmiyyətin fəaliyyət növləri “Yük avtomobil nəqliyyatlarının fəaliyyəti“, “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət”, “Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri”, "Mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi” və “Restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər”dir. Məlumat-uçot bazasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də işləmiş əməkdaşlar barədə məlumat olmadığından İddiaçı həmin cəmiyyətdə işləyib-işləməməsi, vergi və sosial sosial sığorta haqqı ödənişləri haqqında məlumatın verilməsi mümkün deyildir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019cu il tarixli **********5 nömrəli imtina məktubu, iddiaçının əmək kitabçasının təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubu, Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 22/11 nömrəli məktubu, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********305000 nömrəli məktubu, cavabdehin etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan göründüyü kimi iddiaçının əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixdə yaranmışdır. Onun mübahisələndirilməyən iş stajı 18 il 10 ay 4 gün, iddia tələbində qeyd edilən müəssisədə əmək fəaliyyəti illəri isə 6 il 4 ay 26 gün olmaqla mübahisələndirilən iş stajıdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçının iş materiallarına əlavə etdiyi əmək kitabçasının təsdiq edilmiş surətində onun xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Yevlax şəhərlərarası Daşınmalar Avtonəqliyyat müəssisəsində sürücü işləməsi barədə qeydlər vardır. Lakin məhkəmə araşdırması zamanı sözügedən Müəssisənin müvafiq sənədləri arxivə təhvil verməməsi səbəbindən Dövlət Arxivinin Yevlax filialından təsdiqedici məlumatların alınması mümkün olmamışdır. Həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, Yevlax şəhərlərarası Daşınmalar Avtonəqliyat müəsissəsi vaxtıilə Yevlaxda yerləşməklə xx.xx.1998-ci ildən ehtibarən adı dəyişirilərək ASC-yə çevrilmiş və həmin tarixdən fəaliyyətinin olmaması ilə bağlı DSMF-nin Yevlax şəhər şöbəsinə hesabat təqdim etmişdir. Belə ki, həmin ASC-nin sürücüləri DSMF-nin Yevlax şəhər şöbəsi ilə heç bir hesablaşma aparmamışdır. Müəsissəyə aid olan sənədlər, o cümlədən əmək haqqı cədvəlləri və əmr kitabları, şəxsi işlər dövlət arxivinə saxlanılması üçün verilməmiş və harda saxlanılması məlum deyil. Həmçinin Yevlax şəhərlərarası Daşınmalar Avtonəqliyat müəsissəsi vaxtı ilə Yevlaxda yerləşməklə xx.xx.1998-ci ildən ehtibarən adı dəyişirilərək ASC-yə çevrildiyi halda əmək kitabçasında 26-cı qeyddə iddiaçının xx.xx.2000-ci il tarixindən Daşınmalar Avtonəqliyat müəsissəsində işləməsi barədə qeydin aparılması, xx.xx.2006-cı ildən sonra isə iddiaçı barəsində PAS-da məlumatın olmaması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının əmək kitabçası sonradan doldurulmaqla heç bir ilkin sənədlərə (əmr kitabları və s.) əsaslanmadan yazılmışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, hətta iddiaçının xx.xx.2006-cı ilə qədər olan stajı daxil edilsə də, onun tələb olunan 25 il stajı tamamlanmır. (mübahisəsiz 18 il 10 ay 16 gün+ 5 il 5 ay 12 gün (xx.xx.2000-xx.xx.2006) = 24 il 3 ay 16 gün) Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Yevlax şəhərlərarası Daşınmalar Avtonəqliyyat müəssisəsində sürücü işlədiyi illər onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Yevlax şəhərlərarası Daşınmalar Avtonəqliyyat müəssisəsində sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar