Məhkəmə qərarları › İş №2-1(116)-1047/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1047/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1047/2020 05.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı "xx.xx.1976-cı ildən xx.xx.1980ci ilədək Ucar Rayonlararası Təsərrüfat X2 və xx.xx.1980-ci ildən xx.xx.2003-cü ilədək Ucar Rayon Kəndkimya İstehsalat Birliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə Göyçay rayonu Yeniarx kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək ünvan 2 peşə məktəbində təhsil almış, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildən xx.xx.1980-cı ilədək Ucar Rayonlararası Təsərrüfat X2, xx.xx.1980-cı ildən xx.xx.2003-cü ilədək Ucar Rayon Kəndkimya İstehsalat Birliyində sürücü işləmişdir. İddiaçı xx.xx.2020-ci ildə (64 il 6 ay) pensiya yaşına çatmışdır. O, cavabdehə ərizə ilə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********0 nömrəli cavab məktubu ilə bildirmişdir ki, əmək pensiyasının təyin olunması üçün minimum 25 il sosial sığorta stajı və yaxud minimum 28800 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi sənədlərdə ümumi 16 il 5 ay 18 gün sosial sığorta stajı və 12206,23 manat pensiya kapitalı olduğuna görə ona əmək pensiyasının təyin olunması qanunamüvafiq deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, işlədiyi müəssisələrin müəyyən illərinin əmr kitabları və əmək haqqı cədvəlləri saxlanmadığına görə cavabdeh ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli **********4 nömrəli etirazında bildirmişdir ki, İddiaçı hal-hazırda 17 il 5 ay 7 gün sosial sığorta stajı və 12910,97 manat pensiya kapitalı vardır. Lakin iddiaçıya pensiya təyini üçün 25 il sosial sığorta stajı və yaxud minimum 28800 manat pensiya kapitalı tələb olunur. İddiaçının tələb olunan sosial sığorta stajı və pensiya kapitalı çatışmadığı üçün ona pensiya təyin etmək mümkünsüzdür. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 91422 nömrəli attestatdan görünür ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək ünvan 2 peşə məktəbində təhsil almışdır. - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 16 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1980-cı ilədək Ucar Rayonlararası Təsərrüfat X2, xx.xx.1980-cı ildən xx.xx.2003-cü ilədək Ucar Rayon Kəndkimya İstehsalat Birliyində sürücü işləmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Göyçay rayon filialının xx.xx.2020-ci il tarixli **********4 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının hal-hazırda 17 il 5 ay 7 gün sosial sığorta stajı və 12910,97 manat pensiya kapitalı vardır. Lakin iddiaçıya pensiya təyini üçün 25 il sosial sığorta stajı və yaxud minimum 28800 manat pensiya kapitalı tələb olunur. İddiaçının tələb olunan sosial sığorta stajı və pensiya kapitalı çatışmadığı üçün ona pensiya təyin etmək mümkünsüzdür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Cavabdeh iddiaçının əmək kitabçasında göstərilən müddətlərin 14 il 5 ay 11 gün hissəsini sosial sığorta stajı kimi qəbul etdiyini bildirsə də, həmin müddətləri ardıcıl deyil, yalnız əmək haqqı ödənilmiş ayları toplamaq üsulu ilə əldə etmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddianın əsaslılığı iddia ərizəsində göstərilən bütün müddətlərə münasibətdə yoxlanmalıdır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məlum oldu ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçının adına verilmiş ИT-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə müəyyən olunur ki, o, xx.xx.1976-cı ildən xx.xx.1980-cı ilədək Ucar Rayonlararası Təsərrüfat X2, xx.xx.1980-cı ildən xx.xx.2003-cü ilədək Ucar Rayon Kəndkimya İstehsalat Birliyində sürücü işləmişdir. Cavabdeh iddiaçıya əmək pensiyasının təyin olunmasından imtinasını belə əsaslandırır ki, Ucar Rayonlararası Təsərrüfat X3 əmr kitabları mövcud olsa da, əmək haqqı cədvəlləri saxlanmadığına görə iddiaçının əmək haqqı alıb-almamasını müəyyən etmək mümkün deyil, Ucar Rayon Kəndkimya İstehsalat Birliyinin isə 1992-ci ildən sonrakı əmr kitabları saxlanılmır, eləcə də həmin Birlik xx.xx.1999-cu ildən sonra məcburi dövlət sosial sığorta haqqı ödəməmişdir. Bu səbəblərə görə göstərilən müddətlər iddiaçının sosial sığorta stajına daxil edilmir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Sadalanan normalara görə məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında onun işləməsi barədə məlumatların həqiqiliyi şübhə doğurmadığı üçün əmr kitablarının, yaxud əmək haqqı ödənilməsi cədvəllərinin arxivdə saxlanmaması onun əmək kitabçasında göstərilən müddətlərdə işləməsini şübhə altına ala bilməz. Ucar Rayon Kəndkimya İstehsalat Birliyi tərəfindən xx.xx.1999-cu ildən sonra məcburi dövlət sosial sığorta haqqı ödənilməməsi barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. xx.xx.1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 252-ci maddəsinə əsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar. Həmin Məcəllənin 253-cü maddəsinə əsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. xx.xx.1999-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304-cu maddəsinə əsasən, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunubolunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir. Həmin Məcəllənin 306-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Maddələrin tələblərindən göründüyü kimi, əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərin tutulması və cavabdehə köçürülməsi kimi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göstərilən maddələrin tələbləri belə izah olunur ki, xx.xx.2002-ci ilədək olan dövrdə işcilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu müddətə münasibətdə sosial sığorta haqlarının ödənilməməsi həmin müddətin şəxsin əmək stajına daxil edilməməsi üçün hüquqi əsas kimi qiymətləndirilməmişdir. Qanunvericiliyin əlaqəli təhlili o nəticəni yaradır ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və işəgötürən tərəfindən sosial sığorta haqlarının ödənilib-ödənilməməsi iddiaçının əmək kitabçasında olan müddətin onun sosial sığorta stajına daxil edilməsinə təsir göstərmir. Ona görə də cavabdehin bildirdiyi dəlil xx.xx.2002-ci ilədək olan müddətlə bağlı əsassız, həmin tarixdən xx.xx.2002-ci ilədək olan müddətlə bağlı isə əsaslıdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının əmək kitabçasında göstərilən Ucar Rayonlararası Təsərrüfat X2 xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilədək işlədiyi bütün müddət (3 il 6 ay 3 gün) və Ucar Rayon Kəndkimya İstehsalat Birliyində işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü ilədək müddətin xx.xx.1980-ci ildən xx.xx.2002-ci ilədək (21 il 1 ay) hissəsi onun sosial sığorta stajına daxil edilməlidir. Bu müddətlərin cəmi 24 il 7 ay 3 gün təşkil edir. Bundan başqa, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 7 gün) SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Həmin müddət də onun sosial sığorta stajına daxil edilməlidir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Bundan başqa, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək (11 ay 19 gün) texniki peşə məktəbində təhsil almışdır ki, bu müddət də onun sosial sığorta stajına daxil edilməlidir. Belə ki, xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı haqqında" SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, yuxarıda sadalanan müddətləri topladıqda məlum oldu ki, iddiaçının 27 il 6 ay 29 gün sosial sığorta stajı vardır, bu isə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Belə olan halda, cavabdeh iddiaçının Ucar Rayonlararası Təsərrüfat X2 xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilədək işlədiyi müddəti və Ucar Rayon Kəndkimya İstehsalat Birliyində işlədiyi müddətin xx.xx.1980-ci ildən xx.xx.2002-ci ilədək olan hissəsini onun sosial sığorta stajına daxil etməli idi. Ona görə də iddia qismən təmin edilməli, iddiaçının Ucar Rayonlararası Təsərrüfat X2 xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilədək işlədiyi müddətin tam, eləcə də Ucar Rayon Kəndkimya İstehsalat Birliyində işlədiyi müddətin xx.xx.1980-ci ildən xx.xx.2002-ci ilədək olan hissəsinin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək olan müddətə aid hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilədək Ucar Rayonlararası Təsərrüfat X2 və xx.xx.1980-ci ildən xx.xx.2002-ci ilədək Ucar Rayon Kəndkimya İstehsalat Birliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Göyçay rayon filialının üzərinə qoyulsun. İddia xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək olan müddətə aid hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar