Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-105/2022 05.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayonu Şin kəndində yerləşən 0,5 ha həyətyanı torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayonu Şin kəndində yerləşən 0,5 ha həyətyanı torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05.05.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Şəki rayonu Baş Layısqı kənd fəhlə kəndli birliyi kolxozunun 16.03.1990-cı il tarixli 1 №-li ümumi iclas protokoluna əsasən iddiaçıya nizamnaməyə uyğun olaraq torpaq sahəsinin ayrılması qeyd edilmiş, lakin ayrılmış torpağın sahəsi və yeri göstərilməmişdir. Eyni zamanda iddiaçının adı Şin kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında X4 ilə birgə qeyd edilməsinə və təsərrüfatbaşına kitabdakı həyətyanı torpaq sahəsi 0.12 ha qeyd edilməsinə baxmayaraq, həmin torpaq sahəsinə dair yerquruluşu sənədləri hazırlanmamışdır. İddiaçı, özünə ayrılmış torpaq sahəsinin meşə zolağından düşməsini iddia edərək həmin torpaq sahəsinə və ya bələdiyyə ərazisindən başqa ərazidən 0.05 ha torpaq sahəsinin ayrılması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan kolxozun müvafiq qərarında ayrılması nəzərdə tutulan torpağın sahəsinin göstərilməməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu iddia etdiyi torpaq sahəsinin ona 1994-cü ildə kolxoz tərəfindən ayrılması ilə, cavabdeh, iddia tələbinə etirazını kolxoz qərarında ayrılmış torpaq sahəsinin ölçüsünün göstərilməməsi ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Respublika Dövlət Arxivinin Şəki Filialının 02.10.2020-ci il tarixli 628 №-li arxiv çıxarışından və Şəki rayonu Baş Layısqı kənd fəhlə kəndli birliyi kolxozunun 16.03.1990-cı il tarixli 1 №-li ümumi iclas protokolundan görünür ki, Şəki rayonu Baş Layısqı kənd fəhlə kəndli birliyi kolxozunun 16.03.1990-cı il tarixli 1 №-li ümumi iclas protokolunun qərarına əsasən 11 sıra sayının qarşısında adı olan İddiaçı və digər şəxslərə nizamnamə əsasında həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. - Şin kəndində 02.08.1996-cı il tarixədək yaşayan pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 147 sıra sayının qarşısında İddiaçı və X4 qeyd edilmiş, təsərrüfatbaşına kitabdakı həyətyanı torpaq sahəsi 0.12 ha göstərilmişdir. - Şəki RAİK-nın 29.05.1998-ci il tarixli 46 №-li qərarından görünür ki, Şin kəndi üzrə 29.05.1998-ci il tarixli 7 saylı yekun protokol təsdiq edilmişdir. - cavabdehin 03.05.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19.05.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddia tələbindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Şəki rayonu Şin kəndində 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına və çıxarışın verilməsinə nail olmaqdır. Belə ki, iddiaçı torpaq sahəsinin ona Şəki rayonu Baş Layısqı kənd fəhlə kəndli birliyi kolxozunun 16.03.1990-cı il tarixli 1 №-li ümumi iclas protokoluna əsasən ayrıldığını iddia edir. İş materialları ilə müəyyən edilir ki, Şəki rayonu Baş Layısqı kənd fəhlə kəndli birliyi kolxozunun 16.03.1990-cı il tarixli 1 №-li ümumi iclas protokoluna əsasən iddiaçıya torpaq sahəsinin ayrılması qərara alınmasına, həmçinin torpaq payı almaq hüququ olan subyektlər siyahısında və təsərrüfatbaşına kitabda iddiaçının adının qarşısında ailə üzvü ilə birlikdə 0.12 ha qeyd edilməsinə baxmayaraq, həmin sənədlər əsasında iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin sxematik planı torpaq sahəsinin yerini müəyyən etmək üçün zəruri olan və qanunvericiliklə hüquqların qeydiyyatı barədə ərizəyə əlavə edilməli sənəddir ki, iddiaçı torpaq sahəsinin təhkim aktını, torpaq sahəsinin sxemini və ya torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən və torpaq sahəsini ona təhkim edən səlahiyyətli orqanın təsdiqlədiyi hər hansı sənədi nə cavabdehə, nə də ki məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi, 14.11.1994-cü il tarixdə tərtib edildiyi qeyd edilən aktdan ümumiyyətlə həmin aktı hansı qurumun təsdiq etməsini və həmin aktda qeyd edilən torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək mümkün deyil. Belə ki, həmin aktda torpaq sahəsinin şimal və qərb hissəsinə yerləşən obyekt “dağ”, şərq və cənub hissəsində isə “yol” qeyd edilmişdir ki, olduqca mücərrəd və ümumi xarakterli həmin ifadələrin torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsinə imkan verən coğrafi obyektlər kimi qəbul edilməsi mümkün deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı özü də tələbində bildirir ki, ona ayrılmış 0.05 ha torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, elektron xəritələr təzələnərkən onun torpaq sahəsi meşə zolağına düşmüşdür. Odur ki, həmin torpaq sahəsinin və ya bələdiyyə tərəfindən başqa torpaq sahəsinin verilməsini xahiş edir. Lakin, həmin torpaq sahəsi dedikdə iddiaçının hansı torpaq sahəsini nəzərdə tutması, yaxud başqa yerdən torpaq ayrılması dedikdə hansı torpaq sahəsini nəzərdə tutuması məlum deyil. Ümumiyyətlə yuxarıda qeyd edildiyi kimi iddiaçıya ayrılmış torpaq sahəsinin yeri bəlli deyil. Digər tərəfdən hətta iddiaçının uzun müddət torpaq sahəsindən faktiki istifadə etməsini bildirməsi, ona verilmiş torpaq sahəsinin məhz həmin torpaq sahəsi olmasını iddia etmək üçün əsas vermir. Bunun üçün ən azı torpaq sahəsinin ölçülərinin əks olunduğu müvafiq yerquruluşu sənədləri də mövcud olmalıdır ki, məhkəmə araşdırması zamanı da belə sənədlər aşkar edilməmişdir. İddia olunan torpaq sahəsinin yerləşmə sxemi mövcud olmadığından və hansı qurum tərəfindən tərtib və təsdiq edilməsi məlum olmayan 14.11.1994-cü il tarixli aktda torpaq sahəsinin koordinatları, coğrafi yerləşmə vəziyyəti barədə hər hansı məlumat olmadığından, hansı torpaq sahəsi üzərində (yaxud nəyə görə məhz iddiaçının faktiki sahibliyində olan torpaq sahəsi üzərində) iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda iddiaçıya ayrılmış torpaq sahəsinin yeri bəlli olmadığından cavabdehin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtinasının əsasları qanuni olmuşdur. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin müəyyən edilməsi üçün cavabdeh orqana sorğu verilmiş, cavabdeh orqan tərəfindən mütəxəssis rəyinin təqdim edilməsi üçün 311 manat məbləğdə smeta təqdim edilmişdir. İddiaçı, maddi imkanının olmamasını bildirərək həmin məbləğin ödənilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, hər bir halda iddiaçıya ayrılmış torpaq sahəsinin naturada yerini və iddia olunan torpaq sahəsinin məhz iddiaçıya ayrılmış torpaq sahəsi olmasını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi zərurəti də aradan qalxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayonu Şin kəndində yerləşən 0,5 ha həyətyanı torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.