Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1050/2022 11.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, Nurayeva (Zodorova) Rayisət İbrahim qızının ərizəsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: Nurayeva (Zodorova) Rayisət İbrahim qızının 15.03.2022-ci il tarixdə məhkəməyə ərizəsi daxil olmuşdur. Ərizədə qeyd olunmuşdur ki, 1983-cü ildən Kebeloba kəndində 0.12 ha həyətyanı sahəsi 5 (beş) nəfər ailə üzvünün birgə mülkiyyətində olmuşdur. Bu barədə həmin dövrdə fəaliyyətdə olan «Sovet Özbəkistanı» adına kolxoz idarə heyətinin müvafiq qərarı olmuşdur. O, həmin ərazidə ailəsinə ev tikib 40 ildir ki, yaşayır. Həmin 0.12 ha ərazinin 725.16 kv.m sahəsini daş barı ilə hasara alıb, o biri yəni 475 m2 ərazini isə dəmir setka ilə bağlayaraq istifadə edir. Həmin hissəyə ayrı-ayrı meyvə ağacları əkmişdir. Həyətyanı torpağın 0.12 ha olması Zaqatala rayon dövlət arxivinin 16.12.2016-cı il № 1494 və 17.06.2021-ci il № 5254 arayışları ilə təsdiq edilmişdir. Bundan başqa Zaqatala rayon Car kəndi aqrar islahat komissiyasının 19 sentyabr 1996-cı il qərarı ilə həmin vaxt, yəni 0.12 ha həyətyanı torpağının olması təsdiq edilmişdir, (protokol № 4). Zaqatala rayon islahat komissiyası 25 sentyabr 2003-cü il tarixində 110 №-li qərarla yuxarıda göstərilən qərarı təsdiq etmişdir. Bütün bu illər üzrə, yəni 40 (qırx) ildir ki, o, həmin 0.12 ha torpaq sahəsinin vergisini ödəyir. O, ailəsi ilə 1999-cu ildən Rusiya Federasiyasında, orada həmin dövrdə işləyən həyat yoldaşının yanında yaşamışdır. Hal-hazırda 2020-ci ildən Zaqatalaya qayıtmışdır və burda yaşayır. Zaqatalaya qayıdandan sonra məlum oldu ki, onun 0.12 ha həyətyanı torpağının 475m2 setkaya alınmış hissəsi bələdiyyə torpağı kimi rus vətəndaşına satılıb və o, əlində kadastr sənədləri ilə gəlib həmin ərazidə tikinti işləri aparmaq istəyir. O, buna etiraz etdikdə Zaqatala rayon Car kənd bələdiyyəsinin sədri Borayev Abdulla ilə birgə gəlib həmin torpağın özlərinə məxsus olmasını və vətəndaşın orada tikinti tikməyə haqqının olmasını bildirmişdir. O, Zaqatala rayon İcra Hakimiyyətinə və rayon prokurorluğuna müraciət etmiş, hər iki tərəf ona məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Onlar Rusiyada olduğu dövrdə evlərində kirayənişin olub və 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində həmin adamlar evdən çıxıb getmişlər. Nəticədə onlar qayıdanda evin sənədləri, həyat yoldaşına məxsus şəxsiyyət vərəqəsi, sürücülük vəsiqəsi və sair sənədlər olan qovluq itmişdir. Ona görə də əlində ilkin sənəd olan Car kəndi «Sovet Özbəkistan» kolxozunun qərarı yoxdur, amma yuxarıda göstərilən sənədlərdən də görünür ki, onların 0.12 həyətyanı torpağı olub. Qeyd olunan məsələyə baxılması və qanunsuz zəbt edilmiş 475m2 həyətyanı torpağının geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizəçiyə 29.03.2022-ci il tarixdə yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, onun ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddələrinin tələblərinə uyğun deyil. İPM 46.1.2-ci maddəsində göstərilmişdir ki, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları iddia ərizəsində göstərilməlidir. Hazırkı ərizədə isə cavabdehin hansı inzibati orqan olması, o cümlədən cavabdehin ünvanı və ona qarşı olan konkret tələb göstərilməmiş, anoloji tələblə cavabdeh inzibati orqana edilən müraciətin təmin edilməsindən cavabdehin imtina etməsi və ya müraciətin cavabsız saxlanılması barədə müvafiq sənədlər əlavə edilməmişdir. Ərizəçiyə təklif edilmişdir ki, iddia ərizəsini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun tərtib edərək, tələbin yönəldiyi cavabdeh orqanı və ona qarşı olan tələbi aydın qeyd etməklə iddia tələbini dəqiqləşdirsin, həmçinin cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtina etməsi və ya müraciətin cavabsız saxlanılması barədə müvafiq sənədini əlavə etsin. Qeyd olunan nöqsanların aradan qaldırılması və tələbi dəqiqləşdirərək təqdim edilməsi üçün ərizəçiyə 5 (beş) gün müddətində vaxt təyin edilmişdir. Verilmiş müddət ərzində nöqsanlar aradan qaldırılmamışdır. Odur ki, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: Nurayeva (Zodorova) Rayisət İbrahim qızının ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1050/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1050/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver