Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1050/2025 06.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, üçüncü şəxs X2, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu AİK-nin xx.xx.1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 0.0172 hektar torpaq sahəsini 0.08 hektardan çıxmaqla qalan 0.06274 hektarına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması plan-ölçü və çıxarışın hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu AİK-nin xx.xx.1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 0.0172 hektar torpaq sahəsini 0.08 hektardan çıxmaqla qalan 0.06274 hektarına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması plan-ölçü və çıxarışın hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1050/2025 nömrəli qərardadı ilə X8, X12, Soltanova (Vəliyeva) Gülayə Müsəllim qızı, X9, X6 və X3 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddia ərizəsinə əsasən İddiaçı və ailə üzvülərinin evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılması ilə əlaqədar 28 mart 2024-cü il tarixli İş № e-2(025)-300/2024 saylı Qəbələ Rayon Məhkəməsinin qətnaməsi vardır.Hal-hazırda iş Şəki Apellyasiya Məhkəməsindədir.Həmin ev 2019-cu ildən Ağdaş sakini Cəbrayılova Səidənin mülkiyyətinə verilmişdir.Evin altındakı və ətrafdakı 0,08 hektar həyətyanı torpaq sahəsi iddiaçıya və ailə üzvülərinə məxsusdur. O, həmin ərazidə ev tikmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxs 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Həmin təşkilatdan ona imtina cavabı gəlmişdir. Səbəbi həmin torpaq sahəsinin üzərində mövcud olan fərdi yaşayış evinin olduğu göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxs 9 saylı Qəbələ Ərazi İdarəsinədən ona bildirmişdilər ki, tərəflərin razı olmadığı üçün evin altındakı 0,01726 hektar torpaq sahəsindən imtina etməklə Qəbələ Rayon Məhkəməsinə müraciət etmək lazımdır. Cavabdeh orqan Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən, Qəbələ rayon, Aqrar islahat Komissiyasının noyabr 1997-ci il tarixli, 25 saylı, qərarı ilə JN-231A saylı, Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənə əsasında mülkiyyətə verilmiş 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 0.0172 ha torpaq sahəsini qeyd olunan JN-231A saylı, Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnamən 0.08 ha torpaq sahəsindən çıxarılmaqla üst-üstə düşməyən 0.6274 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması plan-ölçü və çıxarışın hazırlanıb verilməsi Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığında müraciətin təmin edilməsindən imtina etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən üçüncü şəxs izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. JN-231A KOD 40614018 nömrəli Torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin surəti;
3. B 122881 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi,
4. Qəbələ Rayonu Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər;
5. Cavabdeh orqanın xx.xx.2025-ci il tarixli məktubu;
6. 1919011460 qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarış;
7. 08.10.2019-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı JN-231A saylı, Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətə verilmiş 0.08 ha torpaq sahəsinin 627,4 kv. hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir.Məhkəmə araşdırması iddia olunan torpaq sahəsinə münasibətdə aparılmışdır. Cavabdehin ilkin müraciətə imtinasının əsasını iddia olunan torpaq sahəsində fərdi yaşayış evinin olması təşkil edir. Məhkəmə araşdırması iddia olunan torpaq sahəsinə münasibətdə aparılmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı ilə X10 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Qəbələ Rayon Məhkəməsinin 12-12 nömrəli, xx.xx.1994-cü il tarixli qətnaməsi ilə Təranə Cəbrayılova ilə iddiaçı arasındakı rəsmi nikah pozulmuşdur. JN-231A saylı, Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir.Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir.Sözügedən fərdi yaşayış evi hazırda iş üzrə üçüncü şəxs X2 adına xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ qeydə alınmışdır.Aparılmış qeydiyyata əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi çıxarışda bələdiyyə mülkiyyəti kimi göstərilsə də mübahisəli torpaq sahəsində yerləşdiyi işin mübahisəsiz halıdır.Fərdi yaşayış evi Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin 172,6 kv.m hissəsində inşa olunmuşdur.Bu hal işə mülki mühakimə icraatı qaydasında baxan məhkəmələrin aktlarından aydın olduğu üçün məhkəmə əlavə mütəxəssis rəyinin alınmasına zərurət görməmişdir. Fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququnun iddiaçı tərəfindən ötürülməsi mülki məhkəmə icraatı çərçivəsində baş vermişdir.Belə ki,Oğuz Rayon Xalq Məhkəməsinin 14 may 1996-cı il tarixli Qətnaməsinə əsasən Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən tərəflərin birgə nikah dövründə inşa edilmiş,çiy kərpicdən inşa edilmiş,iki otaqlı tam istifadəyə verilməmiş yaşayış evi X4 mülkiyyətinə verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli Qətnaməsinə əsasən 7.000 manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən DƏDRX tərəfindən qeydə alınmış xx.xx.2019-cu il tarixli çıxarışla X2 mülkiyyətinə verilmiş fərdi yaşayış evinə İddiaçıla bərabər X12, X9, X7 və X1 istifadə hüququna xitam verilməklə fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4125/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə həmin mübahisə ilə bağlı mülki məhkəmə icraatı yekunlaşmışdır. Məhkəmə iddianı əsassız hesab edərək aşağıdakıları qeyd edir. İlkin olaraq iddiaçının Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair mülkiyyət hüququ itmişdir.Belə ki,hüququn əsasını təşkil edən fərdi yaşayış evi onun mülkiyyətində olmadığından evin yerləşmiş olduğu torpaq sahəsinə dair hüquq da yeni mülkiyyətçiyə ötürülmüşdür. Digər tərəfdən iddiaçı JN-231A saylı, Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnamə ilə ümumibirgə mülkiyyətə verilmiş 0.08 ha torpaq sahəsindən 0.6274 ha hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir ki,həmin torpaq sahəsi bütövlükdə iddiaçının birgə mülkiyyətinə verilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin mübahisə yaranarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Göründüyü kimi tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. Göründüyü kimi iddiaçının iddia olunan 0.6274 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu AİK-nin xx.xx.1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 0.0172 hektar torpaq sahəsini 0.08 hektardan çıxmaqla qalan 0.06274 hektarına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması plan-ölçü və çıxarışın hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə