Məhkəmə qərarları › İş №2-1(116)-1053/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1053/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1053/2020 02.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı “1972-1973, 1976-1978-ci illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi 4 il müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1972-1973, 1976-1978-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Göyçay rayon Alxasava kəndində anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə hüququ yarandığı üçün ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2020ci il tarixdə “1972-1973, 1976-1978-ci illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan arxiv arayışına əsasən pensiyanın yenidən hesablanmasının qanunamüvafiq olmadığını bildirmişdir. İddiaçı keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “1972-1973, 1976-1978-ci illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi 4 il müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı 64 yaş 6 ayında, yəni qanunvericiliyin tələbinə uyğun olaraq onun yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2020-ci il tarixdə xx.xx.2006-cı il tarixədək 25 il staj 18532.50 manat kapital, xx.xx.2006-cı il tarixdən 13 il 8 ay staj 18650.09 manat kapitalla 258.21 manat avtomatlaşdırılmış qaydada pensiya təyin edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2006cı il tarixli 377 saylı Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ fəslinin 3.1.1. maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş ştajı əmək kitabçasına əsasən müəyyən edilir. Odur ki, təqdim etdiyi arxiv arayışına əsasən ona yaşa görə əlavə əmək pensiyası hesablamaq qanunamüvafiq olmamışdır. Beləliklə İddiaçı iş stajı aşağıdakı qaydadadır: 1972-1973; 1976-1978= 04-00-00 (kolxoz-Arxiv arayışı) 1974.xx.xx-1975.11.01= 01-10-00 (Hərbi xidmət) 1978.xx.xx-2006.01.01= 27-04-00 33-02-00 Qeyd edilir ki, məhkəmə qərarı əsasında İddiaçı 1972-1973, 1976-1978-ci illərdə işlədiyi müddət nəzərə alınmaqla sosial sığorta stajına daxil edilərək iş stajı 33 il 2 ay qaydada olduğu halda pensiyası 300.24 manat hesablanacaqdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 260 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Sovet Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İş materiallarında olan Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 116 nömrəli arxiv arayışından müəyyən edilir ki, Göyçay rayon Alxasafa kənd “Şirvan” kolxozunun əmək günü uçotu və hesablaşma kitablarında iddiaçının əmək günü və əmək haqqı qazanmasına dair qeydlər vardır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1978-ci il tarixdən Aşağı Qaraməryəm kənd məktəbində əmək fəaliyyətinə başlamış, hal-hazırda isə xx.xx.2010-cu il tarixdən Alxasava kənd orta məktəbində direktor vəzifəsində işləyir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020ci il tarixli **********7 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 260 nömrəli arayışı, Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 116 nömrəli arxiv arayışı, ******* nömrəli əmək kitabçasının surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Belə ki, iddiaçıya hüququ yarandığı xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən avtomatlaşdırılmış qaydada 258.21 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının əmək kitabçasında qeyd olunmayan, lakin Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 116 nömrəli arxiv arayışı ilə təsdiqini tapan 1972-1973, 1976-1978-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi illər onun sosial sığorta stajı olaraq nəzərə alınmamışdır. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan arxiv arayışına əsasən orada qeyd olunan müddətin iddiaçının sosial sığorta stajı olaraq nəzərə alınmasının qanunamüvafiq olmadığını bildirərək müraciətdən imtina etmiş və beləliklə də, tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubuna əsasən müəyyən edilir ki, iddiaçının tələbindən qeyd olunan iş illəri onun sığorta stajına daxil edilərsə, iddiaçının əmək pensiyasının məbləği artaraq 300.24 manat məbləğində olacaqdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmaqda məqsədi onun əmək pensiyasının məbləğinin yenidən hesablanaraq nəzərə çarpacaq məbləğdə artırılmasından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X4” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1972-1973, 1976-1978-ci illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi 4 il müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Göyçay rayon filialının üzərinə İddiaçı 1972-1973, 1976-1978-ci illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi 4 il müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar