Məhkəmə qərarları › İş №2-1(116)-1058/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1058/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1058/2021 08.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə rəsmiləşdirilmiş, Qax rayon Ləkit Bələdiyyəsinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və uyğun çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə rəsmiləşdirilmiş, Qax rayon Ləkit Bələdiyyəsinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və uyğun çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 17.06.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Qax rayon Ləkit kəndinin inzibati ərazisində 0.12 ha həyətyanı sahədə iddiaçıya fərdi ev tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Həmin vaxt iddiaçı Azərbaycan Respublikasının vətəndaşı idi və ailəsinin ehtiyacı üçün həmin sahədə bir mərtəbəli ümumi sahəsi 62.7 kv.m olan yaşayış evi tikdirmişdir. İddiaçı 2011-ci ilədək həmin fərdi evdə yaşayıb ev təsərrüfatını idarə etmişdir. İddiaçı əmlak və torpaq vergisini həmin vaxtdan hazıradək Qax rayonu Ləkit Bələdiyyəsinə hər ay davamlı olmaqla ödəyir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi cavabdeh orqana müraciət edərək, iddiaçıya məxsus Qax rayonu, Ləkit kəndində yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 01.06.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, aparılmış araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsi ayrılmış İddiaçı xarici ölkə vətəndaşı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Qanunvericiliyinin 48.3-cü maddəsinə əsasən “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər”. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Qax rayonu, Ləkit kəndində yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birgə xarici ölkə vətəndaşının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 01.07.2021-ci il tarixli məktubunda iddiaçının nümayəndəsinə ünvanladığı 01.06.2021-ci il tarixli imtina məktubunda göstərilənləri qeyd edərək iddia tələbinə münasibətini bildirmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi A seriyalı 062106 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Qax rayonu AİK-nın 22.04.1998-ci il tarixli 05 nömrəli qərarı ilə Qax rayonu Ləkit kəndində yerləşən 1199.41 kv.m həyətyanı torpaq sahəsi X3 ayrılmış, sənəd X7 kitabında 26.10.2008-ci il tarixd\ 3296 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Qax rayon XDS İcraiyyə Komitəsinin 15 fevral 1990-cı il tarixli 2 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, “fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi barədəki qərarların təsdiqi haqqında” icraiyyə komitəsi qərara almışdır ki, Ləkit kənd sakini X2 ev tikmə sənədlərinin təsdiq edilməsi barədə Ləkit kənd XDS İcraiyyə Komitəsinin 27.09.1989-cu il tarixli 9 nömrəli iclasının qərarı təsdiq edilmişdir. İş materiallarında olan Ləkit “Lenin yolu” kolxozunun 05.11.1988-ci il tarixli 6 nömrəli müvəkkillər yığıncağının protokolundan çıxarışdan görünür ki, kolxozun üzvü X2 atası ilə təsərrüfatı ayrı olduğu üçün ev tikməyə həyətyanı torpaq sahəsi verilməsi barədəki ərizəsi nəzərə alınmış və ona ev tikmək üçün münasib yerdən 0.12 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan Qax rayonu İcra Hakimiyyəti Ləkit kənd inzibati ərazi dairəsinin 06.05.2020-ci il tarixli arayışında qeyd edilir ki, İddiaçı 29.08.2011-ci il tarixədək ərazinin Ləkit kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan Qax rayon Ləkit bələdiyyəsinin 06.04.2020-ci il tarixli arayışında qeyd edilir ki, Qax rayonu Ləkit bələdiyyəsinin ərazisindəki, Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 5 saylı qərarı ilə İddiaçı adına ayrılmış 1199.41 kv.m həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində tikdirdiyi birmərtəbəli 62.7 kv.m ev üçün hesablanmış bələdiyyə vergilərini 2000-ci ildən hazıradək özü ödəyib. Bələdiyyəyə vergi borcu yoxdur. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 03.04.2021-ci il tarixli, 2(024)- 290/2021 nömrəli qətnaməsi ilə Qax rayon AİK-nın 22.04.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən verilmiş 06206 saylı Plan və Ölçü sənədinin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qax rayon AİK-nın 22.04.1998-ci il tarixl 05 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, iclasda Qum kolxozunun Aqrar İslahat Komissiyasının 28.02.1998-ci il tarixli, 15 saylı protokolu təsdiq edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madəsinin 2-ci bəndinə əsasən, islahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. 2-ci maddəsinə əsasən, aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması aqrar islahatın əsas istiqamətlərindən olmuşdur. 5-ci maddəsinin 1-ci bəndinə əsasən, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, yuxarıda qeyd edilmiş Ləkit “Lenin” kolxozunun 05.11.1988-ci il tarixli 6 nömrəli iclas qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə iddiaçının mülkiyyətinə verilmişdir. Bundan sonra isə Qax rayon AİK-nın 22.04.1998-ci il tarixli 05 nömrəli qərarı ilə iddiaçının faktiki istifadəsində olan 0.12 ha həyətyanı torpaq sahəsi ona verilmiş və bununla bağlı DT və XK tərəfindən A seriyalı 062106 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Yuxarıda sadalanan maddi hüquq normaları Azərbaycan Respublikasında keçirilən aqrar islahatın nəticəsində aqrar bölmədə yeni mülkiyyət növlərinin formalaşdırılmasını və vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ilə bərabər, həmin torpaqların vətəndaşların mülkiyyətinə onların qanuni istifadəsində olan ölçüdə verilməsini də tənzimləmişdir. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı hal-hazırda əcnəbi vətəndaş olsa da, islahat aparılan zaman Azərbaycan Respublikasının vətəndaşı olaraq, Qax rayonu Ləkit kəndində qeydiyyatda olmuşdur. Qeyd olunan kənddə iddiaçının qanuni istifadəsində olan 0.12 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Dövlət qeyd olunan torpaq sahəsini sonuncunun mülkiyyətinə əvəzsiz olaraq verməklə həmin torpaq sahəsini ona bağışlamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 4-cü bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Şərh olunan qanunvericilik normasının məzmunundan göründüyü kimi xarici fiziki şəxslərin torpaq sahələri üzərində mülkiyyət hüquqları vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində əmələ gələ bilər, bu əqdlər nəticəsində onların hüquqları qeydiyyata alınmalı lakin qeydiyyat anından bir il müddətində özgəninkiləşdirilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xarici fiziki şəxs olmasına baxmayaraq mübahisə predmeti olan torpaq sahəsi ona bağışlama qaydasında verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və iddiaçının tələbi üzrə cavabdehin üzərinə mübahisə predmeti olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə rəsmiləşdirilmiş, Qax rayon Ləkit Bələdiyyəsinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar