Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1058/2025 26.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: ünvan 1) cavabdeh – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Nazim Hikmət küçəsi 27) qarşı «cavabdehin qərarının iddiaçıya aid hissədə ləğv edilməsi» iddia tələbi üzrə işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1955-ci il təvəllüdlüdür, Ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 24 fevral 2015-ci il tarixdə ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Müvafiq səlahiyyətli orqan kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2024-cü ildə inzibati icraata başlayaraq, İddiaçı 23 aprel 2024-cü il tarixə əyani müayinəyə dəvət etmişdir. İddiaçı həmin tarixə müayinəyə gələ bilməyəcəyi ilə bağlı quruma müraciət etdiyindən, ona təyin edilmiş müayinənin 11 iyun 2024-cü il tarixdə keçirilməsi barədə növbəti bildiriş göndərilmişdir. İddiaçı həmin tarixdəki müayinəyə də səhhəti ilə əlaqədar gələ bilməyəcəyi barədə Agentliyə teleqram ünvanlamışdır. Bundan sonra iddiaçıya 2015-ci ildə təyin edilmiş “müddətsiz ikinci dərəcə əlilliyin ləğv olunması barədə” 23 aprel 2024-cü il tarixdə qəbul olunmuş qərar təqdim olunmuşdur. İddiaçı 23 aprel 2024-cü il tarixli qərarın ona aid hissədə ləğv edilməsi tələbini irəli sürməklə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçı iddianın təmin olunmasını xahiş edir və hesab edir ki, cavabdehin 23 aprel 2024-cü il tarixli qərarı qərəzli və qanunsuzdur. Belə ki, yaşadığı Ucar rayonundan olan bir sakinin şikayətləri əsasında cavabdeh araşdırma aparmışdır. Müayinənin vaxtı 2024-cü ilin iyun ayına təyin olunduğu halda, əvvəlki tarix üzrə qərar qəbul olunmuşdur. Əsassız şikayətlər üzrə və heç bir müayinə aparılmadan əlilliyin ləğv edilməsi barədə qərar çıxarılması qanunsuzdur. Cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya etiraz edir və bildirir ki, İddiaçı sağlamlıq vəziyyətinə sonuncu dəfə əyani müayinə həyata keçirilərək Ucar Rayon Mərkəzi Xəstəxanasının 12 fevral 2015-ci il tarixli göndərişi əsasında baxılmış, diaqnoz “Ensefalit. Keçirilmiş serebral araxnoiditin qalıq əlamətləri. Vestebülyar ataksiya. NSD. Asteno-nevrotik sindrom. Hipertoniya x-yi İİ dər. Xr. Xosesistit. Daxili İ-İİ dərəcəli babasil. Xr. Hepatit. Xr. Xolesistit. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması. Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir”. Ucar rayon sakini 1955-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti TSEK tərəfindən əyani müayinə əsasında 24 fevral 2015-ci il tarixdə qiymətləndirilmiş və ona “Ensefalit. Keçirilmiş serebral araxnoiditin qalıq əlamətləri. Vestebülyar ataksiya. NSD. Asteno-nevrotik sindrom. Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki xosesistit. Daxili İ-İİ dərəcəli babasil. Xroniki hepatit” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Z- 8414/2024 nömrəli məktub əsasında 23 aprel 2024-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından, TSEK tərəfindən qərara alınmışdır ki, qüvvədə olan əlillik təyinatı barədə qərar ləğv edilsin və 24 fevral 2015-ci il tarixdən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Göstərilənlər və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın müddəalarına əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın müddəalarına görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1), Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir (1.2). Cavabdehin mübahisələndirilən qərarının qəbulu 23 aprel 2024-cü il tarixə, iddia ərizəsinin məhkəməyə verilməsi isə 29 avqust 2024-cü il tarixə təsadüf etsə də, məhkəmə icraatında həmin qərarın 29 iyul 2024-cü il tarixdən əvvəlki tarixə hazırkı iddiaçıya (və ya nümayəndəsinə) təqdim edilməsi ilə bağlı xüsusat aşkar edilmədiyindən, cavabdeh tərəf də bu halı mübahisələndirmədiyindən, həmin qərara münasibətdə mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ucar rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “mübahisələndirmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 23 aprel 2024-cü il tarixli qərarı İddiaçı aid hissədə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (maddə 13.2). Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.6-cı maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-nın qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-nın qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, mövcud qanunvericilik normaları şəxsə əlillik təyin edilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, onun əyani müayinəyə cəlb olunmasını və yalnız müayinənin nəticələrinə əsasən ilkin qərarın (TSEK-nın qəbul etdiyi) dəyişdirilməsi, ləğvi və ya qüvvədə saxlanılması barədə növbəti qərarın qəbulunu nəzərdə tutur. Hazırkı iş üzrə də cavabdeh orqan iddiaçıya əlillik təyin edilməsi barədə qərarını növbəti qərarı ilə ləğv etmiş, lakin məhkəmə icraatında həmin ikinci (23 aprel 2024-cü il tarixli) qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı xüsusatlar müəyyən edilmişdir: 1) Məhkəmə icraatında cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi inzibati icraatın başlanmasını “əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması” səbəbi ilə əsaslandırsa da, belə halın «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.7-ci bəndində şərt kimi təsbit olunmuş “əsaslı şübhələr” kriteriyasına uyğunluğu formal olmamalıdır. Cavabdeh iddiaçıya münasibətdə növbəti (əlilliyin ləğv edilməsi barədə) qərarın qəbulu üzrə inzibati icraatı buna tutarlı əsas olmadan, yəni iddiaçının gətirdiyi dəlillərə əsasən başqa şəxsin şikayəti (müraciəti) üzrə başlamışdır, hansı ki, iddiaçıya təyin olunmuş əlilliyin həmin şəxslə heç bir bağlılığı yoxdur. Cavabdeh öz növbəsində bu dəlili təkzib edən xüsusat da təqdim etməmişdir. Məhkəmə belə hala tənqidi yanaşır və onun gələcəkdə geniş praktik xarakter almasını ictimai və fərdi maraqlara zidd, habelə inzibati orqanın güddüyü qanuni məqsədə qeyri-mütənasib dəyərləndirir. Məhkəmənin mövqeyinə görə şəxsə təyin edilmiş müddətsiz əlilliyin digər şəxsin “əlaqəsiz” şikayəti əsasında başlanmış inzibati icraat çərçivəsində ləğv edilməsi yolverilən deyil. Belə xüsusatla başlanmış icraat çərçivəsində şəxsin əlilliyi ilə bağlı onun əyani müayinəyə gəlməməsi səbəbindən əlverişsiz inzibati aktın qəbul edilməsi isə, bütövlükdə əlillik təyinatı aparılmış şəxslərin inzibati orqanlara (onların vahid sisteminə) münasibətinə – etimadına mənfi təsir yaradır. Şəxsin əyani müayinəyə gəlməməsi, onun “mənfi nəticələri qabaqcadan bildiyindən müayinədən yayınma” qismində birmənalı qiymətləndirilə bilməz. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın iddiaçı ilə bağlı müvafiq inzibati icraatı başlamasını əsassız sayır. 2) Hazırkı məhkəmə icraatında həmçinin müəyyən olunur ki, cavabdeh inzibati orqan rəsmisinin (sədr müavini) imzası ilə iddiaçıya 11 iyun 2024-cü il tarixdə əyani müayinəyə gəlmək barədə 15 may 2024-cü il tarixli bildiriş göndərsə də, sonradan əvvəlki tarixə, yəni 2024-cü ilin aprel ayının 24-də icraatın nəticələri üzrə onun barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Belə hal, «İnzibati icraat haqqında» Qanunun 21-ci maddəsində təsbit olunmuş şəxsin inzibati icraatda dinlənilmə hüququnun və iştirakının təmin edilməməsi kimi dəyərləndirilməlidir. Eləcə də, cavabdeh inzibati orqanın apardığı inzibati icraatdakı yol verdiyi bu pozuntu icraatın formal aparılmasına dəlalət edir. 3) Cavabdeh inzibati orqan iddiaçıya 2015-ci ildə təyin edilmiş əlilliyin ləğv edilməsi barədə qərarını 2024-cü ildə qəbul etmişdir və bu qərarın qəbulu üzrə icraatı “əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması” məqsədilə apardığını bəyan edir. Lakin cavabdeh inzibati orqan əlilliyin ləğv edilməsi barədə ikinci qərarının qəbulunu şərtləndirən halların ona məlum olmasını qərarın qəbulu ərəfəsinə düşməsini bildirsə də, əvvəlki dövrlərdə bu hala dair məlumat alınması ilə bağlı hansı səbəbdən müvafiq təşəbbüskarlıq göstərməməsini izah edə bilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin “iddiaçıya əlillik təyinatı barədə” 24 fevral 2015-ci il tarixli qərarına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədiyindən, hazırkı İddiaçı qanunla qorunan etimadı mövcuddur. Həmin qərarın həm də adıçəkilən Qanunun 67.5-ci maddəsində qeyd olunan “başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurması” halları da müəyyən edilmir. Odur ki, cavabdeh iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi barədə 24 fevral 2015-ci il tarixli qərarını 23 aprel 2024-cü il tarixdə, yəni 9 il 2 aydan sonra ləğv etməklə qeyd olunan Qanunun 67.12-ci maddəsinin tələblərini pozmuşdur. 24 fevral 2015-ci il tarixli qərar hətta qanunsuz olsaydı da, həmin qərarın ləğv edilməsinin mümkünlüyü üzrə 1 illik müddət ötmüşdür. Bununla da məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan hazırkı məhkəmə icraatında “iddiaçıya təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğv edilməsi barədə” qərarını formal şəkildə xüsusatlarla əsaslandırmış, iddiaçının qanunla qorunan etimad hüququna tələb olunan səviyyədə yanaşmamış, müvafiq araşdırmanı tam və hərtərəfli aparmamış, icraatın nəticələri üzrə qərar qəbul edərkən sadəcə “əlilliyin təyininə əsas verən diaqnoz təsdiqini tapmır” göstərməklə kifayətlənmişdir. Odur ki, məhkəmə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 23 aprel 2024-cü il tarixli qərarını İddiaçı aid hissədə qanunsuz sayır və bu qərarın həmin hissədə qəbulunu iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində dəyərləndirir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 23 aprel 2024-cü il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 23 aprel 2024-cü il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2-1(116)-1058/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1058/2025
26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver