Məhkəmə qərarları › İş №2-1(116)-1059/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1059/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1059/2024 11.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “X2 təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına təqdim olunması vəzifəsinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, X2 təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına təqdim olunması vəzifəsinin qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1982-cı il tarixdən xx.xx.1983-cı ilədək X1 və İstilik şəbəkəsində fəhlə işləmişdir. ( 1 il 14 gün ) xx.xx.1983-cı il tarixdən xx.xx.1985-ci ilədək Sovet Ordu sıralarında xidmət etmişdir. ( 2 il ) xx.xx.1986-ci ildən xx.xx.1986-ci ilədək Mingəçevir şəhər 39 nömrəli orta texniki peşə məktəbində oxumuşdur. (iş stajı 6 ay 29 gün). xx.xx.1986-xx.xx.1988-ci ilədək X1 və İstilik şəbəkəsində çilingər-elekrtik qaz qaynaqçısı işləmişdir.( iş stajı 2 il 2 ay 3 gün ) xx.xx.1988-cu ildən xx.xx.1991-ci ilədək Az.Res.DİN Tikinti Quraşdırma İstismar İdarəsində maşinist işləmişdir. (iş stajı 2 il 11 ay 26 gün) xx.xx.1991-cü ildən xx.xx.2003-ci ilədək Daxili işlər orqanlarında xidmət. (iş stajı 11 il 9 ay 10 gün). İmtiyazlı 18 il 10 ay 27 gün. xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək "xxxx" MMC VESTEL mağazasında çilingər işləmişdir. iş stajı 3 il 9 ay 4 gün) Beləliklə müvəkkilimin ümumi iş stajı 31 il 4 ay 16 gün , güzəştli şərtlərlə iş stajı isə 18 il 10 ay 27 gün təşkil edir. İddiaçı ümumi iş stajı eləcədə güzəştli şərtlərlə pensiya almaq hüquq əldə etdiyində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Kadrlar İdarəsi təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatları Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına təqdim olunmasını təmin etməlidir. Qaydaların 3.-cü bəndində qeyd edilir ki, Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxsvəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 işgünü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. İddiaçının xx.xx.2023-ci il tarixli məktubla xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması haqda müraciəti Azərbaycan Respublikası DİN-nin Baş Kadrlar idarəsi tərəfindən cavabsız qalmışdır. Belə olan halda cavabdehin üzərinə təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialıntəqdim olunması öhdəliyin qoyulması zərurəti vardır. Məlumatların DSMF-yə təqdim edildiyi təqdirdə İddiaçı X2 güzəştlişərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2023-cü ildən etibarən yaranmış olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinin tələblərinə görə inzbati orqanın üzərinə inzibatiaktın qəbuledilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddiaların (məcburetmə haqqında) baxılması İnzibati məhkəmələrə aiddir. Həmin məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı - İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1991-ci ildən xx.xx.2003-cü il tarixədək daxili işlər orqanlarında xidmət etmiş, Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol polisi müfəttişi vəzifəsində xidmət edərkən həmin şöbənin xx.xx.2003-cü il tarixli əmri ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 1-ci bəndlərinə əsasən (öz arzusu ilə) daxili işlər orqanlarından xaric edilmişdir. İddiaçı xidmət müddəti təqvimi hesablama ilə 13 il, 09 ay, 29 gün, imtiyazlı hesablama ilə 18 il, 11 ay, 21 gün təşkil edir. İddiaçı təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi xx.xx.1991-ci ildən xx.xx.2003-cü il tarixədək daxili işlər orqanlarında iş stajı (11 il, 09 ay, 10 gün) və Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddəti (02 il, 00 ay, 19 gün) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (05 il, 01 ay, 00 gün) və döyüş əməliyyatlarında iştirak müddəti (22 gün) daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarında daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələrdə iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır. Bununla əlaqədar İddiaçı mülki vəzifələrdə işlədiyi müddət onun daxili işlər orqanlarında xidmət müddətinə hesablanmamışdır. İddiaçı daxili işlər orqanlarından xaric olunduğu vaxt (2003-cü ildə) qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycn Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununun 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 il və daha çox xidmət etmiş əməkdaşlar malik idilər. İddiaçı zəruri xidmət stajı olmadığından, ona daxili işlər orqanlarının xüsusi rütbəli əməkdaşı kimi xidmət illərinə görə pensiya təyin olunması mümkün deyildir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur.Lakin,iddia mahiyət etibarı ilə əsaslı deyil. Aşağıdakı normaları işin hallarınaa tətbiq edən məhkəmə iddianı əsassız hesab edir. İddiaçının həqiqi hərbi xidmətdə olduğu zaman qüvvədə olmuş “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsində deyilir: Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Maddə 5. Həqiqi hərbi xidmətin növləri Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara - qadınlar və bu Qanunla müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər – əsgərlər, matroslar və çavuşlar aiddirlər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. Həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 68-ci maddəsində deyilir: Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə; müharibə illərində arxa cəbhədə iş müddəti ikiqat ölçüdə; cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti—ikiqat ölçüdə; bilavasitə islah-əmək müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrumetmə yerlərinin müalicə idarələrində keçən qulluq (iş) müddətinin hər üç iş günü — dörd iş günü kimi; yoluxucu xəstə məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş islah-əmək koloniyalarında qulluq (iş) müddətinin hər iki iş günü — üç iş günü kimi; həmin müəssisə, idarə və təşkilatlarda bilavasitə qulluq edənlərin ali və orta təhsil müəssisələrinin əyani şöbələrində aldıqları təhsilin müddətinin hər iki ayı bir ay qulluq müddəti kimi hesablanır; tam naviqasiya dövrü ərzində su nəqliyyatında iş müddəti—bir illik staj sayılır. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti birin üçə nisbəti ilə hesablanır və onların iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə sənayenin mövsümi sahələrinin tabeliyindən asılı olmayaraq müəssisə və təşkilatlarında tam mövsüm ərzində iş müddəti bir illik staj sayılır. Digər mövsümi işlər iş stajına faktik davamiyyət həcmində daxil edilir. Məhkəmə ilk öncə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu və “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı təşkil edir. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun 12-ci maddəsinin a) bəndinə əsasən, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycn Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununun 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 il və daha çox xidmət etmiş əməkdaşlar malik idilər. İddia ərizəsindən və cavabdehin etirazından da göründüyü kimi 20 təqvim ili xidmət stajı olmadığından, ona daxili işlər orqanlarının xüsusi rütbəli əməkdaşı kimi xidmət illərinə görə pensiya təyin olunması mümkün deyildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məlumat vərəqinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamaldır. Azərbaycan Respublikasının 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “X2 təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına təqdim olunması vəzifəsinin qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar