Məhkəmə qərarları › İş №2-1(116)-106/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-106/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-106/2022 03.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının 17.04.2018-ci il tarixdən 30.09.2019-cu il tarixə kimi aldığı 7.387 manat 08 qəpik məbləğdə əmək pensiyasının geri qaytarılması haqqında Q/56 nömrəli 09.04.2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının 17.04.2018-ci il tarixdən 30.09.2019-cu il tarixə kimi aldığı 7.387 (yeddi min üç yüz səksən yeddi) manat 08 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/56 nömrəli 09.04.2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, həmçinin Q/56 nömrəli 09.04.2021-ci il tarixli qərar icraya yönəldiyindən bu iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək inzibati aktın icrasının dayandırılması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya cavabdeh orqan tərəfindən 17.04.2018-ci il tarixdə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Sonradan Tibbi-Sosial Ekspertiza və X3 iddiaçının əlilliyi ləğv edilmiş və 30.09.2019-cu il tarixədək ödənilən 7387.08 manat məbləğində əmək pensiyasının ondan geri qaytarılmasında dair 09.04.2021-ci il tarixli Q/56 nömrəli qərar qəbul etmişdir. Bundan sonra cavabdeh orqan Qərarı Ağdaş rayon İcra və probasiya şöbəsinə yönəldərək ödənilin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçı bildirir ki, cavabdeh orqanın qəbul etdiyi qərar ona 24.04.2021-ci il tarixdə poçt xidməti vasitəsilə çatdırılmışdır. İddiaçı cavabdehin qərarını qanunazidd və əsassız hesab edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya 27.05.2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış bildirilmişdir ki, inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirinin görülməsi barədə ərizə yazılı formada, aydın əsaslandırılmış şəkildə (iddia ərizəsindən ayrı) təqdim edilməlidir. İddiaçı isə bu barədə xahişini iddia ərizənin “xahiş etdi” hissəsində göstərməklə tələb etmişdir. İddiaçıya İPM-in göstərişləri və qanunvericiliyin tələblərinə cavab verən müvafiq ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Yardım məktubunu aldıqdan sonra iddiaçı iddia tələbində dəqiqləşdirmə apararaq, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının 17.04.2018-ci il tarixdən 30.09.2019cu il tarixə kimi aldığı 7.387 (yeddi min üç yüz səksən yeddi) manat 08 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/56 nömrəli 09.04.2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 21.06.2021-ci il tarixli 2-1(116)-964/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən 25.06.2021-ci il tarixli etiraz məktubu məhkəməyə ünvanlanmışdır. Məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 16 yanvar 2020-ci il tarixli, 11 №-li qərarının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosiai ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra -TSEK) tərəfindən həyata keçirilir. Həmin qərarın 2.1-ci bəndinə əsasən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri’nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosiai ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 2.1.4-cü bəndinə əsasən, strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək fəaliyyət istiqamətlərinə, 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Fondun Nizamnaməsinin 4.2-ci bəndinə əsasən, Fondun idarəetmə orqanı İdarə Heyətidir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdıımaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X5 23 noyabr 2020-ci il tarixli, **********2 nömrəli qərarı ilə Fondun 13 saylı regional ərazi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinatlar. taqaüdlar va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, taqaüd va kompensasiyaların təyinatını hayata keçiran müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əlilliyin müəyyən edilməsi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. İddiaçının əlilliyinin müəyyən olunmasına dair TSEK-in qərarı əsasında Fondun 13 saylı regional ərazi filialı tərəfindən 17.04.2018-ci ildə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Lakin sonradan X2 88 (göndəriş) etibarsız hesab ediidıyi üçün əlillik ləğv olunmuşdur. Beləliklə, əlilliyin təyin olunması üçün əsas olan Forma 88 olmadığı üçün əmək pensiyasının ödənişi Filial tərəfindən Əsasnaməsinin 3.1.3-cü bəndinə əsasən dayandırılmışdır. Etibarsız Forma 88 əsasında pensiya ödənişin aparılması əsassız (artıq) olaraq ödəniş edilməsinə səbəb olmuşdur. Filial tərəfindən Əsasnaməsinin 3.1.3-cü bəndinə əsasən, həmin məbləğin tələb edilməsinə dair müvafiq tədbir görülməsi məqsədi ilə “İnzibati icraat haqqında” qanunun 82-ci maddəsinin tələbləri nəzərə alınmaqla “Artıq aldığı pensiya məbləğinin geri qaytarılması” haqqında Q/56 nömrəli, 09.04.2021-ci il tarixli qərarı ilə pul tələbi icraya yönəldilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, - borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; - pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; - borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. Mərkəz etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını, cavabdehin nümayəndəsi isə etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən qərar 24.04.2021-ci il tarixində qəbul edilmiş və iddiaçı 18.05.2021-ci il tarixli iddia ərizəsini həmin tarixdə poçt xidmətinə verərək Şəki İnzibati Məhkəməsinə ünvanlamışdır. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı - ondan 7387.08 manat pul məbləğinin tutulmasını nəzərdə tutan cavabdeh inzibati orqanın qəbul etdiyi 09.04.2021-ci il tarixli, Q/56 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarın ləğvinə nail olmaqdan ibarətdir. Mahiyyətcə isə iddia əsaslıdır. İşdə olan: 01.05.2018-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Ağdaş rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 04.05.2018-ci il tarixli 206 nömrəli qərarından görünür ki, həmin qərarla iddiaçıya 17.04.2018-ci il tarixdən 3-cü dərəcə əlilliyə görə ömürlük pensiya təyin edilmişdir. Cavabdeh orqanın 09.04.2021-ci il tarixli Q/56 nömrəli qərarından görünür ki, iddiaçıya təyin edilmiş əlillik dərəcəsi Tibbi-Sosial Ekspertiza və X3 ləğv edilmiş, həmin qərarla 17.04.2018-ci il tarixdən 30.09.2019-cu il tarixədək iddiaçıya ödənilmiş 7.387,08 manat artıq pensiya məbləğinin geri qaytarılması tələb edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın “artıq ödənilən əmək pensiyasının geri qaytarılması barədə” 09.04.2021-ci il tarixli Q/56 nömrəli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla baglı, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, “... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2-ci və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir...” Yuxarıda istinad olunan normalardan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, belə razılıq olmadığı halda isə məhkəmə qaydasında tutulur. Cavabdeh iddia tələbinə etirazını “İnzibati icraat haqqında” Qanunun 82.3-cü maddəsi ilə əsaslandırsa da məhkəmə qeyd edir ki, həmin norma pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktın qəbul edilməsini deyil, qəbul edilmiş inzibati aktın icraya yönəldilmə qaydasını tənzimləyir. Bunun üçün isə cavabdehin pul tələbinin ödənilməsi barədə, yəni hazırkı işə münasibətdə - “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti olmalıdır. Cavabdeh inzibati orqanın birbaşa fəaliyyətini tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunla ona əmək pensiyaçısının razılığı olmadan, müstəqil olaraq “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti verilməmişdir. Buna görə də qeyd olunan normaya istinad etməklə, iddiaçının razılığı olmadan artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması ilə bağlı cavabdehin qəbul etdiyi 09.04.2021-ci il tarixli, Q/56 nömrəli qərar mahiyyət etibarilə əsassız olmuşdur. “İnzibati İcraat Haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı Regional ərazi filialının 09.04.2021-ci il tarixli Q/56 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarı ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar