Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-106/2024 12.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Qumlaq kəndində yerləşən, 29 aprel 2008-ci il tarixli 044851A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ona məxsus 50 (əlli) kv.metr sahibkarlıq təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayon Qumlaq kəndində yerləşən, 29 aprel 2008-ci il tarixli 044851A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ona məxsus 50 (əlli) kv.metr sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - iddiaçı Oğuz rayon Qumlaq Bələdiyyəsinin 29 noyabr 2007-ci il tarixli 13 saylı qərarına əsasən kommersiya təyinatlı tikinti üçün 50 (əlli) kv.metr torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə 29 aprel 2008-ci il tarixdə 850 nömrə ilə qeydiyyata alınmış Torpaqların X3 tərtib olunmuşdur. Qeyd edilən torpaq sahəsinə iddiaçının adına 29 aprel 2008-ci il tarixli A044851 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək, X6 kitabında 493 nömrə ilə uçota alınmışdır. Bu yaxınlarda o, cavabdeh orqana müraciət edərək həmin torpaq sahəsinə onun adına Dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-377/2023 nömrəli məktubla iddia tələbini təmin etmədiyi üçün o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Torpaq sahəsinə dair təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Oğuz rayonu, Qumlaq Bələdiyyəsin İddiaçı 50 kv.m torpaq sahəsinin ayrılmasına dair qərarı xx.xx.2007-cı ıl tarixli olsa da, torpağın alqı-satqısına tərtib edilmiş aktın tarixi 29 aprel 2008-ci ildir. Həmın aktın 01 may 2008-ci il tarixdə 850 nömrə ilə qeydə alınmışdır. "Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda özgəninldləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A044851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, sözügedən sənədin Oğuz rayonu Qumlaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı ilə iddiaçıya sahibkarlıq üçün satılmış 50 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilməsi öz əksini tapmışdır. Plan-ölçü sənədin düzəlişlərin edilməsi aşkar görünür və ilkin qeydlərin xx.xx.2008-ci il 04 saylı qərar olması müəyyən edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Oğuz rayon Qumlaq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı ilə sahibkarlıq üçün İddiaçı ayrılmış 50 kv.metr torpaq sahəsi Oğuz rayon Qumlaq kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası tikinti altı torpaqlar olmaqla Oğuz rayon Qumlaq bələdiyyəsinin mülkiyyətindədir. Sözügedən 50 kv.metr torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Torpaq sahəsi İddiaçı istifadəsindədir. Torpaq sahəsində iddiaçı tərəfindən qeyri yaşayış (mağaza) tkilisi inşa edilmişdir, iddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 50,0 kv.metr torpaq sahəsi, A 044851 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 50,0 kv.metr torpaq sahəsi ilə eynidir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsinin 786 nömrəli arayışından görünür ki, Oğuz rayonu Qumlaq kənd sakini İddiaçı sahibkarlıq məqsədi ilə satılacaq torpaq sahəsi Şəki-Zaqatala kadastr qiymət rayonuna aiddir. Həmin torpaq sahəsi şərti yararsız torpaq sahəsi olmaqla cəmi 50 kv.metr və normativ qiyməti 20 manatdır, bələdiyyə mülkiyyətinə aiddir. - Oğuz rayonu Qumlaq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı iclas protokolundan çıxarışdan görünür ki, iddiaçıya Qumlaq bələdiyyəsinin mülkiyyətinə aid torpaqlardan kommersiya tikintisi məqsədi ilə 50 (əlli) kv.metr torpaq sahəsinin satılması qeyd edilmişdir. - Torpaqların X3ından görünür ki, İddiaçı torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 13 nömrəli qərar əsasında “torpaqların alqı-satqısına dair” Akt tərtib edilmiş və xx.xx.2008-ci ildə 850 nömrə ilə qeydiyyata alınmışdır. - Oğuz rayon Qumlaq bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 12№-li məktubunda qeyd edilmişdir ki, bələdiyyənin 2007 və 2008-ci illər üzrə protokollar kitablarında xx.xx.2007-ci il tarixli, 13 saylı və xx.xx.2008-ci il tarixli, 04 saylı iclas protokolları yoxdur. - Oğuz rayon Qumlaq bələdiyyəsi tərəfindən tərəfindən 2007-ci il üzrə təqdim edilmiş 13 saylı iclas protokolundan görünür ki, həmin protokol xx.xx.2007-ci il tarixə aiddir. Həmin qərarda iddiaçıya torpaq sahəsinin satılması barədə qeyd yoxdur. - Oğuz rayon Qumlaq bələdiyyəsi tərəfindən tərəfindən 2008-ci il üzrə təqdim edilmiş 04 saylı iclas protokolundan görünür ki, həmin protokol xx.xx.2008-ci il tarixə aiddir. Həmin qərarda iddiaçıya torpaq sahəsinin satılması barədə qeyd yoxdur. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Oğuz rayon Qumlaq kəndində yerləşən 50 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinə nail olmaqdır. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Lakin, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən olunmur. İddiaçı tərəfindən təqdim edilən Oğuz rayonu Qumlaq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı iclas protokolundan çıxarış sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab edilə bilməz. Belə ki, “iclas protokolundan çıxarış” istinad olunduğu iclas protokolunda müraciət edən subyektə müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı məlumatların mövcudluğunun təsdiq edən sənəddir. İlkin iclas protokolunda torpaq sahəsinin ayrılması ilə bağlı qeyd yoxdursa “iclas protokolundan çıxarış” ayrılıqda hər hansı hüquqi qüvvəyə malik deyildir. Oğuz rayonu Qumlaq Bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, ümumiyyətlə xx.xx.2007-ci il tarixli, 13 saylı və xx.xx.2008-ci il tarixli, 04 saylı iclas protokolları bələdiyyənin 2007-2008-ci illər üzrə protokollar kitablarında yoxdur. 2007-ci il üzrə 13 saylı iclas protokolu xx.xx.2007-ci il tarixli, 2008-ci il üzrə 04 saylı iclas protokolu isə xx.xx.2008-ci il tarixli iclasa aiddir və heç bir iclas protokolunda iddiaçıya sözügedən torpaq sahəsinin ayrılması barədə məsələ gündəlikdə olmamış, o cümlədən müvafiq məsələ ilə bağlı qərar qəbul edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ). Həmçinin “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir. Həmin Qanunun 16-cı maddəsinin 4-cü və 6-cı bəndlərinə əsasən (Bələdiyyənin iclası) Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Eyni zamanda Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələbinə görə (23-cü bənd) torpağın mülkiyyətə ayrılması haqqında qərar bələdiyyənin növbəti iclasında müzakirə edilərək qəbul edilməlidir. Sadalanan normaların təhlilindən göründüyü kimi torpaq sahəsinin ayrılması məsələsinə bələdiyyə iclasında baxılmalı və həmin məsələyə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul edilməlidir. Hazırkı işdə isə qeyd olunan hal baş verməmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Qumlaq kəndində yerləşən, 29 aprel 2008-ci il tarixli 044851A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ona məxsus 50 (əlli) kv.metr sahibkarlıq təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.