Məhkəmə qərarları › İş №2-1(116)-1061/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1061/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1061/2022 18.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "sağ bud sümüyünün boynunun metal vintlərlə osteosintezindən sonrakı yalançı oynaq və boynun aseptik nekrozu ilə fəsadlaşması, ətrafın 6 sm qısalığı, qüsurlu vəziyyəti, …sağ aşağı ətraf hərəkət dayaq funksiyasının kəskin pozulması" xəstəliyinə görə İİ dərəcəli əlillik təyin edilməsindən xx.xx.2022-ci il tarixli imtinasının ləğv edilməsi və xx.xx.2021-ci ildən ona İİ qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1965-ci ildə Qax rayonu Qaşqaçay kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı "Sağ bud sümüyü boynunun bitişməyən sınığı osteosintez əməliyyatından sonrakı vəziyyət" diaqnozu ilə xx.xx.2013-cü ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə ona eyni diaqnozla xx.xx.2015-ci ilədək təkrarən ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə ona "Bud sınığının nəticələri. Sağ bud sümüyü boynunun bitişməyən sınığı - yalançı oynağı. Aparılmış osteosintez əməliyyatından sonrakı hal" diaqnozu ilə xx.xx.2016-cı ilədək təkrarən ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə ona eyni diaqnozla xx.xx.2021-ci ilədək təkrarən ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi İddiaçı tibbi-sosial ekspert komissiyasına xx.xx.2022-ci il tarixli 0256003AAPTN nömrəli göndəriş vermişdir. Göndərişdə iddiaçıya "Bud sümüyü boynunun sınığı, sağ bud sümüyü boynunun qəlpəli sınığı, aparılmış spongioaz vintlərlə osteosintez cərrahiyyə əməliyyatından sonrakı hal-2006, sağ aşağı ətrafın 6 sm qısalığı. Sümüyün idiopatik aseptik nekrozu, yalançı oynaq bud sümüyü boynunun aseptik nekrozu ilə fəsadlaşma" diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasında müayinə olunmuş, lakin ona əlilliyin müəyyən edilməsindən imtina olunmuş və səbəb kimi "Göndərişin natamam doldurulması - Ağırlaşmanı təsdiqləyən rentgen müayinə dəqiqləşdirilsin və ətraflı qeyd edilsin" göstərilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "sağ bud sümüyünün boynunun metal vintlərlə osteosintezindən sonrakı yalançı oynaq və boynun aseptik nekrozu ilə fəsadlaşması, ətrafın 6 sm qısalığı, qüsurlu vəziyyəti, …sağ aşağı ətraf hərəkət dayaq funksiyasının kəskin pozulması" xəstəliyinə görə İİ dərəcəli əlillik təyin edilməsindən xx.xx.2022-ci il tarixli imtinasının ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra o, məhkəməyə yeni iddia ərizəsi verərək iddianı dəyişdirmiş və iddia tələbini "sağ bud sümüyünün boynunun metal vintlərlə osteosintezindən sonrakı yalançı oynaq və boynun aseptik nekrozu ilə fəsadlaşması, ətrafın 6 sm qısalığı, qüsurlu vəziyyəti, …sağ aşağı ətraf hərəkət dayaq funksiyasının kəskin pozulması" xəstəliyinə görə İİ dərəcəli əlillik təyin edilməsindən xx.xx.2022-ci il tarixli imtinasının ləğv edilməsi və xx.xx.2021-ci ildən ona İİ qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun xəstəliyi davam edir və daha da şiddətlənmişdir, əlillik təyinatından imtina qanunsuzdur. Cavabdeh iddiaya qarşı etirazında iddianın təmin olunmamasını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan Tibbi-sosial ekspert komissiyasının xx.xx.2012-ci il tarixli qərarından görünür ki, İddiaçı "Sağ bud sümüyü boynunun bitişməyən sınığı osteosintez əməliyyatından sonrakı vəziyyət" diaqnozu ilə xx.xx.2013-cü ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan Tibbi-sosial ekspert komissiyasının xx.xx.2014-cü il tarixli qərarından görünür ki, İddiaçı eyni diaqnozla xx.xx.2015-ci ilədək təkrarən ikinci dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan Tibbi-sosial ekspert komissiyasının xx.xx.2015-ci il tarixli qərarından görünür ki, İddiaçı "Bud sınığının nəticələri. Sağ bud sümüyü boynunun bitişməyən sınığı - yalançı oynağı. Aparılmış osteosintez əməliyyatından sonrakı hal" diaqnozu ilə xx.xx.2016-cı ilədək təkrarən ikinci dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan Tibbi-sosial ekspert komissiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı eyni diaqnozla xx.xx.2021-ci ilədək təkrarən ikinci dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs tərəfindən İddiaçı tibbi-sosial ekspert komissiyasına verilmiş xx.xx.2022-ci il tarixli 0256003AAPTN nömrəli göndərişdən görünür ki, ona "Bud sümüyü boynunun sınığı, sağ bud sümüyü boynunun qəlpəli sınığı, aparılmış spongioaz vintlərlə osteosintez cərrahiyyə əməliyyatından sonrakı hal-2006, sağ aşağı ətrafın 6 sm qısalığı. Sümüyün idiopatik aseptik nekrozu, yalançı oynaq bud sümüyü boynunun aseptik nekrozu ilə fəsadlaşma" diaqnozu qoyulmuşdur. - İşdə olan Tibbi-sosial ekspert komissiyasının qərarından çıxarışdan görünür, İddiaçı xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasında müayinə olunmuş, lakin ona əlilliyin müəyyən edilməsindən imtina olunmuş və səbəb kimi "Göndərişin natamam doldurulması - Ağırlaşmanı təsdiqləyən rentgen müayinə dəqiqləşdirilsin və ətraflı qeyd edilsin" göstərilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iddia məcburetmə haqqında olmaqla mümkün iddiadır. İddiaçı hər iki iddia ərizəsində ona əlillik təyin edilməsindən cavabdehin imtinasının tarixini xx.xx.2022-ci il kimi göstərsə də, iş materiallarında onun məhz həmin tarixdə müayinə olunması barədə məlumat aşkarlanmadı. İşdə olan sənədlərə əsasən, o, cavabdeh tərəfindən xx.xx.2022-ci ildə müayinə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə bu qənaətə gəldi ki, iddiaçı iddia ərizələrində mübahisələndirdiyi qərarın tarixini səhvən xx.xx.2022-ci il kimi ifadə etsə də, onun məhz xx.xx.2022ci il tarixli qərarı nəzərdə tutması aydındır və bu səbəbdən də məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmamalıdır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinə həvalə edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı qoyulmuş "bud sümüyü boynunun sınığı, sağ bud sümüyü boynunun qəlpəli sınığı, aparılmış spongioaz vintlərlə osteosintez c/ə sonrakı hal-2006, sağ aşağı ətrafın 6 sm qısalığı, sümüyün idiopatik aseptik nekrozu, yalançı oynaq bud sümüyü boynunun aseptik nekrozu ilə fəsadlaşma" diaqnozu təsdiq olunurmu? 2) Əgər təsdiq olunursa, həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq, ona əlilliyin təyin edilməsi üçün əsas verirmi? 3) Əsas verirsə, ona neçənci dərəcəli əlillik təyin edilməlidir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X2" publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli T289/2022 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd olunmuş "bud sümüyü boynunun sınığı, sağ bud sümüyü boynunun qəlpəli sınığı, aparılmış spongioz vintlərlə osteosintez cərrahi əməliyyatından sonrakı hal-2006, sağ aşağı ətrafın 6 sm qısalığı, sümüyün idiopatik aseptik nekrozu, yalançı oynaq, bud sümüyü boynunun aseptik nekrozu ilə fəsadlaşma" diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. Rəydə daha sonra göstərilmişdir ki, İddiaçı hazırda əziyyət çəkdiyi C34.1bronxların və ya ağciyərin yuxarı payının bədxassəli yenitörəməsi cT3N3M10 mərhələ İİİB; divararalığı limfa düyünlərinə metastaz" xəstəliyi ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin meyarlarının 2.2.14-cü bəndinə uyğun olaraq İİ əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı "bud sümüyü boynunun sınığı, sağ bud sümüyü boynunun qəlpəli sınığı, aparılmış spongioz vintlərlə osteosintez cərrahi əməliyyatından sonrakı hal-2006, sağ aşağı ətrafın 6 sm qısalığı, sümüyün idiopatik aseptik nekrozu, yalançı oynaq, bud sümüyü boynunun aseptik nekrozu ilə fəsadlaşma" diaqnozu üzrə əlilliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" əsasında qiymətləndirilməsi, bununla bağlı inzibati aktın qəbul edilməsi və inzibati aktın qəbul edilməsi barədə Şəki İnzibati Məhkəməsinə məlumat verilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti Agentliyin Tibbi-sosial ekspert komissiyasında əyani müayinə vasitəsilə qiymətləndirilmiş və xx.xx.2021-ci ildən "ümumi xəstəlik" səbəbdən beş il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə "Əlilliyin müəyyən olunması meyarları" təsdiq edilmiş, həmçinin "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmiş və bu qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsində deyilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində isə deyilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın qüvvədə olduğu vaxt yarandığına görə İddiaçı əlilliyinin müəyyən edilməsi məsələsi məhz həmin sənədin müddəalarına uyğun həll edilməlidir. Məhkəmənin təyin etdiyi məhkəmə-tibbi ekspertiza isə iddiaçının adına tibb müəssisəsi tərəfindən verilən göndərişində qeyd olunmuş "bud sümüyü boynunun sınığı, sağ bud sümüyü boynunun qəlpəli sınığı, aparılmış spongioz vintlərlə osteosintez cərrahi əməliyyatından sonrakı hal-2006, sağ aşağı ətrafın 6 sm qısalığı, sümüyün idiopatik aseptik nekrozu, yalançı oynaq, bud sümüyü boynunun aseptik nekrozu ilə fəsadlaşma" diaqnozunun ona əlillik dərəcəsinin təyininə əsas verməməsi barədə ekspert rəyi vermişdir. Məhkəmə həmin rəyin nəzərə alınmaması üçün əsas müəyyən etmədi. Beləliklə, məhkəmə bu nəticəyə gəldi ki, cavabdeh iddiaçıya əlillik təyin etməkdən imtina etməkdə haqlı olmuşdur, ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "sağ bud sümüyünün boynunun metal vintlərlə osteosintezindən sonrakı yalançı oynaq və boynun aseptik nekrozu ilə fəsadlaşması, ətrafın 6 sm qısalığı, qüsurlu vəziyyəti, …sağ aşağı ətraf hərəkət dayaq funksiyasının kəskin pozulması" xəstəliyinə görə İİ dərəcəli əlillik təyin edilməsindən xx.xx.2022-ci il tarixli imtinasının ləğv edilməsi və xx.xx.2021-ci ildən ona İİ qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar