Məhkəmə qərarları › İş №2-1(116)-1062/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1062/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1062/2025 14.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 , "Səyyar" Təmir-Tikinti müəssisəsinin təmsilçisi Şahid iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, xx.xx.1964- cü il təvəllüdlüdür. İddiaçı xx.xx.1979- cu il tarixdən əmək fəaliyyətinə başlamış,1979-cu ildən 1982-ci ilədək kino mexanik işləmişdir O, 19 noyabr 1982- 20 noyabr 1984- cü illər dövrü aralığında həqiqi hərbi xidmətdə olmuş,həqiqi hərbi xidməti başa vurduqdan sonra 1 il slesar maşinist işləmişdir. Daha sonra qalayçı, misgər və qaynaqçı işləmişdir. Sonuncu işləri , yəni qalayçı, misgər və qaynaqçı peşələri güzəştli şərtlə əmək pensiyası hüququ verən sahə hesab edilir.Sonuncu iş yeri "Səyyar" Təmir-Tikinti müəssisəsi olmuşdur.Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmışdır. Bununla bağlı Azərbaycan Respublikası " Səyyar " Təmir-Tikinti müəssisəsi tərəfindən ona xx.xx.2024-cü il tarixdə 20 nömrəli arayış verilmişdir. Odur ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 Xidmət və Sosial innovasiyalar üzrə X5 Regional "Asan xidmət "mərkəzi vasitəsilə müraciət etmiş və zəruri sənədləri əlavə etmişdir. Qeyd edir ki, "Səyyar" Təmir-Tikinti müəssisəsində işləmişdir. "Səyyar" Təmir-Tikinti müəssisəsinin fəaliyyəti hal- hazıradək davam etməkdədir. Habelə müəssisədə qaynaqçı vəzifəsində 3 il 20 gün əmək stajı güzəştli şərtlə əmək pensiyası hüququ verən iş hesab edilir və bununla bağlı xx.xx.2024-cü il tarixli arayış vermişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı daha öncə kifayət qədər ümumi və güzəştli iş stajının olduğunu iddia edərək ona yaşa görə əmək pensiya təyin olunması üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Belə ki, Mərkəzi Filial iddiaçıya ünvanlanmış 12.08 2024-cü il tarixli 3-17-1/2-Z- 192005/2024 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir, imtinanın əsaslan kimi iddiaçının ümumi iş stajının 23 il 2 av 6 gün (tələb olunan müddətdən (25 il), güzəştli iş stajının isə olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı A.X8 Məhkəməsinə müraciət etmişdir İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 2 noyabr 1998-ci il tarixli AZE ******* nömrəli əmək kitabçasında və "Səyyar” Təmir-Tikinti müəsisəsinin xx.xx.2024-cü il tarixli 20 nömrəli arayışında iddiaçının xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi qeyd olunub Bununla əlaqədar, iddiaçının həmin müəssisədə işlədiyi dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi xx.xx.2019-cu il tarixindən qeydiyyatda olduğu müəyyən edilib. Göründüyü kimi iddiaçı 21,12.2019-cu il tarixdən əvvəl "Səyyar” Təmir- Tikinti müəsisəsində işlədiyini iddia etsə də, müəssisənin fəaliyyəti xx.xx.2019-cu il tarixdən etibarən başlamışdır. Həmçinin iddiaçının əmək kitabçasının 8-9-cu səhifələrindəki qeydlərin onun əmək stajının artırılması məqsədi ilə sonradan yazıldığı aşkar görünür. Göstərilən səbəblərdən dolayı iddiaçı A Zərnəliyevin ümumi iş stajı 25 ildən az (23 il 2 ay 6 gün (Mübahisələndirilməyən dövrlər - xx.xx.1979-xx.xx.2001-ci ii, xx.xx.2001-xx.xx.2002-ci il tarixləri) təşkil edir Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki. iddiaçı tərəfindən təqdim edilən "Səyyar” Təmir-Tikinti müəsisəsinin xx.xx.2024cü il tarixli 20 nömrəli arayışındakı qeyd edilən dövrlər onun güzəştli iş stajında nəzərə alınsa belə ümumilikdə onun güzəştli is stajı 12 il 6 avdan az ( 3 il 20 gün) olacaqdır. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23359,17 manat təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yasa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər ümumi və güzəştli sosial sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında "Səyyar” Təmir-Tikinti müəsisəsinin nümayəndəsi Şahid izahat verərək həmin müəssisənin rəhbəri olduğunu,iddiaçının qeyd edilən dövrdə həmin müəssisədə qaynaqçı işlədiyini,Əmək kitabçasında və arayışda imzaların ona məxsus olduğunu bildirdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

2. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi;

3. iddiaçıya məxsus П3E ******* nömrəli əmək kitabçası;

4. iddiaçıya məxsus H3-6323959nömrəli hərbi biletin surəti.

5. xx.xx.2024-cü il tarixli 20 nömrəli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış;

6. AR “Səyyar” Təmir-tikinti müəssisəsinin xx.xx.2024-cü il tarilxi arayışı;

Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.İddiaçı iddia tələbini ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi kimi qeyd edərək konkret tarix göstərməmişdir.Nəticədə iddiaçı hüququnun yarandığı vaxtın müəyyən edilməsini və həmin tarixdən pensiyanın təyin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Cavabdeh tərəfindən tələbin icrasında imtina edilərkən həm ümumi,həm xüsusi stajın tələb olunan şərtlərə cavab vermədiyi bildirilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Belə ki,cavabdehin imtina məktubunda iddiaçının ümumi iş stajı 23 il 2 ay 6 gün müddətində qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı,o cümlədən mübahisələndilən əmək fəaliyyəti dövrləri araşdırılmışdır. Cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.1979-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı sosial sığorta stajı mübahisələndirilmir. Mübahisələndirilən dövr xx.xx.2002xx.xx.2005-ci il tarixləri arasındakı dövr "Səyyar” Təmir-Tikinti müəsisəsində işlədiyi dövrlərdir. Cavabdeh orqan həmin dövrləri adıçəkilən müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi xx.xx.2019-cu il tarixindən qeydiyyatda olması əsası ilə mübahisələndirmişdir. Lakin məhkəmə tərəfindən verilmiş sorğular nəticəsində həmin müəssisənin ilkin olaraq ********* nömrəli VÖEN ilə xx.xx.1997-ci il tarixdən uçota alındığını, 2019-cu ildə isə yenidən başqa VÖEN ilə uçota alındığı müəyyən olunmuşdur. Odur ki, həmin dövrlərin etibarlılığına şübhə etməyə əsas aradan qalxmışdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki,o,xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilədək, 9 il 7 ay 24 gün müddətində X1yçı işləmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li siyahısında XXİİİ. Ümumi peşələr bölməsində 12100000—16456 13417 kodunda nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2002-ci il tarixdən "Səyyar” Təmir-Tikinti müəsisəsində qaynaqçı vəzifəsinə daxil olmuş, xx.xx.2005-ci ilə qədər həmin müəssisədə işləmişdir. Bu, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 20 nömrəli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışla təsdiq edilir. İddiaçının həmin müəssisədə sosial sığorta stajı 3 il 20 gündür. Həmin dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsində 21.5.1-ci bəndində “əl ilə qaynaqda elektrik qaynaqçısı” peşəsi nəzərə alınmışdır. Beləliklə iddiaçının iki sahə üzrə tələb olunan minimum 25 ildən artıq ümumi,12 il 6 aydan artıq güzəştli stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan artıq ümumi iş stajı mövcuddur. İddiaçının 57 yaşı 05 iyul 2021-ci il tarixində tamam olmuşdur. İddiaçının cavabdehə ilkin müraciəti xx.xx.2024-cü il tarixində olduğundan ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli həmin tarixdən sayılmalıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ay yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X9 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1964-cü ildə doğulub, ümumi şərtlərlə kişilər üçün yaş tələbi 5 il azaldılmaqla). Həmçinin, iddiaçı hüququnun yarandığı tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən yuxarıda qeyd olunan dövr üçün pensiya kapitalı tələbi yoxdur. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə 05 iyul 2021-ci il tarixindən (iddiaçının 57 yaşının tamam olduğu tarixdən) İddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızade.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar