Məhkəmə qərarları › İş №2-1(116)-1065/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1065/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1065/2022 27.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1nə qarşı “xx.xx.2014-cü il tarixdə tərtib edilmiş doğum akt qeydində “Ramazan” olaraq qeyd edilmiş uşağının adının “Ramzan”-a düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1nə və İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik komissiyasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh1 üzərinə xx.xx.2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə adı “Ramazan” olaraq qeyd olunmuş uşağın adının “Ramzan” adına düzəliş edilməsi vəzifəsinin qoyulmasına dair” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1065/2022 nömrəli qərardadı ilə cavabdeh “İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik komissiyası”na qarşı hissədə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı tələbində qeyd etmişdir ki, o, 04 avqust 2006-cı il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 04 may 2009-cu ildə Alsu, 06 mart 2012-ci ildə Gülay və xx.xx.2014-cü il tarixdə Ramazan adlı uşaqları doğulmuşdur. İsmayıllı rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Uşaqlar isə onun himayəsində qalmışlar. Ramazana doğum haqqında şəhadətnamə alan zaman ilk əvvəl adı şəhadətnamədə «Ramzan» olaraq qeyd olunmuşdur. Lakin sonradan ona məlum olmayan səbəblərdən doğum haqqında şəhadətnamə ona verilməmiş və onun adı dəyişilərək - «Ramazan» adı göstərilən şəhadətnamə ona təqdim edilmişdir. Bu zaman Cavabdeh1nə etirazını bildirmişdir. Şöbədə ona bunun texniki səhv olduğu bildirərək həmin şəhadətnamənin qəbul olunmasına razı salmış, sonradan adda dəyişiklik edilməsinə köməklik edəcəklərini bildirmişlər. Lakin həmin köməklik ona edilməmiş və uşağın adı «Ramazan» olaraq qalmışdır. Ramazan adı onun üçün müsəlman dini və tarixi baxımdan müqəddəs addır. Ancaq bununla belə həyatıında bir neçə il əvvəl baş vermiş və önəmli rol oynamış hadisə ilə bağlı özünə söz vermişdir ki, gələcəkdə ailə qurduqdan sonra, ailəsində oğlan uşağı doğulacağı halda ona «Ramzan» adını verəcəkdir. Yəni, bu onun illər əvvəl ürəyində olan arzusu olmuşdur. Digər bir tərəfdən də «Ramzan»adı da müsəlman adıdır. Uşaq məktəb yaşlıdır. O, məktəbə gedəndə həmin adla qeydə alınmışdır. Bundan başqa uşağın səhhətində problemlər yaranan zaman Qəbələ və İsmayıllı rayonlarında tanıdığı həkimlərə müraciət olunan zaman «Ramzan» adı ilə adına qeydlər aparılmışdır. Hətta yaşadığı inzibati ərazi nümayəndəliyində də uşaqla bağlı aparılan qeydlər «Ramzan» adı ilə olmuşdur. Bütün bunları nəzərə alaraq uşağın adının dəyişdirilməsində köməklik edilməsi üçün dəfələrlə Cavabdeh1nə şifahi müraciətlər etmişdir. Ona hər dəfə müxtəlif cavablar (bəhanələr gətirilməklə) verilməklə uşağın adının «Ramzan» kimi qeyd olunması bu günə qədər həyata keçirilməmiş və reallaşdırılmamışdır. Hesab edir ki, bu uşağın doğum haqqında akt qeydlərini aparan Cavabdeh1 yol verdiyi səhvdir. Yəni, uşağın adı «Ramzan» göstərilən akt qeydləri kitabın müəyyən yerlərində cavabdeh qeydiyyat şöbəsi tərəfindən ya düzəlişlər aparılmış, ya da ki, kitab dəyişdirilməklə yol verdikləri nöqsanları və səhvləri gizlətmişlər. Çünki, uşağın adı «Ramzan» olaraq yazılmış, hazırlanmış (birinci dəfə) doğum haqqında şəadətnaməni müxtəlif bəhanələrlə ondan geri götürən Qeydiyyat şöbəsi sonradan ona heç bir tutarlı izah vermədən ona məlum olmayan və hazırda da maraqlı olan səbəblərdən dəyişmişlər. Hətta bir müddət əvvəlki doğum haqqında şəhadətnamə də Qeydiyyat şöbəsində saxlanılmışdır. Lakin sonradan şöbənin əməkdaşları görmüşlər ki, o, uşağın adının əvvəlki qaydada göstərilmiş doğum haqqında şəhadətnamənin ona qaytarılmasında israrlıdır, onu hər dəfə müxtəlif bəhanələrlə yola salmaqla səhvlərinin ört-basdır edilməsinə vaxt və fürsət əldə etməklə şəhadətnaməni özlərinin istədikləri kimi hazırlamışlar. Qeyd olunan bu xüsusatları nəzərə alaraq son vaxtlar Qeydiyyat şöbəsinə müraciət edəndə ona əvvəlcə olan İsmayıllı rayonu İHB-nın Qəyyumçuluq və Himayəçilik komissiyasına (rayon icra hakimiyyəti başçısına) rəsmi olaraq müraciət etməli olduğu bildirmişdir. Buna görə də əvvəlcə İsmayıllı rayon İcra Hakimiyyəti başçısına uşağın adının dəyişdirilməsi üçün sərəncam verilməklə köməklik göstərilməsi barədə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Ona komissiyanın qərarı təqdim olunmayıb. Buna görə də komissiyanı üçüncü şəxs qismində iddia ərizəsinə əlavə etmək məbcuriyyətində qalmışdır. Digər bir tərəfdən komissiyanın gəldiyi qənaətə görə «Ramazan» adının gülüş doğurmaması və uşağın mənafeyinə xələl gətirməməsi əsas götürülmüşdür. Komissiyanın əsaslandığı fikrə etiraz olaraq bildirir ki, «Ramzan» adı da heç də uşağın mənafeyinə xələl gətirmir və heç bir gülüş və s. doğurmur. Əksinə həmin ad da «Ramzan» adı kimi əsl müsəlman adıdır. Bununla belə həmin ad da «Ramazan» adı ilə eyni qaydada xoşuna gəlir, onda xoş hisslər və təəsüratlar yaradır, uşağının həmin adın daşımasını valideyn olaraq arzulayır. Hesab edir ki, komissiyanın və ya qeydiyyat şöbəsinin onun istək və arzusunun həyata keçməsindən imtinasına həm müsəlman adət- ənənəsi və həm də qanuni əsaslar baxımından tutarlı bir səbəb yoxdur. Göstərdiklərini nəzərə alaraq cavabdeh İsmayıllı rayonu Qeydiyyat Şöbəsinin üzərinə xx.xx.2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə adı «Ramazan» olaraq qeyd olunmuş uşağın adının «Ramzan» adına düzəliş edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “xx.xx.2014-cü il tarixdə tərtib edilmiş doğum akt qeydində “Ramazan” olaraq qeyd edilmiş uşağının adının “Ramzan”-a düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, İsmayıllı rayon Qalacıq kənd sakini İddiaçı övladının doğumu Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixdə 630 saylı akt qeydilə qeyd edlərək soyadı Səmədov, adı Ramazan, ata adı isə Altay kimi qeyd edilmişdir Vətəndaş İddiaçı israr edərək bildirir ki, doğum haqqında akt qeydində övladının adını “Ramazan”dan-"Ramzan’’a dəyişdirərək ona yeni doğum şəhadətnaməsi verilsin Azərbayca Respublikası Nazirlər Kabinetinin 12 05 2011 ci ıl tarixli 79 saylı qərarına əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1 maddəsinə əsasən müvafiq İcra hakimiyyəti orqanı uşaq 18 yaşına çatan qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideyinin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyim nəzərə alaraq icazə verilə bilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - İsmayıllı rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli 04/282 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2014-cü ildə doğulmuş, X1 adının dəyişdirilməsi üçün valideynlərin hər ikisi deyil, yalnız ata xx.xx.2019-cu il tarixli S-75-164 saylı ərizə ilə Qəyyumluq və himayəçilik komissiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalan”nm 1.4-cü maddəsinə əsasən Ramazan adı uşağın mənafeyinə xələl gətirmədiyi, habelə şəxsin cinsinə uyğun gəldiyi və gülüş doğurmadığı üçün İsmayıllı rayonu Qalacıq kənd sakini İddiaçı İsgəndər oğlunun xx.xx.2014-cü il təvəllüdlü oğlu X1 adının dəyişdirilərək Ramzan kimi yazılması İsmayıllı Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası tərəfindən yuxarıda qeyd olunan halların olmadığını nəzərə alınaraq məqsədəuyğun hesab edilməmişdir. - xx.xx.2014-cü il tarixli 630 №li doğum haqqında akt qeydindən görünür ki, X1 xx.xx.2014-cü ildə doğulması barədə qeydiyyat aparılmış, atası – İddiaçı, anası X2 qeyd edilmişdir. İlkin şəhadətnamənin nömrəsi 1 AZ-İİİ 415809, tarixi – xx.xx.2014-cü il qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş doğum akt qeydində “Ramazan” olaraq qeyd edilmiş uşağının adının “Ramzan”-a düzəliş edilməsinə nail olmaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №-li Fərmanının 2.9-cu bəndinə əsasən həmin Məcəllənin 54.1...cimaddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə adı “Ramazan” olaraq qeyd olunmuş uşağın adının “Ramzan” adına düzəliş edilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanının icazəsi olmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən İsmayıllı rayon İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanına müvafiq icazənin verilməsi ilə bağlı müraciət edilsə də, sonuncu müraciəti təmin etməkdən imtina etmişdir. Odur ki, Cavabdeh1 haqlı olaraq müvafiq icazənin olmaması əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı, əvvəllər uşağının adının “Ramzan” olaraq qeyd edildiyi doğum haqqında şəhadətnamənin tərtib edildiyini bildirərək, AZ-İİİ 415991 №-li şəhadətnamənin surətini təqdim etsə də, məhkəmə izah edir ki, müvafiq sənədin əsli təqdim edilmədiyindən və həmin sənəd ilkin akt qeydi əsasında verilmədiyindən iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, verilmiş ilkin şəhadətnamənin nömrəsi 1 AZ-İİİ 415809, tarixi – xx.xx.2014-cü il olmuşdur. İddiaçının surətini təqdim etdiyi şəhadətnamənin isə nömrəsi fərqli olduğu kimi, tarixi də xx.xx.2014-cü il qeyd edilmişdir. Uşağın xx.xx.2014-cü ildə doğulmasını və xx.xx.2014-cü ildə artıq ona ilk dəfə doğum haqqında şəhadətnamə verilməsi nəzərə alınarsa, xx.xx.2014-cü il tarixdə müvafiq şəhadətnamənin verilməsi üçün uşağın adında düzəliş edilməsi ilə bağlı hər hansı icraat aparılmış olmalı idi. Lakin, iş materiallarından göründüyü kimi cavabdeh orqan müvafiq akt qeydində uşağın adına düzəliş edilməsi ilə bağlı hər hansı icraat aparmamış, habelə müvafiq icraatın aparılmasına əsas ola biləcək İsmayıllı rayon İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən ümumiyyətlə belə icazə verilməmişdir. İddiaçının ilk dəfə verilmiş şəhadətnamədə uşağın adının “Ramzan” olaraq qeyd edilməsi, sonradan müvafiq şəhadətnamənin ondan alınaraq bir daha qaytarılmaması ilə bağlı bildirdiklərinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının ilkin verildiyini iddia etdiyi xx.xx.2014-cü il tarixli şəhadətnamə ona ilk dəfə verilmiş şəhadətnamə olmamış və şəhadətnamənin nömrəsinin doğum haqqında akt qeydindən fərqli olmaqla sonradan tərtib edilməsi aşkar edilmişdir. İddiaçının surətini təqdim etdiyi “stasionar xəstənin tibbi kartası”nda uşağının adının “Ramzan” olaraq qeyd edilməsinə münasibətdə isə məhkəmə izah edir ki, müvafiq sənəddə aparılan qeydlər uşağın adının dəyişdirilməsi, yaxud düzəliş edilməsi üçün heç bir hüquqi əhəmiyyətə malik deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1nə qarşı “xx.xx.2014-cü il tarixdə tərtib edilmiş doğum akt qeydində “Ramazan” olaraq qeyd edilmiş uşağının adının “Ramzan”-a düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar