Məhkəmə qərarları › İş №2-1(116)-1066/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1066/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1066/2023 28.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X8 xidməti vəsifələrin icrası zamanı xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X7-1 təlim mərkəzində döyüş atışlı çalışmasını yerinə yetirərkən SPQ-9 silahının içində mərmi partlaması nəticəsində baş beyin diffuz travması ilə həlak olduğundan ona şəhidlik statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinin 06 avqust 2021-ci il tarixli, 928 №-İİ əmri ilə , 04 iyul 2021-ci il tarixdə təsdiq edilmiş dərs cədvəlinə müvafiq olaraq polkovnik- leytenant X5 09 avqust 2021-ci il tarixdə Ümumqoşun təlim poliqonunun snayper atış şəhərciyində (Üçtəpə) zabit hazırlığı və təkmilləşdirmə kursunun 9-cu tədris qrupunun dinləyiciləri ilə “SPQ-9” silahından 1-ci yoxlama atış çalışmasının yerinə yetirilməsi zamanı vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibət bəsləməsi nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, habelə silahla davranış qaydalarını pozması və ehtiyatsızlıq edərək cinayət törətməsi nəticəsində oğlumuz X8 xidməti vəsifələrin icrası zamanı xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X7-1 təlim mərkəzində döyüş atışlı çalışmasını yerinə yetirərkən SPQ-9 silahının içində mərmi partlaması nəticəsində baş beyin diffuz travması ilə həlak olduğundan ona Azərbaycan Respublikasının qanuna əsasən şəhidlik statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə X8 xx.xx.1999-cu il ildə Oğuz rayonun Calud kəndində anadan olmuşdur. Orta məhktəbi başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. Həmin məktəbin 4-cü kurs tələbəsi olanda X2 leytenant rütbəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi Hissənin tərkibində erməni birləşmiş hərbçiləri tərəfindən işğal edilmiş Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il,24 iyun tarixli 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 2021-ci il 24 iyun tarixli 2713 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə medallarına layiq görülmüşdür. Bundan başqa Azərbaycan Respublikasınını Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri Klos Abbasovun 26 dekabr 2020-ci il tarixli əmri ilə Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında döyüş əməliyyatları zamanı üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirdiyinə və göstərdiyi xüsusi fədakarlığa görə fəxri fərmanla da təltif edilmişdir. Müharibədən sonra X8 təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmiş və Dövlət Attestasiya Komissiyasının 25 iyun 2021-ci il tarixli qərarı ilə ona “Xüsusi təyinatlı texnika və sistemlər” ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi (Bakalavr Diplomu) verilmişdir. Bundan başqa mərhum oğlu X1 Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən leytenant rütubəsində Orduda və Hərbi Dəniz Qüvvələrində tərbiyəvi işə rəhbərlik üzrə 002859 nömrəli Sertifikat da verilmişdir. Eyni zamanda X8 leytenant rütbəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun təlim və Tədris Mərkəzində dinləyici qismində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X7-1 təlim mərkəzində döyüş atışlı çalışmasını yerinə yetirərkən SPQ-9 silahının içində mərmi partlaması nəticəsində baş beyin diffuz travması (ölüm xidməti vəzifələrin icrası zamanı olmuşdur) səbəbindən həlak olmuşdur. X6 ölümünün səbəbəkarı Azərbaycan Ordusunun fəlim və Tədris Mərkəzinin silah və atış kafedrasının atıcı və zirehli texnika silahları silsiləsinin baş müəllimi, polkovnik-leytenant X3 xx.xx.2021-ci il tarixdə vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibət bəsləməsi nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, habelə, silahla davranış qaydalarını pozması və ehtiyatsızlıq etməsi olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarisnın 1-ci bəndində şəhid anlayışı verilmişdir. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.6.-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Sözügedən normanın dispozisiyasında “Şəhid” statusunun verilməsi üçün zəruri şərt döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı şəxsin həlak olması, itkin düşməsi və məhkəmənin qərarına ölmüş elan edilməsi əks edilmişdir. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər “şəhid” hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. Döyüş təminatının anlayışı “Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı”nın 8.2-ci maddəsinə əsasən Döyüş təminatı-briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərdir. Növləri: -Kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (meteoroloji) təminatı. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Bakı Hərbi Məhkəməsinin 11 may 2022-ci il tarixli 1-1(093)-79/2022 nömrəli hökmündən görünür ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin müvafiq dərs cədvəlinə uyğun olaraq 09 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən Ümumqoşun təlim mərkəziin “snayper” atış şəhərciyində atış çalışması yerinə yetirərərkən məşğələ rəhbəri tərəfindən silahla davranış qaydalarının pozulması nəticəsində “SPQ-9” markalı tank əleyhinə dəzgahlı qumbaraatan silahdan atəş açılması ilə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət nəticəsində X8 həlak olmuşdur. Beləliklə də, mərhum X6 həlak olması döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası ilə bağlı olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6.-cı bəndində təsbit edilən “şəhid" statusunun verilməsinə dair təsbit olunan əsaslar mövcud deyildir. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021ci il tarixdə vəfat etmiş X6 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan anası - İddiaçı2 (AZE********, xx.xx.2014 - Oğuz, FİN:xxxxxxx, d/t:01.11,1976) Oğuz rayonu Calud kəndində qeydiyyatda olan atası - İddiaçı1 (AZE********, xx.xx.2014 - Oğuz, FİN:xxxxxxx, d/t:xx.xx.1974) və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Reşpublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Oğuz rayon filialında olan 11000 manat birdəfəlik ödənişdən pul vəsaitindən, ibarətdir. - AZ-İİ 201521 nömrəli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X8 xx.xx.2021-ci ildə Bakı şəhərində Qaradağ rayonunda baş beynin diffuz travması nəticəsində həlak olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin xx.xx.2021-ci il tarixli 2672 nömrəli arayışdan görünür ki, X8 həqiqətən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində dinləyici qismində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X7-1 təlim mərkəzində döyüş atışlı çalışmasının yerinə yetirərkən SPQ-9 silahının içində mərmi partlaması nəticəsində baş beyin diffuz travması (ölüm xidməti vəzifələrin icrası zamanı olmuşdur) səbəbindən həlak olmuşdur. - Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-1(093)-79/2022 nömrəli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 342.1- 1 və 350.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 342.1-1-ci maddəsi ilə aylıq pul təminatından 10 % (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 350.2-ci maddəsi ilə aylıq pul təminatından 10 % (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 5 (beş) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə X4 qəti olaraq aylıq pul təminatından 10 % (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmişdir. Hökmün icrası təqsirləndirilən şəxs X3 xidmət etdiyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin komandanlığına həvalə edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.2.6-cı bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Bakı Hərbi Məhkəməsinin 11 may 2022-ci il tarixli 1-1(093)-79/2022 saylı hökmündən görünür ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin müvafiq dərs cədvəlinə uyğun olaraq 09 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən Ümumqoşun təlim mərkəzinin "snayper" atış şəhərciyində atış çalışması yerinə yetirərkən məşğələ rəhbəri tərəfindən silahla davranış qaydalarını pozulması nəticəsində "SPQ-9” markalı tank əleyhinə dəzgahlı qumbaraatan silahından atəş açılması ilə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət alan mərhum leytenant X8 həlak olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, mərhum leytenant X6 həlak olması döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə bağlı olmadığından, ona "Şəhid” statusunun verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə etirazında məhkəmə iclasının nümayənədəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2-ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı. Beləliklə iş materialları ilə müəyyən olunur ki, mərhum X8 xx.xx.1999-cu ildə doğulmuş, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində dinləyici qismində həqiqi hərbi xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X7-1 təlim mərkəzində döyüş atışlı çalışmasının yerinə yetirən zaman SPQ-9 silahının içində mərmi partlaması nəticəsində baş beyin diffuz travması (ölüm xidməti vəzifələrin icrası zamanı olmuşdur) səbəbindən həlak olmuşdur. Lakin, X11in hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. X11 xx.xx.2021-ci il tarixdə vəfat edərkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində hərbi hissənin döyüş təminatını (kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji)) və döyüş tapşırığını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 11 may 2022-ci il tarixli 1- 1(093)-79/2022 saylı hökmü ilə müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən Ümumqoşun təlim mərkəzinin "snayper" atış şəhərciyində atış çalışması yerinə yetirərkən məşğələ rəhbəri tərəfindən silahla davranış qaydalarını pozulması nəticəsində "SPQ-9” markalı tank əleyhinə dəzgahlı qumbaraatan silahından atəş açılması ilə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət alan mərhum leytenant X8 həlak olmuş, həmin hökmə əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 342.1-1 və 350.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib barəsində ittihamedici hökm çıxarılmışdır. Qeyd olunan fakt mərhumun hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi kimi qiymətləndirilsə də, onun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmir. Odur ki, cavabdeh orqan haqlı olaraq iddiaçıların müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X8 xidməti vəsifələrin icrası zamanı xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X7-1 təlim mərkəzində döyüş atışlı çalışmasını yerinə yetirərkən SPQ-9 silahının içində mərmi partlaması nəticəsində baş beyin diffuz travması ilə həlak olduğundan ona şəhidlik statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar