Məhkəmə qərarları › İş №2-1(116)-1066/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1066/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1066/2025 13.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) «torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Mingəçevir bələdiyyəsinin 29 aprel 2003-cü il tarixli 37/2 saylı qərarı ilə hazırkı İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə şəhərin “Energetik” yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin ayrılması barədə qərar qəbul olunarkən Mingəçevir ŞİH-in Memarlıq və tikinti şöbəsi rəsmi məktubla torpaq sahəsinin müvafiq şəxslərə, o cümlədən hazırkı iddiaçıya ayrılmasına etiraz etmədiyini bildirmişdir. Torpağın dəyəri bələdiyyənin bank hesabına köçürülmüşdür. İddiaçı həmin qərar əsasında ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 18 dekabr 2023-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını torpaq sahəsinin alqı-satqısına dair aktın olmaması ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 12 sentyabr 2024-cü il tarixli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı tələbini belə əsaslandırır ki, Mingəçevir şəhəri, “Energetik” yaşayış massivində yerləşən fərdi mənzil tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin mülkiyyətçisidir və 2003-cü ildən həmin sahədən yalnız o istifadə etmişdir. Sözügedən torpaq sahəsini Mingəçevir bələdiyyəsinin 29 aprel 2003-cü il tarixli 37/2 nömrəli qərarı və alqı-satqı aktı əsasında almışdır. Torpağın dəyərini bank vasitəsilə ödəmişdir. Bələdiyyənin əməkdaşları torpaq sahəsinin hüdudlarının yerində (naturada) müəyyən edilməsi barədə akt da tərtib etmişlər. Mingəçevir ŞİH Memarlıq və tikinti şöbəsindən müvafiq razılıq alınaraq, torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. İddiaçı həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina səbəbi kimi Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997ci il tarixli 534 nömrəli Fərmanının tələblərinə riayət olunmaması bildirilmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqan iddiaya etiraz edir. Qurumun mövqeyi belədir ki, İddiaçı ona satılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı İdarəyə müraciət etmiş, lakin «Torpaqların alqı-satqısı Qaydaları»na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmadığı və təsdiqlənmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsaslanaraq, İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması barədə iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Mingəçevir şəhəri ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin İddiaçı Mingəçevir bələdiyyəsinin 29 aprel 2003-cü il tarixli 37/2 saylı qərarı ilə satılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X2 çıxarışından görünür ki, Mingəçevir ŞİH Memarlıq və tikinti şöbəsi Mingəçevir bələdiyyəsinə qurumun 28 aprel 2003-cü il tarixli 150 saylı məktubuna cavab olaraq ünvanlanmış məktubunda şəhər sakinlərinin çoxsaylı müraciətlərini və təsdiq olunmuş Baş plandan çıxarışı nəzərə alaraq, AzDRES qəsəbəsi, Cəmil Əliyev küçəsində yeni salınmış “Energetik” yaşayış massivindən adları qeyd olunan vətəndaşlara (6.C.Əliyev küçəsi, ev 26, mənzil 19-da yaşayan İddiaçı) fərdi mənzil tikintisi və həyətyanı torpaq sahəsi üçün hər birinə 600 kv.m torpaq sahəsinin ayrılmasına etiraz olunmadığı bildirilmişdir. İş materiallarından görünür ki, Mingəçevir bələdiyyəsinin 29 aprel 2003-cü il tarixli 37/2 saylı qərarı ilə 1) Mingəçevir şəhərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1985-ci il tarixli 385 saylı qərarı ilə təsdiq edilmiş Baş planına əsasən tərtib edilmiş şəhərin sağ sahil hissəsinin müfəssəl planlaşdırma layihəsinə dəyişiklik edilərək klub tikintisi nəzərdə tutulmuş 2,24 ha ərazisi fərdi mənzil tikintisi üçün “Energetik” yaşayış massivi adlandırılmış və aşağıda adları qeyd olunan vətəndaşlara (İddiaçı) həmin yaşayış massivindən alqı-satqı əsasında fərdi mənzil tikintisi üçün torpaq sahələri ayrılmışdır; 2) C.Əliyev küçəsi, 26 saylı evin 19 saylı mənzilində yaşayan İddiaçı yeni salınmış “Energetik” yaşayış massivindən baş planda göstərilən 29 saylı yerdən torpağın dəyərinin ödənilməsi nəzərə alınaraq 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Mingəçevir bələdiyyəsinin əməkdaları və İddiaçı tərəfindən 1 may 2003-cü il tarixdə verilmiş torpaq sahəsinin hüdudlarının yerində (naturada) müəyyənləşdirilməsi aktı tərtib olunmuşdur. İş materiallarından görünür ki, Mingəçevir bələdiyyəsi, İddiaçı və şəhər torpaq şöbəsinin müdiri kimi göstərilən şəxs (X1 adlı) tərəfindən bələdiyyənin 29 aprel 2003-cü il tarixli 37/2 saylı qərarı ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinə dair torpaqların alqısatqısına dair akt tərtib olunmuş, akt DTXK tərəfindən qeydə alınmamış və təsdiqlənməmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 24 aprel 2003-cü il tarixdə Mingəçevir bələdiyyəsinin hesabına ödəniş təyinatı torpaq satılması olmaqla 1.800.000 manat pul vəsaiti ödənilmişdir. Məhkəmənin müvafiq müraciətinə əsasən iş üzrə DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsindən alınmış mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: - İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Mingəçevir bələdiyyəsinin 29 aprel 2003-cü il tarixli 37/2 saylı iclasının qərarı ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin (ilkin torpaqayırma sxemində) dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən, həmçinin elektron məlumat bazasında mövcud olmadığından, məlumatların təqdim edilməsi mümkün olmamışdır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin salahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa subyektlərin torpaq sahəsi ilə üst-üstə düşmür. Mingəçevir bələdiyyəsinin 29 aprel 2003-cü il tarixli 37/2 nömrəli iclasının qərarı ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin (ilkin torpaqayırma sxemində) dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən, həmçinin elektron məlumat bazasında mövcud olmadığından, sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Mingəçevir bələdyyəsinin 29 aprel 2003-cü il tarixli 37/2 saylı qərarı 600 kv.m torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Mingəçevir bələdiyyəsinin 29 aprel 2003-cü il tarixli 37/2 saylı qərarının ona aid hissəsinə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış 0,06 ha torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar tam və ya müvafiq hissədə ləğv edilmədiyindən, geri çağırılmadığından və ya etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın və ya onun iddiaçıya aid hissəsinin həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, iddia olunan torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin alqı-satqına dair akt”ın DTXKnın yerli şöbəsi tərəfindən təsdiq edilməmişdir. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Mingəçevir bələdiyyəsinin mötəbər sayılan 29 aprel 2003-cü il tarixli 37/2 saylı qərarına əsasən iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması, eləcə də yaşayış məntəqəsi torpaqlarına aid olması, digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməməsi təsdiqlənir. İddiaçıya aid torpaq sahəsinin dəqiq koordinatlarının olmaması səbəbindən mütəxəsis qarşısında qoyulmuş bəzi xüsusatların cavablandırılmasının mümkün olmaması məsələsinə gəldikdə isə məhkəmə vurğulayır ki, Mingəçevir bələdiyyəsinin 29 aprel 2003cü il tarixli 37/2 saylı qərarının müvafiq bəndinə hazırkı İddiaçı fərdi mənzil tikintisi məqsədilə 600 kv.m torpaq sahəsinin şəhərin yeni salınmış “Energetik” yaşayış massivindən baş planda göstərilən 29 saylı yerdən ayrılması nəzərdə tutulmuşdur. Bu xüsusatın araşdırılması cavabdeh inzibati orqanın səlahiyyətləri çərçivəsində (torpaq sahəsinin yerinin müəyyən edilməsi üzrə mərzçəkmə işlərinin aparılması, müvafiq uyğunsuzluqların aradan qaldırılması və s.) mümkün olduğundan, hazırkı iş üzrə mübahisələndirilən hal olmadığından, məhkəmə bunu müvafiq torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatından imtina üçün səbəb saymır. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, İddiaçı Mingəçevir bələdiyyəsinin 29 aprel 2003-cü il tarixli 37/2 saylı qərarı ilə ayrılan torpaq sahəsi ilə bağlı tərtob olunmuş “Torpaq sahəsinin alqı-satqısına dair akt”ı DTXK-nın yerli qurumu tərəfindən təsdiq edilməsə də, təsdiqlənməsi tələb olunan bu akt torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil. Mingəçevir bələdiyyəsinin 29 aprel 2003-cü il tarixli 37/2 saylı qərarının qəbulu üzrə alqı-satqı aktının təsdiq olunmaması inzibati akt kimi həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Mingəçevir bələdiyyəsinin 29 aprel 2003-cü il tarixli 37/2 saylı qərarı ilə ona satılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi İddiaçı müraciəti üzrə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Mingəçevir şəhəri, AzDRES qəsəbəsi, “Energetik” yaşayış massivində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Mingəçevir şəhəri, AzDRES qəsəbəsi, “Energetik” yaşayış massivində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar