Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1068/2023 13.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçı cavabdeh Yevlax Rayon İcra Hakimiyyətinə qarşı “artıq ödənilmiş pul vəsaiti ilə bağlı araşdırılma aparılması,günahkar şəxslərin cəzalandrıılması,ödəniləcək məbləğin hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsi” dair iddia ərizəsinə və iş materiallarına məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “zərərin həcminin müəyyənləşdirilməsinə və tutqunun hissə-hissə ödənilməsinə dair” qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Ordusunun mayor rütbəli ehtiyatda olan zabitdir. 2018-ci ilin yanvar ayında Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Hərbi Xitmətkeçmə Haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil uçotuna götürülmək və müvəqqəti mənzil kirayə haqqı ilə təmin edilmək məqədi ilə həmin zaman qeydiyyatda olduğu Yevlax Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Yevlax Rayon İcra Hakimiyyətinin başçısının Sərəncamına əsasən ona mənzillə təmin olunanadək kirayə pulunun ödənilməsinə dair sərəncam imzalanmışdır. 2018-ci ilin iyun ayından 2022-ci ilin iyun ayınadək ona kirayə pulu ödənilmişdir. Lakin keçən ilin iyul ayında cavabdeh orqan ödənişi dayandıraraq bütün müddət ərzində ona ödənilən pulu geri tələb etməyə başlamışdır. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə hüquqi yardım barədə məktub göndərilərək izah olunmuşdur ki, qaldırılmış iddia İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. Hazırkı iddia ərizəsinə əsasən iddia tələbi Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli qərarına əsasən artıq ödənilmiş 9379,50 manat məbləğində kirayə xərcinin hissə-hissə ödənilməsi,həmçinin dəqiq məbləğin müəyyən edilməsi olmaqla iki hissədən ibarətdir: İddiaçıya izah olunmuşdur ki,hazırkı iddia ərizəsi üzrə tələbin birinci hissəsi zərərin həcminin müəyyən edilməsi, ikinci hissəsi həmin məbləğin hissə-hissə ödənilməsindən ibarətdir. Tələbin birinci hissəsi ilə əlaqədar iddiaçı inzibati aktda göstərilən məbləğin dəyişdirilməsi və ya qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldıra bilər. Tələbin ikinci hissəsi ilə əlaqədar “İnzibati icraat” haqqında Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 82-ci maddəsi: 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edilərək iddia tələbi “artıq ödənilmiş pul vəsaiti ilə bağlı araşdırılma aparılması,günahkar şəxslərin cəzalandırılması və ödəniləcək məbləğin hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Təqdim olunmuş iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə və əlavə olunmuş sənədlərə əsasən məhkəmə hesab edir ki,iddia mümkün hesab edilməməlidir. Hazırkı iddia tələbində göstərilən tələblər inzibati mühakimə araşdırmasının predmeti deyildir.Belə ki,iddiaçı inzibati orqanın qərarına münasibətdə qərarın dəyişdirilməsi və ya ləğv edilməsinə dair tələb irəli sürməmişdir.İlkin iddia ərizəsindən və hüquqi yardım təqdim olunduqdan sonrakı tələbin dəyişdirilməsi barədə ərizədən iddiaçının hüquqi marağının ödənilməli pul vəsaitinin hissə-hissə ödənilməsindən ibarət olduğu müəyyən olunur.Ödəniləcək məbləğin hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən,bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Yevlax Rayon İcra Hakimiyyətinə qarşı “artıq ödənilmiş pul vəsaiti ilə bağlı araşdırılma aparılması,günahkar şəxslərin cəzalandırılması və ödəniləcək məbləğin hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1068/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1068/2023
13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver