Məhkəmə qərarları › İş №2-1(116)-1069/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1069/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1069/2021 14.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi atası X3 adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəki Şəhər İcra Hakimiyyəti başçısının 19.04.1993-cü il tarixli 1/469 nömrəli sərəncamına əsasən, ünvan 4 ictimai yaşayış binasının 20,9 kv.m yaşayış sahəsi olan iki otaqlı mənzilinin pulsuz olaraq X3 şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. Həmin ünvanda yerləşən yaşayış evi Şəki Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən X3 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ona bu barədə Qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının atası X6 01.01.2008-ci ildə vəfat etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, atası X4 məxsus Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh 27.05.2021-ci il tarixli **********99 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sözügedən mənzil "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ictimai mənzil fondundan özəlləşdirildiyinə görə fərdi yaşayış evi kimi qeydiyyata alınması mümkün deyil. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, Milli Arxiv İdarəsinin Şəki filialı tərəfindən təqdim edilmiş arxiv sənədlərindən aydın olduğu kimi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətində olan fərdi yaşayış evi mənzil kimi qeydiyyata alınsa da, arxiv sənədlərində qeyd edilən ünvan məlumatlarına əsasən, yaşayış sahəsinin mənzil deyil, fərdi yaşayış evi olduğu açıq-aşkar görünür. Onun ərizəsinə əlavə etdiyi arayışdan görünür ki, yaşadıqları evin ünvan məlumatlarında mənzil olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir, əksinə, fərdi yaşayış evi olmasını təsdiqləyən ünvan məlumatları qeyd edilmişdir. Cavabdeh iddiaya qarşı 01.07.2021-ci il tarixli **********47 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, Ərazi İdarəsinin arxiv materiallarında sözügedən ünvanda yerləşən mənzillə bağlı Şəki Şəhər İcra Hakimiyyəti başçısının 19.04.1993-cü il tarixli 1/469 nömrəli sərəncamından çıxarış, 23.04.1993-cü il tarixli evin bəxşiş edilməsi müqaviləsi və mənzilə dair qeydiyyat vəsiqəsi barədə məlumat mövcuddur. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Şəki şəhəri 19-cu rayon M.Ə.Rəsulzadə küçəsi ev 307 ünvanında yerləşən yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi atası X3 adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 29.11.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçıya şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, gəlmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 19.04.1993-cü il tarixli 1/469 nömrəli sərəncamından görünür ki, ünvan 4 ictimai yaşayış binasının 20,9 kv.m yaşayış sahəsi olan iki otaqlı mənzilinin pulsuz olaraq X3 şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. - İşdə olan, Qeydiyyat vəsiqəsindən görünür ki, Şəki Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən Şəki şəhəri 19-cu rayon M.Ə.Rəsulzadə küçəsi 307 ünvanında yerləşən yaşayış evi X3 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - İşdə olan, AZ-İ seriyalı 282745 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X6 01.01.2008-ci ildə vəfat etmişdir. - İşdə olan, cavabdehin 27.05.2021-ci il tarixli **********99 nömrəli imtina məktubundan görünür ki, sözügedən mənzil "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ictimai mənzil fondundan özəlləşdirildiyinə görə fərdi yaşayış evi kimi qeydiyyata alınması mümkün deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.1.1-ci və 13.1.2-ci maddələrinə əsasən, həm yaşayış evi, həm də mənzil yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 13.2-ci maddəsində deyilir ki, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsində isə deyilir ki, bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Göründüyü kimi, yaşayış sahəsinin mənzil, yaxud da yaşayış evi hesab edilməsi üçün meyar kimi Mənzil Məcəlləsində konkret texniki göstəricilər nəzərdə tutulmuşdur. Sözügedən ünvanda yerləşən yaşayış sahəsinin bu meyarlardan hansına cavab verməsi, yəni mənzil, yoxsa yaşayış evi hesab edilməsinin müəyyən olunması üçün məhkəmənin 13.07.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: - ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci və 13.3-cü maddələrinin tələbinə görə, mənzil hesab edilir, yoxsa yaşayış evi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 15.11.2021-ci il tarixli 10/3820 nömrəli ekspert rəyindən məlum oldu ki, ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinə əsasən, yaşayış evidir. Göründüyü kimi, ekspert rəyi ilə ünvan 4 ünvanda yerləşən yaşayış sahəsinin mənzil deyil, yaşayış evi olduğu təsdiq edildi. Məhkəmə hesab edir ki, belə olan halda, həmin yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində məhz yaşayış evi kimi qeydiyyata alınmalıdır və cavabdeh iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır. Cavabdehin imtinasının və etirazının dəlili bundan ibarətdir ki, sözügedən mənzil "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ictimai mənzil fondundan özəlləşdirildiyinə görə fərdi yaşayış evi kimi qeydiyyata alınması mümkün deyil. Lakin məhkəmə bununla razılaşmır və qeyd edir ki, sözügedən yaşayış sahəsinin özəlləşdirmədən əvvəl ictimai mənzil fonduna aid olması həmin yaşayış sahəsinin məhz mənzil olması mənasını vermir. Belə ki, həmin Qanunun 1-ci maddəsinə görə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göründüyü kimi, sözügedən Qanunda yalnız mənzillərin deyil, həm də evlərin özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdehin dəlili tamamilə əsassızdır. Beləliklə, məhkəmə yekunda bu qənaətə gəldi ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsində deyilir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğuna görə məhkəmə hesab edir ki, prosessual xərclər cavabdehə aid edilməli, məhkəmə tikinti-texniki ekspertizası xərcini təşkil edən 50 manat məbləğində pul cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Şəki şəhəri 19-cu rayon M.Ə.Rəsulzadə küçəsi ev 307 ünvanında yerləşən yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində yaşayış evi kimi İddiaçı atası X3 adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulsun. Prosessual xərclər cavabdehə aid edilsin, məhkəmə tikinti-texniki ekspertizası xərcini təşkil edən 50 manat məbləğində pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar