Məhkəmə qərarları › İş №2-1(116)-107/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-107/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-107/2024 04.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “23 mart 2006-cı il tarixli JN-1112A kod 40501004 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi və Oğuz şəhəri Təbriz küçəsi ev 17 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1470 kv.metr həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq onun adına Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “23 mart 2006cı il tarixli JN-1112A KOD 40501004 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi və Oğuz şəhəri Təbriz küçəsi ev 17 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1641 kv.metr həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq onun adına Dövlət reyestrindən Çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1283/2023 nömrəli qərardadı ilə X8 və Oğuz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. İddiaçı, məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “23 mart 2006-cı il tarixli JN- 1112A kod 40501004 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi və Oğuz şəhəri Təbriz küçəsi ev 17 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1470 kv.metr həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq onun adına Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı, cavabdeh orqana müraciət edərək Oğuz şəhəri Təbriz küçəsi ev 17 ünvanda yerləşən evinə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu vahid daşınmaz əmlak kimi qeydiyyata alaraq çıxarış verilməsini xahiş etmişdir. İdarədən 25 yanvar 2023-cü il tarixli 3-21-3-42/2-F-0001-8/2023 nömrəli məktubla ona imtina verilmişdir. Həmin imtinanın əsası kimi Oğuz rayonunda islahat aparılan zaman ona məxsus evin həyətyanı torpaq sahəsinə X5 adına JN-1112A KOD 40501004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə aair Şəhadətnamənin mövcud olması göstərilmişdir. Bu səbəbdən də, o cavabdeh orqana müraciət edərək 23 mart 2006-cı il tarixli, JN- 1112A KOD 40501004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin ləğv edilməsini, Oğuz şəhəri Təbriz küçəsi ev 17 ünvanda yerləşən ona məxsus evə və həmin evin yerləşdiyi 1641 kv.metr həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarış verilməsini xahiş etmişdir. İdarədən verilmiş cavab məktubunda şəhadətnamənin ləğv edilməsinin onların səlahiyyətində olmadığı bildirilmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X5 adına tərtib edilmiş JN-1112 A saylı torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən tərdi yaşayış evinin və həmin evin yerləşdiyi 1641 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınması ilə bağlı bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. X5 və ailə üzvlərinin adına verilmiş JN-1112A saylı Şəhadətnamənin ləğv edilərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 1641 kv.metr həyətyanı torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması ‘Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-4823/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən aşağıdakılar müəyyən olunur:

1. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,1470 ha torpaq sahəsinin 0,06 ha hissəsi “Torpağın mülkiyyət verilməsinə dair" Şəhadətnaməyə (1112A) əsasən X5 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinə, 0,0630 ha hissəsi kateqoriyası yaşayış məntəqələrinin torpaqları uqodiyası çoxillik əkmələr olan Bələdiyyə mülkiyyətinə, 0,0218 ha hissəsi A 389597 nömrəli X3 adına tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən 0,06 ha torpaq sahəsi ilə və 0,0022 ha hissəsi isə yol yeri ilə üst-üstə düşür. Yeni tərtib olunmuş elektron uçot məlumatlarına (TEKUİS) əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi Bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsinin koordinatları yerquruluşu planlarında göstərilmişdir.

2. İddia olunan torpaq sahəsi JN 1112A nömrəli şəhadətnamədə və may 1963-cü il tarixli 402 inventar nömrəli texniki-pasportda qeyd edilmiş torpaq sahəsi ilə eyni ərazidir.

3. May 1963-cü il tarixli 402 inventar nömrəli texniki-pasportda qeyd edilmiş Vartaşen rayonu S.Vurğun küçəsi döngə 6 ev 8 ünvanı ilə 177472 nömrəli müqavilədə göstərilən ünvan 2ynidir.

4. May 1963-cü il tarixli 402 inventar nömrəli texniki-pasportda qeyd edilmiş torpaq sahəsinə dair yerquruluşu planı olmadığı üçün xüsusiyyətləri barədə məlumat verilməsi mümkün deyildir.

5. JN 1112A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi may 1963-cü il tarixli 402 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin situasiya planına əsasən eyni ərazidir. - JN-1112A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə X7 0,06 ha torpaq sahəsi ayrılmışdır. - 1611 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən sahəsi 49,2 kv.m olan 2 yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2003-cü il tarixdə qeydə alınmışdır. - xx.xx.2003-cü il tarixli 177472 nömrəli müqavilədən görünür ki, X2 rayon İnventar bürosunun verdiyi xx.xx.2003-cü il, 35 №li forma № 1-ə və xx.xx.2003-cü il tarixli 1611 №li qeydəalma vəsiqəsinə əsasən ona məxsus olan ünvan 4 №-də 63 kv.metr ümumi sahəsi, 49,2 kv.metr əsas yaşayış sahəsi, 13,8 kv.metr köməkçi sahəsi olan iki otaqdan ibarət yaşayış evini vətəndaş İddiaçı satmışdır. - 1963-cü ilin avqust ayında tərtib edilmiş 402 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"dan görünür ki, həmin sənəd ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir, torpaq sahəsinin ölçüsü 1641 kv.m qeyd edilmişdir.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2003-cü il tarixli, 177472 nömrəli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu: 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportların (1.11) hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu qeyd edilmişdir. İddia tələbindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir: - X5 adına verilmiş JN-1112A saylı Şəhadətnamənin ləğv edilməsi, - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, - ünvan 1 ünvanında yerləşən 1470 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması. Cavabdeh orqan, tələbdə qeyd olunan məsələrlə bağlı səlahiyyətinin olmamasına istinad edərək müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı və üçüncü şəxslər arasında iddianın predmeti ilə bağlı mübahisə yoxdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı, xx.xx.2003-cü il tarixli, 177472 nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 4 ünvanında yerləşən iki otaqdan ibarət yaşayış evini X4 alqı-satqı qaydasında almışdır. Sözügedən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü müqavilədə 1641 kv.m qeyd edilmişdir. Satılan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair tərtib edilmiş JN-1112A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə xx.xx.2006-cı ildə, yəni alqısatqı müqaviləsi bağlandıqdan 2 ildən artıq müddət keçdikdən sonra hazırlanmış və həmin Şəhadətnamənin Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı əsasında verildiyi qeyd edilmişdir. Belə ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə Dadaş Osmanova 0,06 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, JN-1112A №-li Şəhadətnamə hazırlanarkən artıq sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin Dadaş Osmanov tərəfindən özgəninkiləşdirilməsi nəzərə alınmamışdır. Göründüyü kimi cavabdeh orqanın JN-1112A №-li Şəhadətnamə bütövlükdə Dadaş Osmanovun adına tərtib edilməsində ifadə olunan faktiki xarakterli hərəkətləri mahiyyət etibarilə əsassız olduğundan, iddiaçı həmin şəhadətnamənin ləğvini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddia olunan torpaq sahəsinin əvvəlki qanuni sahibinin Dadaş Osmanov olması işdə olan "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"la sübut olunur. Həmin torpaq sahəsi Dadaş Osmanovun qanuni istifadəsində olduğundan fərdi yaşayış evinin satılması ilə bərabər faktiki olaraq onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqlar da, iddiaçıya ötürülmüşdür. Alqı-satqı müqaviləsi bağlanan zaman və sənədləşmə işləri aparılarkən JN-1112A №-li Şəhadətnamə tərtib edilmədiyindən, eləcə də həmin şəhadətnamədə qeyd edilməyən qalan torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd mövcud olmadığından, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı müddəa müqavilədə qeyd edilməmişdir. Əslində isə Dadaş Osmanov müqavilədə qeyd edilmiş fərdi yaşayış evini torpaq sahəsi ilə birgə iddiaçıya satmış, onun qanuni istifadəsində olmuş torpaq sahəsi faktiki olaraq iddiaçının mülkiyətinə verilmişdir. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, Dadaş Osmanovun torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması üçün istinad olunan Fərmanın 1.11-ci bəndində nəzərdə tutulmuş sənədlər mövcud olduğundan və müqavilədə ayrı qayda nəzərdə tutulmadığından, fərdi yaşayış ilə barəbər, tikilinin yerləşdiyi torpaq sahəsinə münasibətdə iddiaçıya keçmiş mülkiyyət hüququ da, tam həcmdə olmuşdur. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da, həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. İnzibati işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı iddiaçı və Dadaş Osmanov arasında alqı-satqı müqaviləsi bağlandığı vaxtdan etibarən torpaq sahəsi iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. Alqı-satqı müqaviləsi ötən müddət ərzində mübahisələndirilməmiş, həmçinin tərəflər arasında sözügedən torpaq sahəsindən istifadə ilə bağlı hər hansı mübahisə və məhkəmə çəkişməsi olmamışdır. Bununla da, torpaq sahəsinə münasibətdə iddiaçının uzun müddət ərzində əşyadan əqd üzrə öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz edilməmişdir. İddia olunan torpaq sahəsinin 0,0218 ha hissəsinin A 389597 nömrəli X3 adına tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının nümayəndəsi həm də, X3 etibarnamə üzrə nümayəndəsi və vəkili olmuşdur. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, faktiki olaraq X8 istifadəsində olan və plan-ölçü sənədinin tərtib edildiyi torpaq sahəsini İddiaçı şifahi alqı-satqı qaydasında almış, Bayram Vahabovun adına tərtib edilmiş sənədlərdə (JN2129A №-li Şəhadətnamədə və A389597 №-li plan-ölçü sənədində) torpaq sahəsinin Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli, 75 nömrəli qərarı əsasında ayrılması qeyd edilmişdir. Məhkəmə tərəfindən X6 torpaq islahatı zamanı ayrılmış torpaq sahələri tədqiq edilərkən müəyyən edilmişdir ki, torpaq islahatı zamanı ona faktiki olaraq Oğuz şəhərində yox, Oğuz rayonu Qumlaq kəndində həyətyanı torpaq sahəsi ayrılmışdır. Nəzərə alınmalıdır ki, X3 adına tərtib edilmiş JN-2129A №-li Şəhadətnamədə elektron bazada əks olunmamış, texniki sənəd olan A389597 №-li plan-ölçü sənədi isə ümumiyyətlə fərqli konfiqurasiyada göstərilmişdir. Hazırda da, iddia olunan torpaq sahəsi yeni tərtib olunmuş elektron uçot məlumatlarına (TEKUİS) əsasən bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. İddia olunan torpaq sahəsinin 0,0022 ha hissəsinin yol yeri ilə üst-üstə düşməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, torpaq sahəsinin həmin hissəsi uzun illərdən bəri iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin fiziki sərhədləri daxilində olmuş və iş üzrə üçüncü şəxs Oğuz bələdiyyəsi tərəfindən ötən müddət ərzində mübahisələndirilməmişdir. İddia olunan fərdi yaşayış evinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının adına tərtib edilmiş 1611 nömrəli Qeydiyyat vəsiqəsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.5-ci maddəsinin tələbləri baxımından sözügedən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilməsi üçün birbaşa hüquqi əsasdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə 23 mart 2006-cı il tarixli JN-1112A kod 40501004 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi və Oğuz şəhəri Təbriz küçəsi ev 17 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 1470 kv.metr həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnu qeydiyyata alaraq onun adına Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar